Mbappe ilə bağlı “sabun operası” davam edir - YAZI

21.05.2022 15:50 419
Manşet / Yazarlar
Karyerasını PSJ-də, yoxsa “Real”da davam etdirəcəyi ilə bağlı suala aydınlıq gəlməyən Kilian Mbappe ilə bağlı gün ərzində o qədər müxtəlif xəbər yayılır ki, adam həqiqəti tapmaqda çətinlik çəkir. Təkcə elə dünən yayılan xəbərlərə baxaq. Səhər saatlarında forvardın yekun qərarını bazar günü, yəni mayın 22-də TF1 kanalında efirə gedəcək “Telefoot” verilişində elan edəcəyi açıqlandı. Veriliş Bakı vaxtı ilə saat 13.00-da başlamalıdı.

Günorta saatlarında dünyaca ünlü insayder Fabritsio Romano xəbər verdi ki, Kilian bu məsələni ailəsi və yaxın ətrafı ilə bir daha müzakirə edəcək, qərarın bazar günü açıqlanacağı ilə bağlı deyiılənlərə inanmağa dəyməz. Romanonun yazdığına inansaq, “Real” elə bu həftənin çərşənbə axşamı futbolçudan təsdiq cavabı gözləyirmiş, ancaq o, düşünmək üçün bir qədər də vaxt istəyib. Görünür, ulduzun qərar verməklə çətinlik çəkməsi həm də onu komandada saxlamağa inandırmaq istəyən PSJ-nin son 15 gündə təklif etdiyi şərtləri bir qədər də yaxşılaşdırması ilə bağlıdı.

Romanonun xəbərindən bir neçə saat sonra insayder Canluka Di Marsio da dilə gəldi. Onun dediyinə görə, Mbappe PSJ-də qalmağa yaxındı, forvardın “Real”a mümkün keçidi ilə bağlı vəziyyət kəskin şəkildə dəyişib. Bu xəbər isə o anlama gəlir ki, 23 yaşlı futbolçu, “Real”la şifahi razılığa rəğmən, parislilərlə müqavilə müddətini uzatmaq ərəfəsindədi. Di Marsio da Mbappenin mövqeyini dəyişməsini birmənalı şəkildə futbolçunu heyətində saxlamaqda inad edən PSJ-nin fəaliyyəti ilə bağlayır.

Təbii ki, belədə Kilianın anasının da mövqeyi maraqlıdı. Axı o da transfer danışıqlarında fəal şəkildə iştirak edir. Bu da Fayza Lamarinin fikirləri:

“Mbappenin PSJ-də gələcəyi ilə bağlı heç bir yeni danışıq yoxdu. Bizim “Real”la da müqaviləmiz var, PSJ ilə də - danışıqlar artıq bitib. İndi Kilian seçim etməlidi. “Real” ilə PSJ-nin təklifləri eynidi, onlar arasında böyük fərq yoxdu. Ancaq biz Mbappenin istədiyi seçimi etməsini gözləyirik. “Real”ın təklifi bizim imic hüquqları üzərində tam nəzarətimizi əks etdirir. Digər tərəfin təklifində imic hüquqlarına nəzarəti əldən verməyimizin əvəzində kompensasiya nəzərdə tutur. Bu iki təklif bir-birindən o qədər də fərqlənmir”.




Nəhayət, dünən axşam saatlarında PSJ-nin ulduzunu saxlamaq üçün hansı məbləği təklif etdiyi bəlli oldu. “Eurosport España” iddia edir ki, parislilər Mbappeyə müqavilə müddətini uzatmağa görə 300 milyon avro imza parası təklif edir. Həmçinin yeni müqavilənin şərtinə görə futbolçu vergiləri ödəyəndən sonra ildə 100 milyon avro maaş alacaq. Bundan başqa, imic hüquqlarının böyük hissəsi də Kilianın əlində olacaq.



İndiki mənzərə belədi: PSJ-nin son təklifindən sonra Mbappenin “Real”a keçidi mümkünsüz görünür. Amma girişdə də vurğuladığımız kimi, vəziyyət az qala hər saat dəyişir. Necə deyərlər, gün doğmadan nələr doğar...

ORXAN