Seriyanın 4-cü oyununda da “Edmonton”a heç bir şans verməyən “Evelanş” 2001-ci ildən bəri ilk dəfə Stenli kubokunun finalında oynayacaq. Rəqib isə “Tampa-Bey” – “Reyncers” cütünün qalibi olacaq. Ümumiyyətlə, “Kolorado” ilə bağlı çox maraqlı bir statistika var. Yalnız bu komanda heç vaxt Stenli kubokunun finalında uduzmayıb – 1996-cı ildə “Florida” (4:0), 2001-ci ildə isə “Nyu-Cersi” məğlub edilib.
Və daha bir maraqlı məqam: Stenli kubokunun cari mövsümündə ardıcıl 7-ci səfər qələbəsini qazanan “Kolorado” 1999-cu ildəki rekordunu təkrarladı.
Ardıcıl 7 səfər qələbəsi pley-off rekordu deyil. “Aylenders” (1980, 1982) və “Çikaqo” (2010) da vaxtilə bu nəticəni göstərib. Bu göstəricidə mütləq rekord “Los-Anceles”ə məxsusdu. “Kinqz” 2012-də səfərdə ardıcıl 10 qələbə qazanıb və elə həmin il Stenli kubokunun da qalibi olub.
“Kolorado”ya məğlub olmaqla Stenli kuboku uğrunda mübarizəni dayandıran “Edmonton”un hücumçusu Leon Drayzaytlın oyunsonrası fikirləri:
“Bu nöqtəyə gəlib çatdığımıza görə qürur duyuram. Düşünmürəm ki, kimsə bizi konfrans finalında gözləyirdi. Biz isə belə nəticəni gözləyirdik və arzulayırdıq, irəli getmək istəyirdik. Komanda ilə fəxr edir, eyni zamanda bu hesabla uduzduğumuza görə təəssüflənirəm. Əmin olmaq lazımdı ki, növbəti mövsüm yenidən qayıdacaq və daha irəli getməyə çalışacağıq”.
“Kolorado”nun baş məşqçisi Cared Bednarın qələbə şərhi:
“Xüsusən də 2-ci periodda yaxşı oynamadıq, bir neçə səhvə yol verdik. 2-ci perioddan sonra uşaqlarla ciddi söhbətimiz oldu. Əmin olmaq istəyirdim ki, öz oyunumuzu oynaya bilərik. Dözüm, inam köməyimizə çatdı. Stenli kubokunu qazanmaq çətindi, bu tükənənə qədər savaş deməkdi. Heç bir komanda bu yolu eniş-yoxuşsuz, zədəsiz adlaya bilməz. Bütün bunların öhdəsindən gələn komandalar sonda hədəfinə çatır. Və ya ən azı finalda oynayır”.
Bu arada “Boston”un rəsmi saytı baş məşqçi Bryus Kessidinin postunu tərk etməsi haqda xəbər yayıb. Klubun baş meneceri Don Suininin fikirləri:
“Kessidiyə baş məşqçini dəyişdiyimizi xəbər verdim. 14 illik birgə işdən sonra bu hədsiz çətin qərar oldu. Bryusa gördüyü işə görə təşəkkür etmək istəyirəm. Onun gördüyü işlər adamı valeh edir. Bir peşəkar kimi ona minnətdarıq”.
Kessidi 2017-nin fevralından “sükan arxasında” idi. Komanda onun rəhbərliyi altında keçirdiyi 5 mövsümün hər birində pley-offa adlayıb, 2019-un finalında “Sent-Luis”ə uduzub. Son mövsümdə isə pley-offun ilk mərhələsində “Karolona” “Boston”u məğlub edib.

