Football-plus.az səyahətin əsas məqsədi VAR sisteminin çempionatımızda tətbiqini genişləndirmək və yaxşılaşdırmaq üçün xüsusi maşınların alınmasıyla bağlı idi.
Belə ki, elita klublarının bəzilərinin stadionlarında VAR otağının olmaması üzündən mübahisəli epizodlara VAR-ın quraşdırıldığı maşınlarda baxılır. Belə maşınların sayı isə birdi. Bu üzdən hansısa oyun üst-üstə düşəndə çətinlik yaranır. Yəni əlavə maşının alınması zəruridi.
Maraqlıdı, Elxan Səmədovun Almaniya səfərinin nəticəsi necə olub? Bu suala aydınlıq gətirmək üçün PFL-in media və marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq:
"Elxan Səmədovun səfərində əsas məqsəd daha bir VAR maşınının (stasionar) əldə edilməsi ilə bağlı danışıq aparmaq idi. Bildiyiniz kimi, hələ ki bu cür bir maşın var. Artıma nail olunsa, növbəti mövsüm VAR tətbiq olunan oyunların sayını artırmaq mümkün olacaq. Bununla yanaşı, bir gündə regionlarda iki görüş keçirilərkən belə çətinliklər yaşanmayacaq. Sadəcə, VAR maşınının əldə olunması qısa zaman kəsiyində mümkünsüzdü. Proses zaman tələb edir. Elxan müəllim həm də prosesi sürətləndirmək üçün səfər etmişdi. Onu deyə bilərəm ki, görüşlər uğurlu nəticələnib və hansısa problem yoxdu".
ABDULLA İSMAYILOĞLU


