Tanınmış mütəxəssis Yürgen Klopp Almaniyada yeni futbol liqasının yaradılması üzərində işləyir. O, U-21 liqasının təsis olunmasını planlaşdırır.
"Football-plus.az" xəbər verir ki, layihənin əsas məqsədi gənc futbolçulara bundesliqaya keçid ərəfəsində real və davamlı oyun təcrübəsi qazandırmaqdı. Bu ideya Almaniya futbolunda gənclərin inkişafı ilə bağlı narahatedici statistika fonunda gündəmə gəlib. Belə ki, hazırda Almaniyaya məxsus cəmi 9 akademiya Avropanın top-100 siyahısına daxildir. Bundesliqa isə top-5 liqaları arasında öz akademiya yetirmələrinin oyun vaxtına görə sonuncu yerdədi.
Statistikaya əsasən, bundesliqada ümumi oyun vaxtının 85 faizi klub akademiyalarından çıxmayan futbolçulara məxsusdur. Bu vəziyyət yerli istedadların inkişaf yolunda ciddi maneə kimi qiymətləndirilir.
Kloppun planlaşdırdığı U-21 liqasının Almaniya futbolunda struktur dəyişikliyinə səbəb ola biləcəyi və gənc oyunçular üçün yeni imkanlar yaradacağı bildirilir. Layihənin detalları ilə bağlı yaxın vaxtlarda əlavə məlumatların açıqlanacağı gözlənilir.