“Roma” büdrədi, üçhakimiyyətlilik pozuldu - REPORTAJ

15.10.2026 19:10 45
Reportaj
A seriyasının 6-cı turunda üçhakimiyyətlilik pozuldu. “Roma” büdrədi, qələbə qazanan “İnter” və “Latsio” turnir cədvəlindəki şərikli liderliyini davam etdirdi.
“İnter” evdə “Parma”ya qarşı oyunda qələbə üçün elə bir problem yaşamadı. Suçiç, Çalhanoğlu və Markus Türamın ilk 31 dəqiqədə vurduğu qollar milanlıların inamlı qələbəsini təmin etdi. İtaliyanın son çempionunun çempionatdakı məğlubiyyətsiz oyunlar seriyası 16-ya (11 qələbə, 5 heç-heçə) çatdı. Kristian Kivunun komandası topların daha yaxşı fərqinə əsasən 1-ci yerə çıxdı.
Mövsümə çoxlarının gözləmədiyi halda əla start verən “Latsio” uğurlu oyunlar seriyasını “Montsa”ya da qarşı davam etdirdi. Romalılar evdə 3:1 hesabıyla qalib gəlməklə 3-cü yerdən 2-yə yüksəldilər. Qonaqların müdafiəçisi Lukkezi 35-ci dəqiqədə hədsiz kobud oyununa görə birbaşa qırmızı vərəqə ilə cəzalandı. Azlıqda qalan montsalılar fasilədən dərhal sonra fərqi minimuma endirsələr də, Cennaro Qattuzonun komandası finiş ərəfəsində daha bir qol vuraraq xalını 16-ya çatdırdı. Qeyd edək ki, paytaxt təmsilçisi A seriyasında ilk dəfə ilk 6 oyuna bu qədər xal qazanıb.
Turun Komoda keçirilən mərkəzi oyununun nəticəsini gözləməyə dəyərdi. Bu mövsüm İtaliyanı Çempionlar Liqasında təmsil edən eyniadlı komanda ilə “Roma” arasındakı duelin ilk hissəsində qonaqlar daha yaxşı təsir bağışladılar. Dibalanın hədəfə düşməməsindən sonra Pelleqrini topu dirəyə vurdu. Malen də yaxşı imkanı dəyərləndirə bilmədi. Niderlandlı hücumçu 53-cü dəqiqədə Kaikiyə qarşı kobud hərəkətinə görə qarşısında birbaşa qırmızı vərəqə gördü. Say üstünlüyü qazanan “Komo” bunu oyun planında da əks etdirməyə başladı. Duvikas tezliklə hesabı açmaq fürsətini boşa verdi. Pasın zərbəsinə isə Qollini əla reaksiya verdi. Qonaqların qapıçısı qalan vaxtda da inamlı oyunu ilə çətinə düşən komandasının xal qazanmasında böyük rol oynadı. İki xal itkisi Can Pyero Qasperininin komandasını 1-ci yerdən 3-ə saldı. Onu da qeyd edək ki, Komodakı oyunda gözlənilməz hadisə baş verdi. Hakim Mikael Fabbri dizindən zədələndiyi üçün fəaliyyətini davam etdirə bilmədi. Onun funksiyasını 4-cü hakim Simone Sotsa yerinə yetirməli oldu.
“Komo” iki xal itirməsinə baxmayaraq, “Frozinone”nin Neapoldan əliboş dönməsindən (0:3) yararlanmaqla 7-ci yerə çıxdı. Mövsümün əvvəlindən qeyri-sabit çıxış edən “Napoli” evdə inamlı qələbə qazandı. De Bruynenin iki, Lanqın bir qolu cənubluların turnir cədvəlində bir pillə irəliləməsini təmin etdi. Ürək əməliyyatına görə uzun müddət oynamayan Maktomineyin 61-ci dəqiqədə meydana çıxdığını da qeyd edək. Vitse-çempion şotland yarımmüdafiəçinin yoxluğunda hücum qurmaqda çətinlik çəkmiş və kifayət qədər xal itirmişdi.
Gözlənildiyi kimi, “Milan” üçün Recco nell’Emiliyaya səfər heç də asan keçmədi. Ruben Amorimin komandası “Sassuolo” ilə 1:1 hesablı heç-heçəyə razılaşmaqla 5-ci yerdə qaldı.
“Yuventus” uzun müddətə sıradan çıxan Yıldız, Kefren Türam, Lokatelli və Boqasız oyun modelini mənimsəməyə çalışır. Bu isə heç də asan görünən iş deyil. Fakt budu ki, ölkə nəhəngi bu oyunçularsız “Kalyari” ilə keçirdiyi səfər oyununda məğlubiyyətdən son dəqiqələrdə qurtuldu. Cari mövsümün ilk turlarının sürpriz komandası olan sardiniyalılar oyun planında turinlilərdən geri qalsalar da, hesabına xal yazdılar. Müdafiədə inamlı təsir bağışlayan Fabio Pizakanenin komandası ilk hissədə qapıya endirdiyi ilk zərbəni qola çevirdi. Komandanın oktyabrın 11-də 25 yaşını qeyd edən yarımmüdafiəçisi Maldini çempionatda ardıcıl 4-cü dəfə qapıya yol tapdı. “Yuventus” evə azı məğlubiyyətlə qayıtmamaq üçün çox cəhdə əl atdı. Bəzi epizodlarda inamlı oynayan qapıçı Kaprile 81-ci dəqiqədə Kolo Muaninin zərbəsinə reaksiya verə bilmədi. 1:1 hesabı şərikli liderlərdən 3 xal geri qalan “Kalyari”ni 4-cü yerdə saxladı. Bir pillə irəliləyən “Yuventus” isə 6-cı yerdədi. Final fitindən sonra Pizakane ilə Luçano Spalletti arasında mübahisə düşdü və hər iki baş məşqçi qırmızı vərəqə ilə cəzalandı.

6-cı tur
İnter – Parma 3:0
Suçiç, 13. Çalhanoğlu, 18-p. M.Türam, 31. (74907)
İnter: X.Martines, Pavar, Bissek, Auqusto, Suçiç, Çalhanoğlu (Stankoviç, 61), Mxitaryan, Dimarko (Luis Enrike, 73), Diuf (Spens, 74), M.Türam (L.Martines, 61), F.Espozito (Bonni, 61).
Komo – Roma 0:0
(12415)
Komo: Butez, Kouto (Milya, 88), Çaloba, Ramon, Kaiki, Perrone (Adday, 88), Da Kunya (Baturina, 78), Diao (Kempf, 88), Pas, Kakre (Rodriges, 66), Duvikas.
Roma: Qollini, Ermoso (Balerdi, 60), Mançini, Ndika, M.Kone (Lulli, 89), De Roon, Fransa, Molina, Lorentso Pelleqrini (Sule, 46), Dibala (Pizilli, 89), Malen.
Latsio – Montsa3:1
Tavareş, 3. İsaksen, 23. Pinamonti, 88 – Qoqliçidze, 46. (11500)
Latsio: Mandas, Mussolini, Duhi (Leyte, 53), Provstqor (Şutalo, 60), Tavareş (Pedrasa, 75), Belayan, Teylor, Frattezi (Dele-Başiru, 60), Zakkanyi, İsaksen, Noslin (Pinamonti, 75).
Napoli – Frozinone 3:0
De Bruyne, 29-p.; 90+4. Lanq, 32. (54726)
Napoli: Meret, Marin, Badyaşil, Rrahmani, Di Lorentso (Politano, 81), Spinatsola, Lobotka (Gilmor, 72), Lanq (Jiovane, 72), Neres (Maktominey, 61), De Bruyne, Höylunn (Lukka, 61).
Sassuolo – Milan 1:1
Odental, 68 – Rabyo, 63. (20347)
Milan: Menyan, Pavloviç, Qabbya (De Vinter, 20), Xila, Estupinyan (Modriç, 46), Rabyo, Musa (Yaşari, 78), Moreyra, Çukvueze (Hatçinson, 85), Pulişiç (Sisse, 78), Ramuş.
Kalyari – Yuventus 1:1
Maldini, 20 - Kolo Muani, 81. (16334)
Yuventus: Vikario, Çelik (Kambyazo, 65), Lukumi, Bremer, Kalulu, Duqlas Luis (Koopmeyners, 84), Sarr, Makkenni (Alaybeqoviç, 46), Qonsales (Voltemade, 60), Konseysao (Jeqrova, 46), Kolo Muani.
Cenoa – Fiorentina 2:1
Osmaiç, 8. Messias, 15 – Vaskes, 73-öz qapısına. (31000)
Leççe – Bolonya 1:2
Fatah, 64 – Orsolini, 17. Enem, 75. (25797)
Atalanta – Venetsiya 3:1
Kessye, 4. Krstoviç, 6; 30 – Ayno, 37. (20923)
Torino – Udineze 2:1
Braqansa, 36. Kulenoviç, 67 – Ekkelankamp, 43. (18758)
1. İnter 6 5 1 0 18-8 16
2. Latsio 6 5 1 0 11-4 16
3. Roma 6 4 2 0 14-3 14
4. Kalyari 6 4 1 1 6-3 13
5. Milan 6 3 3 0 11-5 12
6. Yuventus 6 3 2 1 9-5 11
7. Komo 6 3 2 1 9-6 11
8. Napoli 6 3 1 2 10-6 10
9. Frozinone 6 3 1 2 9-7 10
10. Atalanta 6 3 0 3 8-8 9
11. Sassuolo 6 2 2 2 10-10 8
12. Torino 6 2 1 3 7-9 7
13. Leççe 6 2 0 4 6-12 6
14. Bolonya 6 1 2 3 5-7 5
15. Udineze 6 1 1 4 9-13 4
16. Montsa 6 1 1 4 9-15 4
17. Cenoa 6 1 1 4 5-11 4
18. Parma 6 1 1 4 4-10 4
19. Fiorentina 6 1 1 4 7-14 4
20. Venetsiya 6 0 0 6 5-16 0
Bombardirlər: Malen (Roma) - 6, Maldini (Kalyari), L.Martines (İnter), Raymondo (Frozinone), Varela (Montsa) - 4.
Növbəti turun oyunları oktyabrın 16-19-u aralığında keçiriləcək: Venetsiya – Napoli, Bolonya – İnter, Roma – Cenoa, Fiorentina – Komo, Milan – Atalanta, Yuventus – Latsio, Frozinone – Sassuolo, Udineze – Leççe, Montsa - Kalyari, Parma – Torino.

Turun rəqəmi
54 - nəhayət, bu mövsüm A seriyasında ilk dəfə qolsuz heç-heçə qeydə alındı. Sayca 54-cü olan “Komo” – “Roma” oyununda qapılara qol vurulmadı. Maraq üçün qeyd edək ki, son üç mövsümün hər birində ilk turdaca qolsuz “sülh”ə təsadüf edilmişdi.

Turun ulduzu
Pyerluici Qollini (Roma) - italiyalı futbolçu bu mövsüm komandasının ilk məğlubiyyətdən xilasında böyük rol oynadı. “Roma”nın əsas qapıçısı Sviların zədələnməsi səbəbindən start heyətində şans qazanan Qollini baş məşqçinin etimadını tamamilə doğrultdu. 31 yaşlı əlcək sahibi ikinci hissənin əvvəlində Malenin meydandan qovulmasıyla azlıqda qalan romalıların xilaskarı rolunu çiyinlərinə götürdü. Pyerluici oyun ərzində cəmi 4 dəfə seyv etsə də, onun real qol epizodlarında mükəmməl oynadığını qeyd edək.

Turun sitatı
Luçano Spalletti, “Yuventus”un baş məşqçisi: “Kalyari” ilə matçın nəticəsini özüm üçün dərd hesab etmirəm. Əsas odu ki, “Yuventus” yaxşı oynadı. Bundan sonrakı oyunlarda da belə oynasaq, çox qələbə qazanacağıq”.