Ronaldo hər şeyə aydınlıq gətirdi və... gülünc vəziyyətə düşdü - “Pele və Maradona səviyyəsindəki futbolçunu...”

13.10.2026 22:01 36
Dünya futbolu
Kriştiano Ronaldo gündəmdən düşmək bilmir. Və ya sadəcə, gündəmdən düşmək istəmir.

“Qızıl top”un beşqat qalibinin baş məşqçi Jorje Jezuşdan acıq edərək Danimarka ilə oyundan öncə Portuqaliya yığmasının düşərgəsini tərk etməsindən, yəqin ki, xəbərdarsız. Ötən həftə bu mövzuya geniş şəkildə toxunmuşduq. Bu mövzu yavaş-yavaş arxa plana keçməyə və hamı Lionel Messinin vidası haqda danışmağa başlamışkən Ronaldo yenə “mən də varam” dedi. O, sözünə sadiq qalaraq Jezuşla aralarında yaşananlara dair öz səhifəsində geniş bir paylaşım edib.

8 bəndlik “əfsanəvi” mətn
Həmin geniş açıqlamanın məğzi ilə sizi tanış edirik:

“DÇ-2026-dan sonra yığma karyeramı bitirməyə hazırlaşırdım. Hətta mətn də hazırlamışdım və həmin mətn indiyə qədər də məndədi. Amma sonra federasiya prezidenti məndən bu qərarımı gözdən keçirməyi xaiş etdi. Ona Jezuşun təyinatını dəstəklədiyimi dedim. Yığmada neçə dəqiqə oynayacağıma dair xüsusi plan hazırladıq. Əslində Norveçlə oyunu buraxmalıydım. Baş məşqçi isə gözlənilmədən mənə Norveçlə oyunda 30 dəqiqə oynamağı təklif etdi. Razılaşdım və fasilədən dərhal sonra isinmə hərəkətləri etməyə başladım. O isə məni oyuna buraxmadı və verdiyi sözü tutmadı. İki gündən sonra belə razılaşdıq ki, Jezuş mətbuat önündə hər şeyə aydınlıq gətirməli olacaq və mənə bu matçda oynamaq təklifini özü verdiyini dilə gətirəcək. Hətta əvvəlcədən mətn də hazırladıq. Amma məşqçi mətbuat konfransında tam başqa sözlər söylədi və ikinci dəfə sözünün üstündə durmadı. Bundan sonra da özümü aldadılmış hiss edərək yığmanın düşərgəsini tərk etdim. Başa düşürəm ki, düzgün hərəkət deyildi. Komanda yoldaşlarımdan və fanatlarımızdan üzr istəyirəm. Mən kapitanam və federasiyanın verəcəyi istənilən cəzanı çəkməyə hazıram. Ancaq yığma karyeramı bitirmirəm. Sağlamlığım imkan versə, cəzamı çəkəndən sonra yenidən yığmaya yardım etməyə hazır olacam. Vida oyunu üçün hələ zamanım olacaq. Hələlik isə yığma üçün oynamaq və qalib gəlmək istəyirəm”.

Bu sözlərdən əlavə Ronaldo öz 679 milyonluq “instaqram” səhifəsində Jezuşun mətbuat konfransında oxumalı olduğu 8 bəndlik mətni də paylaşıb! Yəni ünlü mütəxəssis Danimarka ilə oyundan öncə qarşısına qoyulan kağızdan bu sözləri oxumalıydı. Pele ilə Maradonanın qeyd olunduğu bəndə xüsusi diqqət yetirin.

1. Mən özüm Ronaldonun bu “pəncərədə” yığmada oynaması ilə bağlı planı tərtib etmişdim.
2. Onun yığmanı necə sevdiyini və son 24 ildə bu komandaya necə təsir göstərdiyini bilirəm.
3. Kriştiano mənim hazırladığım planla razılaşdı.
4. Heç vaxt mənim qərarlarımla mübahisə etməyib. Əsl peşəkardı və başqaları üçün örnəkdi.
5. İlkin plana görə Kriştiano Norveçlə oyunda meydana çıxmamalıydı. Ancaq onun oynamağa hazır olduğunu gördüm və o matçda meydana çıxmağı təklif etdim. O da razı oldu.
6. Pele və Maradona səviyyəsindəki bir futbolçunu isinmə hərəkətləri etməyə göndərib sonra da meydana buraxmamaqla səhvə yol verdim. İndi olsa, belə etməzdim.
7. Kriştianonun yığmada qalmasını istəyirəm. Özü də lap çox istəyirəm. Yaxşı ki, o da mənə güvənir.
8. Onun fanatları salamlamaqdan imtina etməsinə gəlincə, bu mövzunu artıq müzakirə etmişik. Yığmada 230-dan çox oyun keçirmiş futbolçu Portuqaliyaya olan sevgisi baxımından mənim məsləhətimə ehtiyac duymur. Bu, sadəcə, üzgünlükdən atılmış bir addım idi və ciddi məna kəbs etmir.

Yığmanın izləyici sayı azalıb, sponsorlar da ayrıla bilər
Bu mətnin əvəzinə Jezuş mətbuat konfransında bunları dedi:

“Bu gün məşqimiz var. Hər şey plan üzrə getsə, sabahkı oyunda Qonsalo Ramuş oynayacaq. Ancaq oyunun axarının necə alınacağını bilmirəm. Kim bilir? Ronaldoya ehtiyac duysaq, meydana çıxacaq. Ehtiyac duymasaq, oynamayacaq”.

Oktyabrın 6-da, yəni Ronaldonun öz versiyasını paylaşdığı gün portuqaliyalı həmkarlarımız 72 yaşlı Jezuşu evinin önündə yaxalayaraq ondan həmin paylaşımı görüb-görmədiyini soruşdular. Məşqçinin cavab belə oldu:

“Leyriyada idim və gənclər yığmamızın oyununu izləyirdim. Ronaldo nəsə paylaşıb? Artıq vaxtım var. Gedib oxuyacam”.

Ertəsi gün səhər saatlarında jurnalistlər yenə Jezuşu evinin önündə yaxaladılar. Təcrübəli mütəxəssis bu dəfə paylaşımı oxuduğunu desə də, ictimaiyyət önündə kapitanla söz davasına çıxmaq istəmədi:

“Bəli, yazdıqlarını oxudum. İndi isə hər gün olduğu kimi federasiyanın binasına gedirəm. Orda komanda və Portuqaliya yığması haqda düşünəcəm. Başqa deyəcəyim söz yoxdu”.

Ronaldonun demarşı bir tərəfdən ciddi problemlərə səbəb olub. Portuqaliyanın baş naziri Luiş Monteneqro ilk günlərdən məsələyə qarışaraq tərəflərin hər biri ilə ayrılıqda söhbət etmişdi. Onu təkcə Ronaldonun ayrılmasından sonra yığmanın nəticələrinin pisləşib-pisləşməməsi maraqlandırmırdı. Monteneqronu həm də komandanın, federasiyanın və sonda da ölkənin beynəlxalq aləmdə imicinə dəyən ziyan maraqlandırırdı. Digər partiyalar və nazirlər isə baş nazirin bu mövzudakı canfəşanlığını dəstəkləmədilər. Olayın ilk günlərində Lissabonun bəzi yerlərində, hətta federasiyanın binasının önündə Ronaldonun lehinə olan sürpriz reklam lövhələri diqqəti çəkmişdi. Düzdü, federasiyanın binasının önündəki lövhə cəmi 45 dəqiqə sonra ordan götürüldü. Bu hadisənin sosial şəbəkədəki təsiri də maraq doğurur. Məsələn, münaqişə başlamamış Portuqaliya yığmasının “istaqram”da 25 milyondan çox izləyicisi var idi. Hazırda isə bu rəqəm 22,7 milyona bərabərdi. Yəni səhifə 2,3 milyon izləyici itirib. İzləyici sayına görə onsuz da rekordçu olan Ronaldonun izləyiciləri isə 400 minə yaxın artıb. Yığma komandanın paylaşımlarındakı şərhlərdə indiyə qədər də əsas mövzu yalnız Ronaldodu. Şərh yazanların böyük əksəriyyəti ünlü futbolçuya dəstək verir.

Bu arada yığmanın sponsorlarının da ayrıla biləcəyi haqda iddialar baş qaldırıb. Düzdü, hələlik rəsmi şəkildə federasiyanın əməkdaşlıq etdiyi heç bir şirkət ayrılmaq və ya anlaşmanın şərtlərini dəyişmək istədiyini bildirməyib. Amma məsələn, “İvity Brand Corp” brendinq şirkətinin prezidenti Karluş Koeyro yaşananları “iqtisadi zəlzələ” adlandırıb və federasiya üçün ciddi itki adlandırıb. Onun sözlərinə görə, dünyada milyonlarla insan Portuqaliya yığmasını Ronaldoya görə izləyir və bu insanları komandanın qələbəsi və ya məğlubiyyəti maraqlandırmır. O, Ronaldosuz bir matçda daha az auditoriya, daha az sponsor olduğunu, daha az forma satıldığını bildirib.

“Ronaldo komandadan çox özünü düşünür”
Ancaq digər tərəfdən Ronaldo öz səhifəsində Jezuşun guya ki, mətbuat konfransında deməli olduğu sözləri paylaşmaqla özünü sözün əsl mənasında gülünc vəziyyətə salıb və sərt tənqid obyektinə çevrilib. Onu ən sərt tənqid edənlərdən biri “Benfika” ilə 1962-də ÇK-nı qazanmış və Portuqaliya yığması ilə DÇ-1966-nın bürünc mükafatçısı olmuş Antonio Simoynş olub:

“Nə üçün komandada ona xüsusi münasibət olmalıdı? Bəlkə də statusu fərqlidi, amma o da bu komandanın bir üzvüdü. Mən Eysebio ilə oynamışam, eləcə də Pele və Maradona ilə dəfələrlə söhbət etmişəm. Onların heç biri ilə bağlı belə söz-söhbət eşitməmişəm. Məşqçi nə qədər lazım bilirsə, futbolçu o qədər də isinmə hərəkətləri etməlidi. Kənardan artıq elə təəssürat yaranır ki, Ronaldo komandadan çox özünü düşünür. 41 yaşı var və məncə, artıq dayanmaq vaxtıdı”.

“Barselona”nın sabiq direktoru Toni Freyşa isə portuqaliyalı ilə məzələnmək qərarına gəlib: “Ronaldonun özünü Pele və Maradona ilə müqayisə etməsi iki şeydən xəbər verir: birincisi, o, futbol tarixindəki yerini dərk etmir. İkincisi, artıq özünü Messi ilə müqayisə etməyə cürəti çatmır”.
Hazırda “Sport TV”də ekspert kimi çalışan sabiq futbolçu Rikardo Eşteveşin isə mövqeyi belədi:

“Mən bu məsələdə ilk gündən Jezuşun tərəfindəyəm və mövqeyim dəyişməyib. Baş məşqçi komandanın maraqlarını nəzərə alaraq hərəkət edib. Ronaldonun son paylaşımı onun yığmanın düşərgəsini icazəsiz tərk etməsinə haqq qazandırmır. Ronaldonun məşqçinin deməli olduğu sözləri paylaşması isə əsl fiaskodu. Bu, onun nüfuzunu artırmır. Harda görünüb ki, məşqçi futbolçusunun uğurlarını bir-bir sadalamaq məcburiyyətində qalsın?! Ronaldo ya özünü həqiqətən də yığma komandadan üstün sayır, ya da kənardan belə görünmək istəyir”.

Media nümayəndələrinin və yerli futbol ictimaiyyətinin böyük əksəriyyəti Kriştianonu bu paylaşıma görə tənqiq etsələr də, onun tərəfini tutanlar da var. Təbii ki, bunların başında Ronaldonun köhnə dostu, britaniyalı aparıcı Pirs Morqan gəlir. Ronaldonun daha bir yaxın dostu, jurnalist Edu Agirre, onun “El Çirinqito”dakı həmkarı Jozep Pedrerol, ispaniyalı xanım jurnalist İrene Xunkera, eləcə də jurnalist Xose Luis Sançes bu mövzuda ünlü futbolçunun tərəfini tutublar. Bu həngamədə diqqətdən qaçan bir məqam var: Ronaldo hələ də yığma karyerasını bitirməyib. Ancaq böyük ehtimalla Jezuş bu vəzifədə olduğu müddətdə, çətin ki, biz Ronaldonu bir daha yığmanın heyətində görək.

ƏLİ RAUFOĞLU hazırladı