Belə ki, bölgə təmsilçisi oktyabrın 4-də autsayderlərdən sayılan “Difai” ilə oyunda heç-heçə (3:3) edərək cari mövsümdə ilk dəfə xal itirdi, ardından ölkə kubokunun 1-ci təsnifat mərhələsinin oyununda evdə “Kür-Araz”a uduzdu (1:3). Oktyabrın 12-də isə liqada da məğlubiyyətsiz oyunlar seriyasına son qoyuldu. “Zəngəzur” Binədə “Şirvan”a yeganə qolla qalib gəldi.
Kubokdakı məğlubiyyətdən sonra klub rəhbərliyi heyətdə itkilərin olduğu, bu səbəbdən uğursuzluqla üzləşdiklərini açıqlamışdı. Bəs zədəli futbolçular sıralarına dönməyib? Ardıcıl xal itkilərinin səbəbi nədi? Bu suallara cavab tapmaq üçün klubun meneceri Emin Məmmədovla əlaqə saxladıq:
"Hazırda əsas diqqətimizi çempionata yönəltmişik. Təəssüf ki, liqada gözləmədiyimiz nəticələrlə üzləşdik və son iki oyunda bir heç-heçə, bir məğlubiyyət aldıq. Hələ də heyətlə bağlı müəyyən problemlər yaşayırıq. Zədəli futbolçularımızın durumu düşündüyümüzdən daha ağırdı və hələ də tam bərpa olunmayıblar. Bununla yanaşı, oyunların birində əsas futbolçularımızdan Çingiz Məmmədov da zədələndi. Bu da komandamız üçün əlavə çətinlik yaratdı. Əlbəttə, çatışmazlıqlarımız var və bunları görürük. Əsas məqsəd zədəli futbolçularımızın mümkün qədər tez bərpa olunması və heyətimizin gücünü yenidən toplamasıdı. Ümid edirik ki, yaxın zamanda bu problemləri geridə qoyacağıq. Artıq bütün diqqətimizi “Ağstafa Gəncləri” ilə qarşıdakı oyuna yönəltmişik. Bu matçda üç xal bizim üçün çox vacibdi. Komanda olaraq, meydana qələbə əzmi ilə çıxacağıq, azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
İSRAYIL XEYRULLAYEV





