Təbii ki, bizimkilər qədər rəqibin heyəti ilə bağlı məsələlər də önəmlidi. Ona görə ki, daha güclü heyətə malik çexlərin bu matçda hansı futbolçuların xidmətindən yararlana bilib-bilməyəcəyi həlledici rol oynayacaq.
“Football-plus.az” xəbər verir ki, “efotbal.cz” məhz bu mövzuda məqalə hazırlayıb. Sizi həmin yazı ilə tanış edirik:
“Slaviya” “Sabah”la oyunda iki əsas müdafiəçisinin xidmətindən yararlana bilməyəcək. Bunlar Mikulaş Koneçnı və Stepan Xaloupekdi. Koneçnı qırmızı vərəqə üzündən cəzalı durumdadı, Xaloupek isə Çexiya millisinin İspaniyaya qarşı oyununda zədələnib. Uzun müddət müalicə alan İqoh Oqbunun da yoxluğunu nəzərə alsaq, praqalılar Bakıda müdafiə xəttində problemlə üzləşəcək. Hücumçu Daniel Şturm və yarımmüdafiəçi Mixal Sadilek isə start heyətində yer alacaq. Yakub Markoviçin etimadı doğrultduğunu nəzərə alsaq, “çərçivə” məhz ona əmanət ediləcək. Yindrjix Trpişovski komandanı meydana 3-4-2-1 taktiki sxemi ilə çıxaracaq. Müdafiə xəttində Tomaş Holeş, David Zima və Tomas Vlçek forma geyəcək. Burda diqqət edilməli məqam Holeşlə Vlçekin cinahlarda oyun təcrübəsinin az olmasıdı. Bilindiyi kimi, “Slaviya”nın sürətli və dinamik futbolunun açarı ehtiyat oyunçuların hadisələrin axarına təsiri, eləcə də cinahlarda oynayacaq futbolçulardı. Samuel İsife sağ cinahda çıxış edəcək. Mubarak Süleyman isə sol cinahda top qovacaq. Ancaq burda David Mosesə də şans vermək olar. Çünki nigeriyalı daha təcrübəlidi. Hər şey onun zədəsini tam sağaldıb-sağalmamasından asılı olacaq. Orta sahədə Sadilek və Viktor Novakı görəcəyik. İş ondadı ki, hər iki futbolçu Millətlər Liqasında çox yorulub. Moymir Xitil isə hücumda yer alacaq. Son vaxtlar istirahət edən futbolçu Bakıda ilk dəqiqələrdən mübarizə aparacaq”.
KƏNAN BAHADIR






