Bir neçə gündü bütün Almaniya onun qəhrəmanlığından danışır. Artıq bundestimin Dəniz Undavın simasında yeni qolçusu var.
"Football-plus.az" xəbər verir ki, Kot d’İvuar ilə matçın son dəqiqələrində dubl edən futbolçu komandasını məğlubdan qalibə çevirdi. Hücumçu bu uğuru ilə ölkəsində özü ilə bağlı müsbət fikirlər formalaşdırdı.
Son 8 oyunda 9 qol vurub!
Almaniyanın 2:1 hesablı qələbəsini təmin edən futbolçu bir andaca qəhrəman imici qazandı. Qrup mərhələsindəki iki qələbə Yulian Naqelsmannın komandasını dünya çempionatının pley-offuna daşıdı. Dəniz birdən gözdən itdi, sevincdən qucaqlaşan komanda yoldaşlarının arasında yoxa çıxdı. Matçın sonuna saniyələr qalarkən ikinci qolu vurmaqla sanki nə etdiyini dərhal anlamadı. Amma az sonra bundestimin xilaskarı olduğunu dərk etdi.
“Bunu necə edirəm? Heç bir fikrim yoxdu. Sadəcə, lazım olan yerdə peyda oluram” – deyə “Ştutqart”ın 29 yaşlı hücumçusu oyundan sonra müəmmalı şəkildə gülümsəyərək zarafat etdi. Naqelsmanndan xüsusi tərif eşitdi. İkinci hissənin ortalarında Undavı meydana buraxmaqla düzgün dəyişiklik edən 38 yaşlı mütəxəssis matçdan sonra qəhrəmanın bu keyfiyyətini xüsusi vurğuladı:
“Dəniz qapıya inanılmaz dərəcədə yaxşı baxır. Boşluq yaranan kimi bundan istifadə edir”.
Köynəyini açıq geyinməyi sevən, demək olar ki, ətəyini heç vaxt şortuna salmayan Undav dünya çempionatında meydana çıxdığı ikinci matçda da qol vuraraq milli formadakı seriyasını davam etdirdi: zarafat deyil, o, bundestimdə keçirdiyi son 8 oyunda qapıya 9 dəfə yol tapıb! Bu qollardan üçünün mundiala təsadüf etdiyini isə xüsusi vurğulamalıyıq. Onun son 8 matçda hesabına 2 məhsuldar ötürmə yazdığını, 2024-cü ildən dəvət aldığı yığmada ümumilikdə 11 oyuna 9 qol vurduğunu da bildirək.
Qatil instinktinə malik hücumçu
Kot d’İvuar ilə matçın qəhrəmanı mətbuat konfransında keçirdiyi hissləri belə ifadə etdi:
“İnanılmaz dərəcədə xoşbəxtəm. Özümü gülümsəməkdən yenə saxlaya bilmədim. İndi adım yalnız Ştutqartda deyil, Torontodakı stadionun tribunalarında da səslənir. Mən bundan həzz alıram və həzz almağa çalışıram”.
Naqelsmannın azarkeşlərin Kürasao ilə ilk oyunda (7:1) olduğu kimi, əvvəlcə ehtiyatda saxlanılan sevimli oyunçularının meydana buraxılması üçün qışqırıqlarına qulaq asmazdan bir saatdan da az vaxt keçdi. Şərhçilər bu əvəzləmənin almanlara həlledici təkan verdiyini vurğulayırlar.
“Dəniz rəqib qapısı qarşısında qatil instinktinə malik hücumçudu”, - deyə ikinci hissədə meydana çıxan və Undava ilk qolun ötürməsini verən yarımmüdafiəçi Nadim Amiri söyləyir.
Almaniya yığmasında ən çox oyun keçirən əfsanəvi Lotar Matteus hətta bundestimin daha bir əfsanəvi oyunçusu Herd Müller ilə Undav arasında paralellər aparır:
“Bizim yeni milli bombardirimiz var”.
Dönüş nöqtəsi
İdmançı karyerası heç də asan olmayan Dəniz indi arzusunu həyata keçirir. O, peşəkar futbolçu həyatında ilk müqaviləsini çox gec - 8 il əvvəl Almaniyanın 3-cü divizionunda çıxış edən “Meppen” klubu ilə imzalayıb. Lakin Aşağı Saksoniya vilayətinin Varel şəhərində doğulan bu oğlanın karyerası yalnız 2021/22 mövsümündə Belçikanın 2-ci divizionunda yarışan “Yunion”da oynadığı zaman başladı. Özü bunu belə xatırlayır:
“Belçikadakı ikinci mövsümüm karyeramın dönüş nöqtəsi oldu. Buna qədər özümü əsl peşəkar kimi hiss etməmişdim”.
Həmin mövsüm meydana çıxdığı 39 matçda 26 qol vurmaqla “Brayton”dan təklif aldı. İngiltərə premyer-liqasında çıxışı Undava özünü peşəkar futbolçu kimi təsdiqləməyə kömək etdi:
“Futbolda ən vacib məsələnin komanda üçün işləmək, hətta lazımsız kimi görünən sıçrayışlar və hərəkətlər etmək olduğunu başa düşdüm. Bunu anlamaq üçün mənə üç-dörd ay vaxt lazım oldu. Bundan sonra komanda üçün daha effektli və dəyərli oldum”.
Karyerası ilə fəxr edir
Yüksək səviyyəli sədaqət, daimi döyüş ruhu və ən əsası, özünəməxsus hücum tərzi Almaniyada layiq olduğu diqqəti qazanan Dənizin əsas xüsusiyyətinə çevrildi. O, 2023-cü ildə “Ştutqart”a keçdi və tezliklə yeni komandasında əsas fiqurlardan biri oldu.
Hücumçu iki il əvvəl verdiyi müsahibədə futbolçu həyatı ilə bağlı belə demişdi:
“Futbol karyeramla fəxr edirəm. Yolboyu bir çox maneələri dəf etməli oldum. Bu, məni əsl kişi etdi. İndi əminliklə deyə bilərəm ki, futbolun gətirdiyi sevinc hissini heç vaxt itirməmişəm”.
Dəniz 2024-cü ilin martında Naqelsmannın rəhbərliyi altında debüt etdiyi Almaniya yığmasında aparıcı hücumçulardan sayılmır. Buna baxmayaraq, gənc baş məşqçi onu mundiala gətirməyi lazım bilib. Ona görə ki, rubrikamızın qəhrəmanı həm “Ştutqart”da, həm də bundestimdə həmişə komandanın maraqlarını birinci yerə qoyan əsl komanda oyunçusudu. Milli komandanın və “Real”ın müdafiəçisi Antonio Rüdiger onun fərqləndirici xüsusiyyətlərini belə nəql edir:
“Dənizi xüsusi edən nədi? O, işləri mürəkkəbləşdirməyə meyilli deyil: meydana çıxır, işini görür və irəliləyir”.
Atasının onunla fəxr etməsini istəyir
Futbol onun üçün vacibdi, amma ailəsi düşüncəsində həmişə birinci yerdədi. Onun yezidi kürdləri olan valideyinləri Türkiyənin cənub-şərqindəki Viranşehir şəhərindəndirlər. Dənizin ən böyük nümunəsi gələcəyin futbolçusunun uşaq yaşlarında ehtiyac duyduğu hər şeyə sahib olmasını təmin edən atasıdı. Bu haqda Almaniya Futbol İttifaqının saytına müsahibəsində belə deyir:
“O, iki və ya üç iş yerində işləyirdi ki, biz uşaqlar heç nədən məhrum olmayaq. Biz bir şey istəsəydik, atam onu əldə etmək üçün əlindən gələni edərdi, hətta əlavə iş saatları da işləyərdi”.
Almaniya futbolunun gənc futbolçular sistemindən keçməyən Undav belə etiraf edir:
“Atamın mənimlə fəxr etməsi üçün əlimdən gələni edirəm. O, bura (Almaniyanı nəzərdə tutur – red.) əliboş gəldi və yeni bir həyat qurmağı bacardı. Mən onun qarşısında şlyapamı çıxarıram. Özüm onun kimi fədakarlıq edə biləcəyimə əmin deyiləm. Kim bilir, bəlkə də Almaniya futbolunun gənc futbolçular sistemindən keçsəydim, nə vaxtsa futbola olan marağımı itirərdim. Amma hələ də futboldan zövq alıram və hər anın qədrini bilməyə çalışıram”.
O, start heyətində oynamağa layiqdi?
İndi Dənizin özünü xoşbəxt sayması üçün bir çox səbəbi var. Hazırda davam edən dünya çempionatı AÇ-2024-dən sonra onun milli komanda ilə iştirak etdiyi ikinci böyük turnirdi. Undav iki il əvvəl məhz Almaniyada keçirilən qitə birinciliyində cəmi 6 dəqiqə oynamaq şansı qazanmışdı. Dünya çempionatına da ehtiyat oyunçu stausu ilə gəlib. Amma iki oyunda meydana sonradan çıxandan sonra qapıya üç dəfə yol tapması onun statusunu dəyişə bilər.
Əlbəttə, onun mundiala ehtiyatda şansını gözləyən oyunçu kimi gələcəyi gözlənilirdi. Dəniz meydanda əsas hücumameyilli oyunçularla müqayisədə az görünməsinə baxmayaraq, onlardan çox qol vurmaqla baş məşqçinin işini çətinə salıb: Naqelsmann belə məhsuldar hücumçunu ehtiyatda saxlamaq, yoxsa onu növbəti oyunda ilk dəqiqələrdən meydana buraxmaq haqda yaxşıca düşünməyə məcburdu. Bunu ona məhz Dəniz məcbur edir. Baş məşqçinin bu haqda qısa fikri belədi:
“Biz hər iki variantı həm də Dənizin özü ilə müzakirə edəcəyik. Ürəyimin dərinliyində düşünürəm ki, hazırkı rolu onu qane edir”.
Həqiqət Naqelsmannın düşündüyü kimidisə, görünür, kürd olduğu üçün Türkiyə yığmasında oynamaq istəməyən Undav tədricən bundestimin liderlərindən birinə çevrilməyə və ən böyük arzusu olan dünya kubokunu başı üzərinə qaldırmağa yaxındı.
Yeri gəlmişkən, qəhrəmanımız karyerasında qazandığı ilk kuboku - MHL-in ulduzu Leon Drayzaytldan aldığı matçın ən yaxşı oyunçusu üçün ayrılan mükafatı həyat yoldaşına həsr edib. Hiyləgər bir təbəssümlə “bu, xanımıma çatacaq” deyən Dəniz bir andaca stadionun tribunaaltı məkanında gözdən itib.