“Oyunda 100-ə qədər azarkeşimiz ola bilər” – Buxarestdən yeni xəbərlər

19.08.2026 16:24 4
Avrokuboklar / Aktual
Bu axşam saat 23.00-da “Sabah” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İsrail “Hapoel”i ilə üz-üzə gələcək. Oyunun məlum səbəbdən Buxarestdəki “Culeşti” stadionunda keçiriləcəyini bilirsiz. Bəs hazırda Rumıniya paytaxtında ab-hava necədi? Şəhərin küçələrində azərbaycanlıları müşahidə etmək olurmu? Stadionun vəziyyəti, ot örtüyü necədi?

“Football-plus.az” bu suallara cavab tapmaq üçün matçı yerindən şərh edəcək “İctimai” TV-nin idman departamentinin rəhbəri Kənan Hakimovla əlaqə saxlayıb:

“Stadion çox rahat və yığcamdı. Giriş-çıxışlar kifayət qədər rahatdı, tribunalar isə meydana çox yaxındı. Bir sözlə, əsl futbol arenasıdı. Düşünürəm ki, futbolçulara da bu arenada oynamaq zövq verəcək. Stadionu çox bəyəndim. Təxminən 14 min tamaşaçı tutumuna malikdi.

Ot örtüyünün vəziyyətinə gəlincə, dünən baxdıq, ümumilikdə hər şey idealdı. Azarkeşlərlə bağlı isə dəqiq məlumatım yoxdu. “Milli Dəstə”dən tanıdığımız Şamil Mustafayev dünən Buxarestə gəlib. O, tək gəlib və burdan çıxaraq “Qarabağ”ın oyununa da çatmağı planlaşdırır. Ümumiyyətlə, Buxarestdə, eləcə də Rumıniyada azərbaycanlıların sayı çox deyil. Ona görə də düşünürəm ki, oyunda təxminən 100-ə qədər azarkeşimiz ola bilər. Ümumi ab-havaya gəlincə, şəhərdə xüsusi bir fərq hiss olunmur. Təbii ki, matç zamanı da bunun ciddi şəkildə hiss olunacağını düşünmürəm. Burda aldığım məlumata görə, “Hapoel”in kifayət qədər azarkeşi komandanı dəstəkləməyə gələcək. Çünki onlar üçün bu, Çempionlar Liqasında üçüncü pley-off cəhdidi. Daha əvvəl “Seltik” və “Maribor”la qarşılaşmalarda mübarizəni son anda dayandırıblar. Bu səbəbdən qarşıdakı görüşə marağın böyük olduğu görünür. İsrail mediasında da oyuna ciddi maraq var, bu, oyunöncəsi mətbuat konfransında da göründü. Azarkeş sayının çox olacağını düşünmürəm. Əsas səbəb isə qarşılaşmanın neytral stadionda keçirilməsidi”.


İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul