Aşağı liqa klublarını yenə böyük məbləğdə cərimələr, ağır sanksiyalar gözləyir? – AFFA rəsmisi açıqladı

2.09.2026 15:23 11
Ölkə futbolu / Aktual
Misli premyer-liqasında yeni mövsüm başladığından AFFA İntizam Komitəsi də qayda pozuntularına uyğun olaraq, cərimələrə və sanksiyalara start verib.

Bilindiyi kimi, bu gün 2-ci liqada mövsüm start götürüb, cümə axşamı isə 1-ci liqada yeni mövsümün ilk oyunları keçiriləcək. Xatırlayırsızsa, ötən mövsüm aşağı liqa klublarının böyük məbləğdə cərimələnməsi, ağır cəzalarla üzləşməsi ilə yadda qaldı. Maraqlıdı, komitə bu çempionatlarla bağlı cərimə və sanksiyaların yumşaldılması yönündə addım atacaq, yoxsa qaydalara riayət etməyən komandaları eyni, hətta daha ağır cəzalar gözləyir?

Bu sualla AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynova müraciət etdik. Qurum rəsmisi “Football-plus.az”a açıqlamasında hələ yeni mövsüm üçün İntizam Məcəlləsinin təsdiqlənmədiyini, köhnə məcəllənin qüvvədə olduğunu, yeni məcəllə ilə bağlı yekun qərarın İcraiyyə Komitəsinin iclasında veriləcəyini dedi.

Bəllidi ki, aşağı liqa klubları istər maliyyə, istərsə də peşəkar idarəçilik baxımından ciddi çatışmazlıqlar yaşayır. Əslində məhz bu səbəbdən müəyyən güzəştlər tətbiq olunmalı, komandalar üçün daha uyğun şərait yaradılmalıdı. Axı belədə aşağı liqalarda inkişaf prosesi sürətlənə, onsuz da maddi sıxıntılar içində mübarizə aparan klublar maliyyə durumunu sabitləşdirə bilər. Bəs, futbolumuzun başbilənləri də belə düşünürmü? Tarixi dəqiq bilinməsə də, Erkin bəyin nəzərdə tutduğu iclasda sualımıza cavab tapacağıq.

KƏNAN BAHADIR