Yanal Raminin şok ittihamına cavab verdi

26.07.2022 21:41 370
Dünya futbolu
Türkiyənin tanınmış mütəxəssislərindən olan və hələ ki, ''Fənərbaxça''ya son çempionluğunu yaşadan Ərsun Yanal Adil Raminin cavabını verib.

Football-plus.az xəbər verir ki, son günlərdə tanınmış futbolçunun verdiyi bir açıqlama Türkiyə mətbuatının gündəminə bomba kimi düşmüşdü.

İddiaya görə təcrübəli müdafiəçi qatıldığı bir verilişdə ''Fənərbaxça''da oynadığı dönəmdə baş məşqçinin onu bilərəkdən oynatmadığını dilə gətirmişdi. Guya bir menecer Ramiyə deyibmiş ki, onun şəxsi meneceri türk olmadığına görə ''Fənər''də ona şans verilməyib. Guya türk menecer olanda baş məşqçi ilə birləşərək bonusları yarı bölürlər. Ona görə də məşqçi həmin menecerin oyunçusunu oynadır. Raminin meneceri isə onun öz bacısı idi. Hərçənd 35 yaşlı futbolçunun bu sözləri hansı verilişdə söylədiyi bilinmir. Rami ''Fənər''də 2019/20 mövsümündə top qovub. Həmin vaxt baş məşqçi Ərsun Yanal olduğundan bu ittihamlar birbaşa ona yönəlir. Amma Yanal ittihamları qəbul etməyərək sosial şəbəkədə verdiyi yazılı açıqlamada bunları deyib:

''Adil Raminin bir menecer ilə söhbətini bunun qurbanı olmuş bir şəxs kimi danışması və mətbuatın da bunu olmuş hadisə kimi qələmə verməsi təəssüf ki, Türkiyə futbolunda və idman mediasında gəldiyimiz nöqtənin qısa icmalıdı. İşini dürüst və vicdanlı şəkildə yerinə yetirən jurnalistləri bir kənara qoyub digərlərinə demək istəyirəm ki, haqlı olanın qapısı yıxıla bilməz. Bunu yadda saxlayın. Türkiyəli məşqçilərin adından həm Adil Ramiyə, həm də bu açıqlamaların reallıqla əlaqəsinin olub-olmadığını araşdırmadan onları ictimaiyyətə çatdıran hər kəsə qarşı öz haqqımı sona qədər qoruyacam! Ümid edirəm ki, bizi təmsil edən qurumlar da bu məsələdə bizim yanımızda olacaq''.