''Fənərbaxça'' bu futbolçuya görə 50 milyon avro təklif edibmiş!

11.10.2026 09:52 18
Dünya futbolu
Bu yay heyətini 5 yeni futbolçu ilə gücləndirən ''Fənərbaxça''da transfer dönəminə dair diqqətçəkən bir iddia ortaya atılıb.

"Football-plus.az" xəbər verir ki, bu iddia Portuqaliya mətbuatından gəlib.

Sən demə İstanbul nəhəngi Romelu Lukakunu transfer etməmişdən öncə başqa bir hücumçuya görə 50 milyon avro təklif edibmiş! Söhbət ''Benfika'' və Yunanıstan yığmasının forvardı Vangelis Pavlidisdən gedir. Avqustun əvvəllərində Türkiyə mətbuatında ''Fənər''in Pavlidisə görə 30 milyon avro təklif etdiyi haqda xəbərlər dərc olunmuşdu. Həmin vaxt yazılanlara görə guya ''Benfika''nın ən azı 45 milyon avro tələb etməsinin ardından ''sarı-lacivərdlilər'' danışıqları dayandırmışdılar. Sən demə heç də belə deyilmiş. ''Fənər'' ''Benfika''ya 50 milyon avro, Pavlidisin özünə isə 8 milyon avro maaş olmaqla dördillik müqavilə təklif edibmiş! 27 yaşlı futbolçu Türkiyədə oynamağın əleyhinə olmasa da, Lissabon nəhəngi hətta bu cür astronomik məbləğə də onu satmağa razı olmayıbmış.

Bu yay Girassi və Pavlidis başda olmaqla ciddi maraq göstərdiyi hücumçuların heç birini ala bilməyən ''Fənər'' sonda məcburiyyətdən Lukakuya üstünlük verməli oldu. Belçikalı forvard indiyə qədər də Türkiyə macərasında qol hesabını aça bilmədiyi halda transfer dəyəri 35 milyon avro civarında olan Pavlidis bu mövsüm ''Benfika''nın heyətində 13 rəsmi oyunda 14 qol, 3 məhsuldar ötürməlik diqqətçəkən performans ortaya qoyub.