Fransanın ünlü ''Ekip'' nəşri ÇL-də fransalı futbolçuların performansını dəyərləndirərkən ''Fənər''li futbolçuları da unutmayıb. İstanbul nəhənginin heyətində Nqolo Kante ilə Matteo Genduzi kimi fransızlar yer alıblar.
''Ekip'' Genduzini belə demək mümkünsə, yıxıb-sürüyüb. Yazıda bu futbolçunun performansı ''Mançester Siti''nin fransalı yarımmüdafiəçisi Rayan Şerki ilə müqayisə olunarkən ''ÇL-də fransızların gecəsi: Şerki şou göstərdi, Genduzi ''Fənərbaxça''nı batırdı'' cümləsi diqqət çəkib. Təbii ki, Genduzinin ''Slaviya''nın ilk qolundan öncə yol verdiyi kobud səhv qabardılıb. Ona 10 xallıq sistemlə 3, Kanteyə isə 6 xal verilib.
Yazıda daha sonra bunlar qeyd olunub:
''Kantedən fərqli olaraq Genduzi dibə batdı. İki mərkəz müdafiəçisinin arasına gələrək geridən oyun qurmağa çalışsa da, 15-ci dəqiqədə yol verdiyi kobud səhvdən sonra ''Slaviya'' fərqi azaltdı və oyunun gedişatı tamamilə dəyişdi. 27-ci dəqiqədə səhvini düzəltməyə çalışarkən zərbəsi qapının üzərindən keçdi. 54-cü dəqiqədə meydanın özünə aid hissəsində yenə kritik bir top itkisinə yol verdi. Genduzi bu səviyyədəki oyun üçün birmənalı şəkildə yetərsiz performans sərgilədi. Kante isə əsl səviyyəli şərab kimi yaşlanır''.
Ən maraqlısı odu ki, Genduzi UEFA tərəfindən matçın ən yaxşı oyunçusu seçilib! UEFA-nın bu seçimi ''Fənər'' fanatları arasında da birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. ''Fənər''li fanatların böyük əksəriyyətinin fikrincə, matçın ən yaxşısı Kante seçilməli idi.





