“Keşlə”nin qış hazırlıq planının detalları bəlli olub. Klub saytının məlumatına əsasən, Antalyada 4 yoxlama matçı keçirəcək bakılıların sınaqçı-rəqiblərindən üçünün adına aydınlıq gəlib.
Qeyd edək ki, komanda qış hazırlığına Bakıda start verəcək. Paytaxt təmsilçisi yanvarın 5-də bir araya gələcək. İkinci mərhələdə Türkiyəyə yollanacaq komandanın Bələk bölgəsindəki ümumi hazırlığı yanvarın 12-dən start götürəcək. Proses 26-da başa çatacaq. Tərlan Əhmədovun komandası Türkiyə toplanışı çərçivəsində ilk yoxlama matçını ayın 17-də keçirməyi planlaşdırır. Rəqib Qazaxıstanın birinci liqa təmsilçisi “Okjetpes” olacaq. Yanvarın 23-dəki rəqib isə Rumıniyanın birinci liqa iştirakçısı “Konkordiya” olmalıdı. "Keşlə" qardaş ölkədəki hazırlığı ayın 25-dəki oyunla başa vuracaq. Tərlan Əhmədovun komandasını Bakıya Rusiya MFL-nin iştirakçısı “Çertanovo” yola salacaq. Daha bir yoxlama görüşü isə yanvarın 20-nə planlaşdırılıb ki, həmin gün üçün rəqibin adına hələlik aydınlıq gəlməyib.
MİRAĞA