“Vaxtilə rüşvətə görə futboldan qovulan hakim bu gün gənclərə qiymət verir” - AÇIQLAMA

24.04.2022 12:19 1 067
Ölkə futbolu / Manşet
Vaxtilə “Qarabağ” və “Neftçi” kimi klubların, ölkənin əsas yığmasının formasını geyən Mirbağır İsayev AFFA İntizam Komitəsinin dünən keçirilən iclasında sərt şəkildə cəzalandırılıb.

Hazırda “Səbail”in akademiyasında əlaqələndirici kimi fəaliyyət göstərən mütəxəssis 10 oyun stadiona buraxılmayacaq. Buna onun U-17 liqası çərçivəsində baş tutan “Şamaxı” – “Səbail” matçında AFFA tərəfindən oyunlara hakim-inspektor kimi təyinat alan sabiq FİFA referisi Anar Salmanovu təhqir etməsi səbəb olub.

Görəsən, onu buna nə vadar edib? Bunu öyrənmək üçün Mirbağır İsayevlə danışmağı lazım bildik: “Öncə bildirim ki, qərardan aslı olmayaraq, futboldan uzaq qalan deyiləm. Demirlər stadiona getmə? Yaxşı. Hər bir komandanın məşqçilər heyəti var. Sadəcə, onlara oyunlara qədər olan mərhələdə yol göstərirəm. Matçı özləri idarə edirlər. Orda heç nəyə müdaxilə edə bilmərəm. İstiqaməti həftə ərzində oyuna qədər verirəm. Yəni bu presesdə dəyişən heç nə olmayacaq. Məni futboldan silməyiblər ki, bunları edə bilməyim”.

Təcrübəli mütəxəssis dediyi sözlərin arxasında olduğunu bildirdi:

“Heç bir problem yoxdu. Anar Salmanova dediyim sözlərin arxasındayam. Oyunda hakimliklə bağlı ondan söz soruşuram, qulaqardına vurur, fikir vermir. Artırılan vaxtı soruşuram, deyir ki, mən nə bilim. Bilmirsənsə, niyə gəlmisən? Özünü elə aparır ki, sanki göydən düşüb, vaxtilə rüşvəti o yox, biz almışıq. Futboldan da onu yox, məni siliblər. Təhqir etmədim, sadəcə, bu sözləri üzünə dedim. Oyunun hakimlərini tanımıram. Yalnız Salmanovu təhqir etdim. Anar AFFA rəsmisidisə, böyüyüdüsə, heç nə... Onu vaxtilə futboldan niyə siliblər? Səslərinə qədər qulaq asmışam. Bunu bütün ölkə bilir. Hamını yaxşı tanıyırlar. Bilirlər ki, kim nəyə qulluq edib və indi nəyə qulluq edir. Nəyə qulluq edəcəyimizi isə zaman göstərəcək. Anarı tanıyıram, hansı yuvanın quşu olduğunu bilirəm. Dedim ki, rüşvətə görə futboldan uzaqlaşdırılmısan, indi də gəlib hakimə qiymət verirsən”.


İsayev cəzasını yüngülləşdirmək üçün apellyasiya şikayəti verməyəcəyini sözlədi:

“Klub tərəfindən hansısa addımın atılıb-atılmayacağını bilmirəm. Nə AFFA-ya, nə də kiməsə müraciət etmək fikrim var. Şikayətim odu ki, vaxtilə rüşvətə görə Azərbaycan futbolundan qovulan hakim bu gün gənclərə qiymət verir. Onlara nə yol göstərəcək? Belə bir adamın sözü ilə oturub-duracaqlarsa, deyiləcək başqa sözüm yoxdu”.


Qeyd edək ki, Mirbağır İsayev bu qarşılaşmada cəzalandırılan yeganə şəxs deyil. “Səbail”in inzibatçısı Yaşar Qasımova da 5 oyunluq cəza verilib. Buna isə onun 69-cu dəqiqədə hakimi təhqir etməsi səbəb olub.

SƏNƏM FƏRHADOVA