…90+1-ci dəqiqədə “Qarabağ”ın qapısına cərimə zərbəsi təyin olunur, müdafiədən çıxarılan top Kaşukun ayağına düşür, ukraynalı ilə eyni zamanda Muaddib, Montel və Bolt da irəli şığıyır. Artıq meydanın rəqibə aid hissəsində olan Kaşuk ən uyğun mövqedə qərarlaşan Muaddibə ötürmə vermək, qapıya zərbə vurmaq, driblinqə əl atmaq əvəzinə ləngiyir, Bryunsla Pyatsanın topu ələ keçirmək ehtimalından çəkinərək topu bir qədər arxada olan Makreçkisə ötürür. Cebrail topu arxaya göndərir, top yenidən irəli ötürülür, yenə meydanın “Qarabağ”a aid hissəsinə qaytarılır, Bədavi mərkəzə yaxın yerdə uğursuzcasına havaya tullanır, çatmır, Yankoviç uşaq baxçasındaymış kimi topu göyə qaldırır, rəqibin yeni hücumu başlayır, top “Qarabağ”ın cərimə meydançasına ötürürür, heç kimin mane olmadığı, təzyiq etmədiyi Varkonyi (“Dinamo” ilə səfər oyunundakı qolun “memarı”!) topu meydanın rəqibə aid hissəsinə vurmaq, auta çıxarmaq əvəzinə ən uğursuz yola əl atır – kornerə səbəbkar olur. Bunun adı bilərək və ya bilmədən rəqibin əlinə oynamaqdı.
Şəxsən mən heç vaxt peşəkar səviyyədə futbol oynamamışam, həftədə bir dəfə dost-tanışla “gözümüzün qurdunu öldürürük”. Ancaq həvəskarlar belə yaxşı bilir ki, topu auta göndərmək mümkün olan məqamda kornerə çıxarmaq ən azı axmaqlıq, ən çoxu komandanı dəfn etməkdi.
...Bütün bu təsvir etdiyim proses heç bir dəqiqə çəkmədi, ancaq Kaşukdan başlayan, başqa futbolçuların da iştirakçısı olduğu səhv qərarlar ümumi hesabın bərabərləşməsinə gətirib çıxaran qolla nəticələndi. Sonrası aydındı. Səhvini qəlbinin dərinliyində yaxşı anlayan Varkonyi sarı vərəqə alır. Əlavə vaxt başlayan kimi Veqhorst Mateus Silvanın “yuxulamasından” istifadə edib, 3-cü qolu vurur, bərbad oyun keçirən, meydana sanki rəqib futbolçularla hesablaşmaq üçün çıxan Yankoviç “qırmızı” ilə qovulur və Azərbaycanın liqa mərhələsində iki komanda ilə mübarizə aparmaq ümidləri bitir.
Bilirsizmi, məni bir də hansı məqam yandırdı – Veqhorstun qol vurandan sonra əlini göyə qaldırıb, “Allah var” tipli mesaj verməsi. Allah varsa, ilk növbədə həlledici anda məsuliyyətsiz qərar verən Kaşukla Makreçkisi, sonra da başqalarını cəzalandırmalıdı!
Bilərəkdən oyuna 90+1-ci dəqiqədən başladım. Əvvələ qayıtsam, onda gərək “Qarabağ”ın məşqçi heyətinin, hörmətli Qurban Qurbanovun və futbolçuların ardıcıl səhvlərindən ibarət bir dastan yazım. Mən isə adi bir jurnalistəm, dastan yazmaq niyyətim yoxdu. Sadəcə, rəhmətlik Tağı Əhmədov demişkən, dünəndən məğlubiyyətin ağrısından cızıldayırıq, yanırıq, dedim, heç olmasa, ürəyimi boşaldım.
ORXAN
Kaşukdan başlayan səhvlər zənciri, yoxsa xəyanət?
Yazarlar / Manşet






