''Bursaspor''un üzvü adını Türkiyə futbolu tarixinə yazdırdı

16.10.2026 23:10 45
Dünya futbolu
Yığmamızın üzvü Toral Bayramovun da şərəfini qoruduğu Türkiyənin 1-ci liqa təmsilçisi ''Bursaspor''da Keleçi İheanaço fırtınası davam edir.

''Timsahlar''ın 10-cu turda ''Muğlaspor''u 3:0 məğlub etdiyi qarşılaşmaya 2 qol, 1 məhsuldar ötürmə ilə damğa vuran təcrübəli nigeriyalı forvard adını nəinki klubun, hətta Türkiyə futbolunun da tarixinə yazdırdı.

İheanaço 10 turun hamısında fərqlənməyi bacarıb! O, bu qarşılaşmalarda 14 qol, 3 məhsuldar ötürməlik mükəmməl performans ortaya qoyub. İheanaço bununla da Mətin Oktay və Saffet Sancaklını geridə qoyaraq Türkiyə futbolu tarixində ardıcıl 10 çempionat oyunda qol vuran ilk futbolçuya çevrilib!

''Tacsız kral'' ləqəbli əfsanəvi Oktay 1962/63-də ''Qalatasaray''ın, Sancaklı isə 1995/96-da ''Kocaelispor''un heyətində ardıcıl 9 oyunda qol vurmuşdu. Türkiyənin peşəkar liqalarında indiyə qədər ardıcıl 10 oyunda isə qol vuran futbolçu olmamışdı.

Qeyd edək ki, ''Mançester Siti''nin yetirməsi olan və peşəkar karyerasına da bu klubda start verən İheanaço ''Lester'', ''Sevilya'', ''Midlsbro'', ''Seltik''də də top qovub. Yayda Bursaya gələn 30 yaşlı forvard Türkiyədə ilk mövsümünü keçirməsinə baxmayaraq özünü suda balıq kimi hiss edir. ''Bursaspor''un bu mövsüm 1-ci liqada vurduğu 20 qolun 14-ü onun aktivindədi.