“Amma fikrimcə, belə epizodlarda qollar sayılmalıdı” - Fariz Yusifov Qishamerdə səhv tapmadı

18.10.2026 15:31 18
Avrokuboklar
Oyunun baş hakimi, 38 yaşını Bakıda tamamlayan Sebastyan Qishameri əvvəldən tanıyırdıq və bu barədə sizi məlumatlandırmışdıq.

Xatırladaq ki, avstriyalı referi karyerası ərzində həm millimizin, həm də “Qarabağ”ın oyunlarında ədaləti təmsil edib və hansısa səhv qərarla yadda qalmayıb. Xoşbəxtlikdən, bu dəfə də belə oldu. Bəli, “fit sahibi” “Sabah”ın üç, “Slaviya”nın iki futbolçusuna “sarı” göstərdi. Ancaq bu səbəbdən Qishameri qınamağa ehtiyac yoxdu. Çünki Velko Simiç Tomaş Holeşi kobud müdaxilə ilə yerə sərdi, Stiv Solvet Daniel Şturmun ayağını tapdaladı, Akim Zedadka isə topla birgə cərimə meydançasına daxil olmağa çalışan Şturmu dartaraq yerə yıxdı. Bununla belə, Qishamer matç ərzində özünü təmkinli apardı. Hadisələrin axarını mümkün qədər yaxından izləməyə cəhd göstərdi.

Ümumiyyətlə, karyerası ərzində ikinci dəfə Çempionlar Liqasının liqa mərhələsində şans qazanan referi həm etimadı doğrultmaq, həm də ad günündə əhavlının korlanmaması məqsədilə işini layiqincə gördü.
Bəs, sabiq FİFA referisi Fariz Yusifov da belə düşünür, yoxsa gözümüzdən qaçan nəsə var? "Football-plus.az" daimi ekspertinin Qishamerin idarəçiliyi haqda fikirləri ilə tanış olun:

“Ümumilikdə hakimliyin səviyyəsi çox xoşuma gəldi. Sərt müdaxilələr olurdu. Əsasən qonaqlar bizimkiləri dayandırmağa çalışırdı. Ancaq hakimdə rəqibə qarşı hansısa simpatiya hiss etmədim. Sadəcə, Avropa hakimlərinin əksəriyyəti sərt futbola şərait yaradır. Həmçinin “Slaviya” da belə oyun tərzinə meyilli idi. Mən hansısa xüsusi kobudluq görmədim. Əslində bu cür oyunlara öyrəşə bilmələri üçün bizim hakimlər də komandalara şərait yaratmalıdı. Futbolçular belə tempə, sərt oyun tərzinə öyrəşməlidi. Sarı vərəqələrlə bağlı da hansısa çətinlik yox idi. Rəsmi xəbərdarlıqlar davranış qaydalarına uyğun edildi. Əsas məsələyə gəlincə, qolun qeydə alınmaması ilə bağlı qərardan belə anlaşılır ki, VAR epizodu millimetrlərə qədər incələyib. Amma fikrimcə, belə epizodlarda qollar sayılmalıdı. Başı, çiyni, əli başa düşmək olar. Belə hallarda isə güzəşt edilə bilər. Düşünürəm ki, UEFA nə vaxtsa ofsayd məsələləri ilə bağlı qayda-qanunları yenidən nəzərdən keçirəcək və bu cür hallarda qollar qeydə alınacaq”.

KƏNAN BAHADIR