TFF prezidenti istefa verməsə də, idarə heyətində istefalar davam edir

10.10.2026 09:59 27
Dünya futbolu
Dünən Türkiyə Futbol Federasiyasının idarə heyətinin maraqla gözlənilən iclası keçirilib.

Əsas məsələ son dönəmlərdə Türkiyə futbolunda yaşanan qalmaqal fonunda federasiya prezidenti İbrahim Hacıosmanoğlunun istefa verib-verməyəcəyi idi.

Bilindiyi kimi Hakimlər Komitəsinin sədri Fərhat Gündoğdu həm həbs olunub, həm də istefa verib. Komitənin daha bir neçə üzvü, eləcə də tanınmış hakim Yasin Kol da həbs olunub. Ancaq Türkiyə mətbuatının yazdığına inansaq, Hacıosmanoğlunun istefa verərək növbədənkənar seçkilərə getmək niyyəti yoxdu. O, seçkilərin öz vaxtında, yəni 2028-də keçiriləcəyini bildirib. Bu da o deməkdi ki, Hacıosmanoğlu daha iki il vəzifəsində qalmaq niyyətindədi.

Federasiya başqanı toplantı başlamamışdan öncə ayaqüstü ''Tivibu Spor'' kanalına bunları deyib:

''Məni tanıyırsız, sizcə istefa verərəmmi''.

Bu arada Hacıosmanoğlunun vəzifəsinə davam etmək arzusu idarə heyətində heç də hamının ürəyincə olmayıb. Daha öncə idarə heyətinin 3 üzvü istefa vermişdisə, iddialara inansaq, toplantının ardından daha 5 isim - Məcnun Odyakmaz, Bilal Arslan, Mustafa Bozbağ, Zəfər Bahadır Saraç və Murat Şahin istefa verib!

Gözlər Hacıosmanoğlunun toplantının ardından verəcəyi acıqlamalara yönəlib.