"Football-plus.az" xəbər verir ki, FİFA DÇ-2026-nın formatını təsdiqləyib. Əvvəlcədən məlum olduğu kimi, üç ildən sonra Meksika, ABŞ və Kanadada keçiriləcək mundialın final mərhələsində ilk dəfə 48 komanda iştirak edəcək. İlkin olaraq yığmaların hərəsində 3 ikomandadan ibarət 16 qrupa bölünməsi nəzərdə tutulsa da, bu variant təsdiqini tapmayıb. Bəzi komandaların yalnız iki oyun keçirəndən sonra nəhəng turniri tərk edəcəyi FİFA rəsmilərini qane etməyib. Buna görə də iştirakçıların 4 komandadan ibarət 12 qrupa bölüməsi variantına üstünlük verilib. Bu formatda qruplarda ilk iki yeri tutacaq komandalar (cəmi 24) və qrup üçüncüləri arasında ən yaxşı göstəricilərə malik olacaq 8 yığma 1/16 finala vəsiqə qazanacaq. Şimali Amerikada təşkil ediləcək mundialda komandalar ümumilikdə 104 oyun keçirəcək. Turnir 39 gün davam edəcək.
Növbəti dünya çempionatına ilk dəfə üç ölkə evsahibliyi edəcək. Xatırladaq ki, 32 komandalı dünya çempionatı formatı 1998-ci ildən mövcud idi. FİFA-nın yeni formatla bağlı yaydığı məlumatda belə deyilir:
“FİFA Şurası idmanın bütövlüyü, oyunçuların sağlamlığı, komandaların səfərləri, yarışın kommersiya və idman planlarında cəlbediciyi, həmçinin komandaların və azarkeşlərin təcrübəsi nəzərə alınaraq aparılan təhlilin nəticəsinə uyğun olaraq təklif edilən format dəyişikliyini yekdilliklə təsdiqləyib. Bu format gizli razılaşma riskini azaldır, bütün komandaların azı 3 oyun keçirməsinə təminat verir və iştirakçılara bərabər səviyyədə istirahət imkanı yaradır”.
FİFA Klublararası Dünya Çempionatının (KDÇ) formatını da dəyişib. Gözlənildiyi kimi, bu turnirdə də iştirakçıların sayı artırılıb. KDÇ 2025-ci ildən 32 komandanın iştirakı ilə keçiriləcək. Turnirdə UEFA Çempionlar Liqasının 2021-24-cü illərdəki qalibləri, Avropanın klub reytinqinə görə ilk 8, Afrika, Asiya və Şimali Amerikanın 4, Cənubi Amerikanın 6, Okeaniyanın 1 və təşkilatçı ölkənin 1 klubu iştirak edəcək.
Qeyd edək ki, indiyə qədər klubların mundialı 7 komandanın iştirakı ilə təşkil olunurdu. Bunlar 6 kontinental yarışın qalibi və təşkilatçı ölkənin təmsilçisi idi.





