Bu yay “Qarabağ”ı “Seltik”ə dəyişən Kamilo Duran uyğunlaşma dövrünü gözləniləndən də tez arxada qoyub. Kolumbiyalı hücumçu artıq təkcə Şotlandiya premyer-liqasında və ölkə kubokunda yox, Çempionar Liqasında da özünü göstərə bilib.
Çempionlar Liqasında “Seltik”in LASK-a qarşı keçirdiyi oyun Duran üçün xüsusilə parlaq alınıb. Onun komandası 3:0 hesabıyla qələbə qazanıb ki, rəqibin qapısına vurulan qollardan ikisinin müəllifi məhz “Qarabağ”ın sabiq hücumçusudu.
Duranın istedadlı olduğunu “Qarabağ”dakı çıxışından görmüşdük. Qol duyumu yüksək olan hücumçu “Seltik”in bir parçasına çevrilməyi də çox sürətlə bacardı. Onun “Milan”la yoxlama oyununda erkən qol vurması təkcə hücumçu kimi istedadlı olmasının yox, həm də yetkin və psixoloji cəhətdən rahat bir futbolçu kimi özünü təsdiqləyə bilməsinin göstəricisi idi. Məhz yay fasiləsindəki inamlı davranışı, yeni komandasında adından söz etdirməyə bacarması Çempionlar Liqasındakı “dubl”un da xəbərçisi idi. Gözləmək olar ki, zaman keçdikcə Duran Şotlandiya çempionunun heyətində daha yaxşı çıxış edəcək, istedadını tam şəkildə açacaq.
Durandan savayı bu yay Azərbaycanı daha bir legioner tərk edib, tanınmış klubla müqavilə bağladı. Söhbət Aaron Maludadan gedir. Fransanın “Lill” klubunun heyətində özünə yer tapa bilməyən futbolçu oyun təcrübəsi qazanmaq üçün “Sabah” birillik icarə əsasında gəldi. Burda oyunu yetərincə yaxşı alındı, özünü göstərməyi bacardı. “Sabah” rəhbərliyi də zamanında tədbirli davranıb, onunla müqavilə bağladı. Çox keçmədi ki, bu uzaqgörənliyin bəhrəsi “Sabah”a üç milyon avro qazandırdı. Yeganə təəssüfləndiyimiz məqam o oldu ki, parlamağa başlayan Maluda “Sabah”a avrokuboklarda yetərincə fayda vermədi, Çempionlar Liqasındakı məsul oyunlar ərəfəsində “Bazel”ə yollandı.
“Sabah” hər dəfə çətinliyə düşəndə Maludanı xatırlayırdıq. Hələ Finlandiya çempionu ilə Bakıdakı oyunda onun yeri görünürdü. Dambrauskas da oyunsonrası mətbuat konfransında açıq danışmışdı: “mental baxımdan hazırlıqlı olmayan Maludanı oynada bilməzdim”. Çox keçmədi ki, həqiqəti hamı bildi. Maluda Avropanın qərbindən gələn sərfəli təkliflərdən sonra Masazırdan soyuyub, bir an öncə özünü tanınmış klubların formasında görməyi arzulayıb. Bunu hiss edən Dambrauskas da futbolçunun yolunu kəsmədi, rəhbərlik də bu satışdan klubun büdcəsini zənginləşdirmək fürsətini qaçırmadı.
“Hapoel”lə görüşdə yenidən Maludanı xatırladıq. Elə “Qarabağ” Sofiya ÇSKA-sı, Kiyev “Dinamo”su qarşısında çətinlik çəkəndə də Duran yadımıza düşürdü. “Tvente” ilə çətin oyunu düşünəndə də eləcə. Mən bu sətirləri qələmə alanda hələ “Tvente” ilə oyun keçirilməyib. Amma heç şübhə etmirəm ki, hansısa epizodda Kamilo Duranı xatırlayacağıq, onun “Qarabağ”ın heyətində “Tvente”yə qarşı oynamamasına görə təəssüflənəcəyik. Necə ki, Duranın “Seltik”də iki qol vurmasını öyrənən kimi qarmaqarışıq hisslər keçirdik, bilmədik sevinək, ya kədərlənək.
Amma məşhur mahnıda deyildiyi kimi, artıq gedən qatarın dalınca baxmağa ehtiyac yoxdu. Elə Duranın heyətdə olduğu oyunlarda “Qarabağ” “Kəpəz”, “Şamaxı” kimi rəqiblərə qarşı çətinlik çəkib, “Sabah”la bacarmayıb. Mən hələ Çempionlar Liqasında Duranın və başqalarının qarasınca deyindiyimiz, onları bu səviyyədə oyunlara layiq bilmədiyimiz günləri demirəm. O cümlədən də Maludanın Çempionlar Liqasında uğur qazanacağına, “Sabah” üçün bundan sonra can qoyacağına da heç kim təminat verə bilməzdi.
İrəli baxmaq lazımdı. İnanaq ki, gələcəkdə bizi yeni duranlar, maludalar gözləyir. “Qarabağ”, “Sabah” və başqa klublarımız belə parlaq legionerlər tapmaqla yanaşı, yerliləri də yetişdirəcəklər. Məhz onların iştirakıyla daha böyük uğurlar qazanacağıq. Ən yaxşısı ümid etməkdi. Gedənlərin arxasınca baxmaq onsuz da bizə heç nə qazandırmayacaq.
AMAL
Maludanın, Duranın dalınca baxma!
Manşet / Yazarlar






