"Football-plus.az" xəbər verir ki, ünlü portuqaliyalı mütəxəssis heç cür ''Benfika''nı gözlənilən səviyyəyə yüksəldə bilmir. Çempionlar Liqasında 4 turdan sonra hələ də aktivində xal olmayan Lissabon nəhəngi qeyri-sabit çıxışını davam etdirir. ''Qartallar'' Portuqaliya kubokunun 1/16 final mərhələsində 3-cü liqa təmsilçisi ''Atletiko''nun qonağı oldular.
Mourinyonun komandası favorit statusunu böyük çətinliklə doğrultdu və fasilədən sonra vurduğu qollarla 2:0-lıq qələbə qazandı. Mourinyonun fasilədə 4 əvəzetməyə əl atması diqqət çəkdi. Tez-tez hakimlərdən gileylənməsi ilə tanınan məşqçi bu dəfə isə birbaşa oyunçularını bilərəkdən zəif oynamaqda günahlandırdı:
''Bəli, fasilədə 4 dəyişiklik etdim. Amma əlimdə imkan olsaydı, 9 dəyişiklik edərdim. Mənim sistemim düzgün işləyir. Sadəcə oyunçular bu sistemin içində düzgün işləmirlər. Məni satmağa çalışan futbolçulardan xoşum gəlmir''.





