''Trabzonspor''dan növbəti inamlı qələbə
Dünya futbolu
''Trabzonspor'' Tomas Rays ilə inamlı və məhsuldar qələbələri sıralamaqda davam edir. Bu məşqçi ilə ''Qalatasaray''ı 4:0, ''Samsunspor''u 3:0 darmadağın edən Trabzon təmsilçisi Konfrans Liqasında liqa mərhələsinin 1-ci turunda səfərdə Finlandiya təmsilçisi KuPS-la oyunda da yaxşı təsir bağışladı. Paul Onuaçu artıq 3-cü dəqiqədə fərqlənərək qələbənin əsasını qoydu. Bu, ''Trabzonspor''un XXI əsrdə avrokuboklarda vurduğu ən erkən qol oldu. Məhəmməd Salah hələ fasiləyə qədər fərqi artırdı. İkinci hissədə Frankulino Cu hesabı darmadağın həddinə çatdırdı. 0:3-dən sonra meydan sahibləri fəallaşdılar. Petteri Pennanenin qolu azmış kimi KuPS çox keçmədən penalti də qazandı. Amma Andre Onana zərbənin qarşısını kəsərək qələbəyə damğa vurdu. Son anlarda tərəflər hərəyə daha bir qol vurdular. Frankulino dubl etdi və qonaqlar 4:2 hesabı ilə üstün oldular. Maraqlıdı ki, qaradənizlilər avrokuboklarda səfərdə qol baxımından öz rekordlarını təkrarladılar. Komanda səfərdə heç vaxt 4-dən artıq qol vurmayıb. Oyunu ''1+1'' ilə başa vuran Salah Kodi Qakpo və Mario Qomesin ardından həm ÇL, həm AL, həm də KL-də qol vuran və məhsuldar ötürmə verən 3-cü futbolçu oldu. Frankulino isə ''Trabzonspor'' tarixində avrokubiklardakı səfər oyununda dubl edən 3-cü futbolçu oldu. Beləliklə, Trabzon təmsilçisi Rays ilə 3 rəsmi oyunun hamısından qələbə ilə ayrılaraq 11 qol vurub. Maraqlıdı ki, komanda Raysa qədər mövsümün ilk 7 rəsmi oyununda cəmi 9 qol vurmuşdu.




