"Football-plus.az" xəbər verir ki, məhz bu sərəncamdan sonra 61 il əvvəl inşa olunan arena yenidən qurulmağa başladı. Geridə qalan müddətdə tikinti işləri, demək olar, yekunlaşıb. Oturacaqların, işıq və səs sistemlərinin, monitorun quraşdırılması, meydana ot döşənməsi mərhələsində isə işlər gözlənilmədən dayandırıldı. Ara-sıra stadionda 5-6 işçi gözə dəysə də, onlar yalnız ərazinin təmizlənməsi ilə məşğul idi. Təxminən iki ay əvvəl “Mehdi Hüseynzadə”nin direktoru Nadir Quliyevlə əlaqə saxlayıb, “işlər nə vaxt davam etdiriləcək” sualını verdikdə, “hələ ki bu yöndə bir xəbər yoxdu, biz də gözləyirik” söyləmişdi.
Ancaq bugünlərdə redaksiyamıza daxil olan məlumata görə artıq stadionda yenidən təmir-tikinti işlərinə start verilib. Xəbəri alandan sonra yenidən Nadir bəylə əlaqə saxladıq. Arenanın direktoru söylənilənləri təsdiqlədi və böyük həvəslə bizə bilgi verdi:
“Təxminən 15-20 gündü stadionda iş bərpa olunub. Bəzi yarımçıq qalan yerlər var idi ki, onu sona çatdırıblar. Elektriklər və rəngsazlar böyük qüvvə ilə çalışırlar. Tikinti sahəsinə hər gün yeni qüvvələr cəlb olunur. Lazım olan materiallar sifariş olunub. Bu da ondan xəbər verir ki, bu dəfə heç nə yarımçıq qalmayacaq”.
Nadir bəy artıq qazonla bağlı türk mütəxəssislərin də gəldiyini söylədi:
“Dünən qazon məsələsinə baxıldı. Bunun üçün Türkiyədən mütəxəssislər dəvət olunub. Onlar meydanı ölçüb-biçdilər, özlərinə lazım olacaq bəzi ölçü işləri apardılar. Böyük ehtimalla yaxın günlərdə ot örtüyünün salınmasına başlanılacaq. Şəhərin icra başçısı Zakir Fərəcov da tez-tez arenaya baş çəkir, görülən işlərlə yerində tanış olur. İnşallah, ən geci payıza qədər stadionmuz hazır olacaq”.
RƏŞAD
