Mbappe ilə bağlı “sabun operası” davam edir

10.04.2022 13:39 576
Dünya futbolu
Belə görünür ki, Kilian Mbappenin adı ilə bağlı “sabun operası”nda növbəti kəskin dönüşün astanasındayıq.

Fransadakı media vasitələrindən “France Bleu Paris” əmindi ki, PSJ ilə yeni müqavilə bağlamaq ətrafında vəziyyət ciddi şəkildə dəyişib. İndi müddəti yayda bitəcək müqavilənin yenilənməsi daha real görünür. Tərəflər anlaşmanın mümkünlüyü ilə bağlı müsbət fikirdədi. Hələ üstəlik PSJ Kiliana kapitan sarğısını verməklə danışıqlarda mövqeyini daha da gücləndirəcəyini və onu qalmağa razı salacağını düşünür.

23 yaşlı fransalı ulduz “Loryan”la oyundan sonra verdiyi müəmmalı açıqlama ilə onun qalacağını düşünənlərin mövqeyini bir qədər də gücləndirib:

“PSJ-də qala bilərəmmi? Hə, əlbəttə. Hələ ki gələcəyimlə bağlı qərar verməmişən – bunu hamı bilir. Təklifləri öyrənirəm, bəzi yeniliklər, başqa parametrlər var. Qərar versəydim, artıq elan edərdim”.

Bir il ərzində yaşanan bütün dəyişikliklərə toxunaq.

1 aprel 2021. “Le Parisien” PSJ ilə Mbappe arasındakı danışıqlarda problem yarandığını xəbər verdi. Və belə bir ehtimal irəli sürdü ki, idman direktoru Leonardo 120-150 milyon dollarlıq təkliflərə baxmağa hazırdı. Təki ulduz 2022-nin yayında havayı getməsin. Elə onda Kiliana müştəri düşənlərdən biri “Real” idi.

25 iyun 2021. İspaniya klubunun rəhbərliyi Kilianla bağlı mövqeyini açıqladı:

“Real” yüksək qiymət üzündən bu yay Mbappeni almağa çalışmayacaq – PSJ-nin futbolçuya edə biləcəyi təklifi təkrarlamağa gücümüz yoxdu”.


1 iyul 2021. Mbappe AÇ-dən sonra məzuniyyətə yollandı və bəribaşdan PSJ-ni xəbərdar etdi ki, müqavilə müddətini uzatmayacaq, yəni “Real”a keçmək istəyir.

26 avqust 2021. Kilian komanda yoldaşlarını da PSJ-dən getmək arzusundan xəbərdar etdi. Hətta o da qeyd olunurdu ki, “transfer pəncərəsi” bağlanana qədər keçidin elan olunması mümkündü.

31 avqust 2021. Mbappe yay “transfer pəncərəsi”ndə “Real”a keçməyəcək, ancaq Madrid klubu ilə növbəti mövsüm üçün müqaviləni razılaşdırıb. Qışda ilkin müqavilə bağlayacaq. Kilian yenidən PSJ rəhbərliyinə müqavilə müddətini uzatmayacağını bildirdi. “Real” onun üçün 200-220 milyon avro təklif etdi, ancaq bu məbləğ PSJ-ni razı salmadı (üstündən yarım il ötəndən sonra məlum oldu ki, “Real” qumar dili ilə desək, blef edirmiş).

26 oktyabr 2021. Mbappe qəti şəkildə “Real”a keçməyə qərar verdi və yalnız hansısa qeyri-adi şəraitə görə fikrini dəyişə bilər. Müqavilə artıq hazırdı, fevraldan tez imzalanmayacaq.

25 yanvar 2022. Kilian hələ gələcəyi ilə bağlı qərar verməyib – yalnız Çempionlar Liqasının 1/8 final oyunlarından sonra “Real”la PSJ-ni planlarından xəbərdar edəcək.

8 mart 2022. PSJ Mbappeyə yeni – ildə 100 milyon avro qazanc nəzərdə tutan müqavilə təklif etdi. “Real” bu təklifi təkrarlaya bilməz, ancaq Kilianı klub tarixi və hədəfləri ilə cəlb edəcəyinə bel bağlayır.

12 mart 2022. Mbappe gələn həftə “Real”la müqavilə bağlayacaq – danışıqların intensivliyi artıb, maaşı 25 milyon avro olacaq, ancaq əvəzində Madrid klubu 60-80 milyon imza parası da verəcək.

27 mart 2022. İspaniyalı idman hüquqşünası Visente Montes (Luiş Fiqunun “Barselona”dan “Real”a keçidini rəsmiləşdirməyə yardım edib):

“Peresin Mbappe ilə müqavilə imzaladığına əminəm”.


4 aprel 2022. PSJ Mbappe ilə bağlı nikbin fikirdədi, müqavilə müddətinin uzadılması daha real variant kimi görünür.
Göründüyü kimi, son günlərdə vəziyyət əməlli-başlı dəyişib. Təbii ki, son qərarı futbolçu özü verəcək. Daha dəqiqi, pul ilə karyera arasında necə seçim edəcəyini dünyaya göstərəcək.

Sonda gənc ulduzun cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 38 oyunda 28 qol və 17 məhsuldar ötürmə ilə yadda qaldığını da xatırladaq.

Fikir

Daha bir tanınan idman jurnalisti Gilyem Balaqa belə hesab edir ki, Fransa klubu 23 yaşlı forvarda ikiillik müqaviləyə görə 150 milyon avro ödəməyə hazırdı. Mbappe isə bu xəbərin fonunda “Real”ın təklif etdiyi məbləği artırmasını istəyir. “Real”ın təklif etdiyi maaş 25-30 milyon arasındadı. Kilian uğrunda mübarizədə yalnız PSJ ilə “Real” iştirak edir.

Yeri gəlmişkən...

Fransa mediasına inansaq, Zinəddin Zidan PSJ-nin baş məşqçi postunu tutmağa əsas namizəddi. “France Bleu Paris”in əməkdaşı Fabris Hokinsin fikrincə, Paris klubunun bəzi rəhbərləri belə hesab edir ki, bu təyinat Kilianı komandada qalmağın vacibliyinə inandıracaq.