“Formula-1” üzrə dünya çempionatında 2023-cü ildə yarışacaq maşınların çəkisi dəyişməyəcək. Ötən il yeni nəsil bolidlərinin işə düşməsi ilə minimal çəki 749 kq-dan 798 kq-a qalxmışdı. Yeni mövsümdən isə çəkinin 796 kq olacağı gözlənilirdi.
Football-plus.az xəbər verir ki, “Formula-1”in texniki məsləhət şurasının son iclasında bu yöndə fərqli fikirlər səslənib: bəzi komandalar limitin 797 kq-a endirilməsini, bəziləri isə 799 kq-a çatdırılmasını istəyib. Nəticədə qərara alınıb ki, bolidlərin minimal çəkisi ötən mövsümdə olduğu kimi, 2023-də də 798 kq qalsın.
Bu arada “Formula-1” üzrə dünya çempionatının sahibi olan “Liberty Media” şirkətinin Məhəmməd bin Sulayemi Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti postundan uzaqlaşdırmaq istədiyi haqda xəbərlər yayılıb. Guya “Liberty Media” onun qurumun kommersiya fəaliyyətinə qarışmaq cəhdindən hədsiz narazıdı. Və prezidentin istefası ilə bağlı təşəbbüsü başlatmaq niyyətindədi.
Deyilənə görə, “Liberty Media” BAR və “Benetton” komandalarının sabiq rəhbəri, “Motorsport”un prezidenti Devid Riçarsı bu posta gətirmək niyyətindədi. Ancaq Bin Sulayemi postundan uzaqlaşdırmaq prosedurunun işə düşməsi üçün onun ciddi qanun pozuntularına yol verməsi ilə bağlı sübutlar lazımdı.