“Sabah” ÇL-də: ilk xal, yoxsa ilk qələbə uğrunda? - YENİLƏNİR

13.10.2026 18:00 36
Avrokuboklar / Manşet
Bu gün məhz o gündü! Bu gün ilklərə imza atmaqda mahir olan “Sabah”ın təkcə topun yox, həm də daha böyük uğurların arxasınca qaçacağı gündü. Çünki “Sabah” bu gün Çempionlar Liqasında tarixinin ilk xal və ya xallarını qazana bilər! Axı ilk turda “Mançester Yunayted”dən 4 cavabsız qol buraxan “bayquşlar” bu dəfə “dişinə uyğun”, azı “sülh”ə nail olmaqda ciddi çətinlik çəkməyəcəyi ehtimal olunan rəqiblə - Praqa “Slaviya”sı ilə üz-üzə gəlir.

Düzdü, oyunun keçiriləcəyi, 68 min yerlik Bakı Olimpiya Stadionu ölkəmizin ən böyük idman qurğusudu. Böyük ehtimalla, burda özünüzə yer tapa bilərsiz. Ancaq ən müxtəlif səbəblərdən matça canlı şahidlik edə bilməyəcək azarkeşlərin nəzərinə çatdıraq ki, qarşılaşma “İctimai” TV-nin efirində canlı yayınlanacaq.

Çempionlar Liqası
liqa mərhələsi, 2-ci tur
Sabah – Slaviya (Praqa, Çexiya)

Hakimlər: SEBASTYAN QİSHAMER, Roland Ridel, Santino Şrayner, Valter Altmann (hamısı Avstriya).
VAR hakimi: Alan Kiyas (Avstriya).
VAR hakiminin köməkçisi: Yosef Spurni (Avstriya).
13 oktyabr. Bakı, Olimpiya Stadionu. Saat 20.45.

“Sabah”ın bu oyuna tam hazır olduğuna şübhə yoxdu. Xatırlayırsızsa, baş məşqçi Valdas Dambrauskasın milli komandalarda çıxış etmiş futbolçularla belə istirahət vermədiyini, komandanın vacib matça tam məsuliyyətlə hazırlaşdığını yazmışdıq. Düzdü, UEFA-nın saytında Xəyal Əliyevin zədəli olduğu üçün bu matçı buraxacağı qeyd edilib. Həmçinin Stiv Solvetin meydana çıxıb-çıxmayacağı dəqiq deyil. Ancaq litvalı mütəxəssisin sərəncamında yetərincə geniş heyət olduğunu nəzərə alsaq, bu mənada ciddi problemin ortaya çıxmamalıdı. “Bayquşlar”ın üstünlüyü bu məqamlarla yekunlaşmır. “Sabah” həm də geniş azarkeş kütləsinin dəstəyindən faydalanacaq. Ən mötəbər klub turnirində ilk ev oyununda qələbə qazanmaq isə daha böyük sevinc yaşadacaq. Öz aramızdı, bundan artıq motivasiya ola bilər?!

Yenə də narahatlıq varsa, indiyə qədər futbolçularının iddialı açıqlamalarını gördüyümüz “Slaviya”nın Çempionlar Liqasının liqa mərhələsində sonuncu qələbəsini 2007-ci ildə, FKSB-yə qarşı debüt matçında qazandığını, o vaxtdan bəri keçirdiyi 20 oyunda 13 dəfə uduzduğunu, 7 dəfə heç-heçə etdiyini də xatırladaq. Qonaqlar Praqadan Bakıya hava yolu ilə təxminən 3 min kilometr məsafə qət edib. O başqa məsələ ki, “Slaviya” “Sabah”la müqayisədə avrokuboklarda daha böyük təcrübəyə malikdi.

Bəli, Praqa təmsilçisi həm də daha bahalı heyətə malikdi, – “Transfermarkt”da klubun bazar dəyəri 111,20 milyon avro kimi qeyd olunub – ancaq indiyə qədər xüsusən “Qarabağ”ın timsalında şahidlik etdiyimiz futbol hadisələri belə məqamların əhəmiyyətli dərəcədə rol oynamadığını ortaya qoyub. “Qarabağ” demişkən, yəqin “köhlən atlar”ın ötən mövsüm Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda Bakıda “Çelsi” ilə 2:2 hesablı heç-heçə etdiyi matç yadınızdadı. Həmin matçın hakimi də “Sabah”ın bugünkü oyununa təyinat alan Sebastyan Qishamer idi. Avstriyalı ədalət təmsilçisinin ağdamlılar üçün düşərli olduğunu daha əvvəl yazmışdıq.

Maraqlıdı ki, onun Avropa Liqasının əsas mərhələsində idarə etdiyi ilk matç 2023-cü ildə keçirilən “Həkken” – “Qarabağ”, Çempionlar Liqasının əsas mərhələsində idarə etdiyi ilk qarşılaşma isə “Qarabağ” – “Çelsi” matçları olub. O, ÇL-nin bu mərhələsində ikinci matçını məhz bu gün keçirəcək. Ədalət təmsilçisi həm də yığmamızın ötən ay, yəni oktyabrın 13-də DÇ-2026-nın seçmə mərhələsində Polşada Ukraynaya uduzduğu (1:2) görüşdə iş başında olub. Referi 2017-ci ildə Azərbaycan və Çexiyanın U-21 yığmalarının yoldaşlıq qarşılaşmasında da söz sahibi olub. Həmin görüş rəqibin 5:0 hesablı qələbəsiylə nəticələnib.

Yeri gəlmişkən, bu gün Qishamerin doğum günüdü. 38 yaşını Bakıda tamamlayacaq referi böyük ehtimalla məhsuldar oyun izləyəcək. Ona görə ki, “Sabah”ın son 4 ÇL oyununda 18, “Slaviya”nın son ÇL matçının hər birində isə azı 5 qol olub. Həmçinin “bayquşlar” evdə keçirdiyi son 4 ÇL matçında qələbədən başqa nəticə tanımayıb!

İndi yenə “Sabah”a güvənmək vaxtıdı! Uğurlar, “bayquşlar”! “Slaviya”ya gecələrin kimə aid olduğunu göstərin!

KƏNAN BAHADIR