Bildiyiniz kimi, yenilənmiş stadionda açılış oyunu avqustun 30-da keçirildi. Həmin oyun üçün ən ucuz bilet 3 manata satılırdı, 5, 10 və 20 manata satılan biletlər də var idi. “Football-plus.az” çempionluğa oynamayan bir komandanın ev oyununu üçün bilet qiymətinin hədsiz baha olduğunu bildirmiş, klubun artıq sabiq olan mətbuat katibi Gəray Qiyasov isə bunu qıcıqla qarşılamışdı:
“Sabah” Çempionlar Liqasına bir manatdan qoya bilər, amma sırf başqa klublarla müqayisə ediriksə, ötən mövsüm “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsində biletləri neçə manatdan satışa çıxarmışdı?! O bucaqdan baxsaq, biz biletləri 30-50 qəpikdən sataq? Bu düzgün müqayisə deyil. Hələ stadion təmir olunmamış biletlərin qiyməti 2 manatdan başlayırdı. Stadionda VİP sektoru yox idi. İndi isə hər şey yenidi, hər cür şərait var. İndi, sadəcə, 1 manat artım var. VİP isə 20 manatdı. Bakıdakı stadionlardan hansında VİP sektora bilet 20 manatdı?!”
Bəli, Əlahəzrət Zaman bəlkə də 100-cü, 1000-ci dəfə “Futbol+”i haqlı çıxardı. “Kəpəz” “Şamaxı” ilə oyunun biletlərini təxminən 50 faiz ucuzlaşdırıb. Əvvəl 3 manata olanlar bu dəfə 2, əvvəl 5 manata olanlar bu dəfə 3, əvvəl 10 manata olanlar bu dəfə 5 manata satışa çıxarılıb. 20 manatlıq biletlər isə satışdan çıxarılıb. Klub qiymət endirimini belə əsaslandırıb:
“Azarkeşlərin böyük istəyi və marağı nəzərə alınaraq, bu dəfə satışa daha ucuz biletlər çıxarılıb”.
Nə deyirik, bazar olsun, təki Gəncə stadionunun tribunaları həmişə dolsun! Ancaq bəzi reallıqları görmək üçün o gözəl və qədim şəhərdə yaşamaq vacib deyil. Bakıdan da hər şey aydın görünür!
HUŞƏNG






