Araz Abdullayev yenidən legioner həyatı yaşamaq istəyir - MÜSAHİBƏ

24.08.2022 14:15 691
Ölkə futbolu / Manşet
"Zirə" - "Sumqayıt" matçından sonra qonaqların futbolçusu Araz Abdullayevlə ayaqüstü söhbətləşdik.

Təcrübəli yarımmüdafiəçi həm oyunla bağlı fikirlərini bölüşdü, həm də bizi maraqlandıran başqa suallara cavab verdi.

- "Zirə" ilə oyunla bağlı nə deyə bilərsən?

- Çempionata yaxşı başlamamışdıq. İki matçda məğlub olmuşduq. "Zirə" ilə oyunda dönüş etmək, ən azı 1 xal qazanmaq istəyirdik. Sevindirici haldı ki, ilk xalımızı qazandıq. Oyunumuz da pis alınmadı. Əslində 2-ci turda "Qarabağ"la matçda da yaxşı çıxış etmişdik. Sadəcə, uzatma dəqiqələrində buraxdığımız qollarla üzüldük. Düşünürəm ki, bu gün qazandığımız ilk xal növbəti matçlar üçün motivasiya olacaq.

- Qarşınıza hansı hədəflər qoyulub?

- Biz hər oyuna maksimum nəticə üçün çıxırıq. Məqsədimiz yaxşı oyun nümayiş etdirib daha çox xal toplamaqdı. Ən azı meydanda komanda ruhu göstərməklə sona qədər mübarizə aparacağıq.

- Hazırkı formandan razısan?

- Yox, hələ üzərimdə çox işləməli və “artırmalıyam”. Bunun üçün məşqlərdə maksimum güc sərf edirəm.

- Yenidən legioner həyatı yaşamaq haqda düşünürsən?

- Gələcəkdə yaxşı təkliflər olsa, bu barədə düşünəcəm. Yenidən legioner həyatı yaşamaq istəyərəm

- Səni yenidən yığmada görə bilərik?

- Həmişə yığmaya dəvət gözləyirəm. Çağırsalar, can-başla oynamağa hazıram.

ABDULLA İSMAYILOĞLU