Təmsilçimiz ''Sabah''dan fərqli olaraq Çempionlar Liqasında liqa mərhələsinin 2-ci turu türk dünyasının digər təmsilçisi ''Qalatasaray'' üçün uğursuz alındı.
Türkiyə çempionu əla formada olan əzəmətli ''Barselona''ya doğma meydanda yalnız bir hissə müqavimət göstərə bildi. İstanbul nəhəngi hətta rusiyalı Aleksey Batrakovun qolu ilə hesabda önə də keçdi. Çox keçmədən ''sarı-qırmızılar'' Barış Alpər Yılmazla 2-ci qolu da vurdular. Amma bu qol ofsayd üzündən qeydə alınmadı. Bu epizod matçın qırılma anı oldu. Vəziyyətin ciddiliyini dərk edərək təzyiqi artıran ''Barsa'' fasilə ərəfəsində Joao Kanselo ilə bərabərlik qolunu vurdu.
Kataloniya nəhəngi ikinci hissəyə fırtına kimi başlayaraq hesabı darmadağın həddinə çatdırdı. Fermin Lopes, Entoni Qordon və Kərim Adeyeminin 15 dəqiqə aralığında vurduğu qollarla ''Barsa'' ''Rams Park''da 4:1 hesablı inamlı qələbə qazandı. ''Blauqrana'' bu mövsüm keçirdiyi 10-cu rəsmi oyunda da qalib gəldi. Komanda bu matçlarda 43 qol vurub!
Beləliklə, ötən mövsüm ÇL-də 1/8 finala qədər irəliləyən ''Cim-Bom'' bu mövsümə 2 məğlubiyyətlə başlamış oldu. Komandanın bu turnirdə ilk iki turdan məğlubiyyətsiz ayrılması sonuncu dəfə 2012/13-də yaşanmışdı. ''Qalatasaray''ın Okan Burukla avrokuboklarda məğlubiyyət sayı (16) qələbə sayını (15) üstələyir.
Onu da bildirək ki, ''Barselona'' ''Qalatasaray''ı avrokuboklar tarixində ən çox məğlub edən klubdu. Bu komandaların 11-ci duelində kataloniyalılar 7-ci qələbəni bayram etdilər. ''Qalatasaray''ın isə 1 qələbəsi var.
''Qalatasaray'' yaxşı başladı və... darmadağın oldu
Dünya futbolu





