Türkiyə mətbuatında ''Beşiktaş''ın yeni transfer Leandro Trossarın lisenziyasını çıxarmaqla bağlı problem yaşaması haqda diqqətçəkən iddialar ortaya atılıb.
Məsələ burasındadı ki, İstanbul nəhəngi bu keçidi hələ iyulun 15-də rəsmi olaraq açıqlamışdı. Belçikalı ulduz dünya çempionatının ardından Türkiyəyə gəlmiş və fanatların önündə rəsmi müqaviləyə imza atmışdı. Daha sonra Türkiyədən ayrılaraq tətilə yollanmışdı.
Təcrübəli futbolçu artıq tətilini başa vuraraq yeni komandası ilə birlikdə məşqlərə başlayıb. Amma iddialara inansaq, ''qartal'' hələ də bu oyunçunun lisenziyası üçün Türkiyə Futbol Federasiyasına baş vurmayıb. Klubdan bununla bağlı rəsmi açıqlama verilmədiyi üçün problemin nədən qaynaqlandığını müəyyənləşdirmək çətindi.
Bəzi mənbələr bunun həyətdəki legionerlərin bolluğu, bəziləri isə klub üçün müəyyənləşdirilən xərc limiti üzündən yaşandığını iddia edir. Trossarın lisenziyası çıxarılmadığından təbii olaraq onun adı UEFA-ya göndərilən iştirak ərizəsində də yoxdu. Avropa Liqasının 2-ci təsnifat mərhələsində ''Midtüllann'' səddini aşan ''ağ-qaralar''ı növbəti mərhələdə Çexiya təmsilçisi ''Hradets Kralove'' gözləyir.
Düzdü, ''Beşiktaş''ın oyuna 24 saat qalana qədər UEFA-ya göndərdiyi istirak ərizəsində dəyişiklik etmək ixtiyarı var. Amma qeyri-adi bir şey baş verməsə, Trossar avqustun 6-da Çexiyadakı ilk oyunu buraxmalı olacaq. Lisenziya məsələsi yoluna qoyulsa, 31 yaşlı vinger ən yaxşı halda avqustun 13-də İstanbuldakı cavab oyununda forma geyə biləcək.