"Football-plus.az" xəbər verir ki, “Kepitalz”ın mətbuat xidməti sosial şəbəkə hesabında 41 yaşlı rusiyalının paltardəyişmə otağındakı çıxışından çəkilən videonu paylaşıb:
“Bu, mənim sonuncu ilim olacaq. Əminəm ki, sizin bunu bilməyiniz mən və ailəm üçün önəmli məqamdı. Kədərlidi, ancaq belədi. Burdakı ilk ilimi xatırlayıram, sanki dünən idi. İndi artıq 22-ci mövsümü keçirirəm.Gəlin ləzzət alaq və bu il nəsə xüsusi bir şey edək”.
Oveçkin daha sonra 2026/27 mövsümünün sonunda MHL karyerasını bitirməklə bağlı qərarına geniş izah verib:
“Ailəmlə birgə yayda qərar verdik ki, bu, MHL-də son mövsümüm olacaq. Bu oyunu çox sevirəm, ancaq ürəyim doğru qərar verdiyimi deyir. İlk ev oyunumuz ərəfəsində belə açıqlama vermək mənim üçün çox vacib idi. Hokkeydə mən və ailəm üçün önəmli olan, pis və yaxşı günlərdə yanımızda olan hər kəsə təşəkkür etmək istəyirəm. Onlarsız həyatda indiki uğurlara nail ola bilməzdim. Komanda yoldaşlarımla birgə bu mövsümü səbirsizliklə gözləyirdim. Mövsümün xüsusi olması üçün mümkün olan hər şeyi edəcəyik. Hokkey karyeramın bir hissəsi olan hər kəslə keçirəcəyim zamanın hər anından ləzzət almaq istəyirəm”.
Xatırladaq ki, “Vaşinqton” Oveçkini MHL-in 2004-cü il draftında 1 nömrə altında seçib. 2005-ci ildən “Kepitalz”ın şərəfini qoruyan rusiyalı 2018-ci ildə Stenli kubokunu qazanıb. Paytaxt klubu iyulun əvvəlində onunla 2026/27 mövsümünün sonuna qədər yeni müqavilə imzaladığını elan edib.
Müntəzəm çempionatda qol sayına (929) görə rekordçu olan Oveçkin ötən ilin aprelində Ueyn Qretskinin (894) rekordunu yeniləyib. Pley-offu da nəzərə alsaq, rusiyalı ulduz (1006 – 929+77) kanadalı həmkarından (1016 – 894+122) azca geri qalır.
Oveçkin vətənində Moskva “Dinamo”sunda (2001-05 aralığında və 2012/13 mövsümündə) çıxış edib, Rusiya yığmasının heyətində üç dəfə (2008, 2012, 2014) dünya çempionu olub.






