Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir.
"Football-plus.az" xəbər verir ki, bu gün həm qadın, həm də sərbəst güləş üzrə milli komandalarımızın üzvləri xalçaya çıxıb.
Elnurə Məmmədova (53 kq) türkiyəli Sıla Aykul üzərində inamlı qələbə (9:0) qazansa da, 1/4 finalda ispaniyalı Karla Solerə 11:14 hesabıyla məğlub olub.
Günay Qurbanova (59 kq) debütdə bolqarıstanlı Viktoriya Boynovaya şans tanımayıb – 8:1. Həmyerlimiz növbəti mərhələlərdə moldovalı Madalina Prisakariyə (11:0) və qazaxıstanlı Viktoriya Xusaynovaya (tuş) vaxtından əvvəl qalib gəlib. Yarımfinalda yaponiyalı Ruka Natamiylə qarşılaşan Günay son saniyələrdə qələbəni əldən verib – 1:3. Qurbanova sabah bürünc medal uğrunda güləşəcək.
Birgül Soltanova (62 kq) təsnifat mərhələsində rusiyalı Yekaterina Koşkinaya “tuş”la uduzub.
Maqomed-Başir Xaniyev (74 kq) ilk mərhələdə yunanıstanlı Georgios Yoakeymidisə tam üstünlüklə (10:0) qalib gəlib. Təmsilçimiz 1/8 finalda ermənistanlı Qriqor Çolakyandan güclü olub – 14:5. Xaniyev Bəhreyn təmsilçisi Maqomedrasul Asluyevə isə 7:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Xaniyev finalın bir addımlığında türkiyəli Muhammed Özmuşa məğlub olub – 3:7. Maqomed-Başir sabah bürünc medal uğrunda güləşəcək.
Sadiq Mustafazadə (92 kq) ispaniyalı Muxammedsultan Kopbayevi tam üstünlüklə (10:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda iranlı Mohammadmobin Azimiylə bacarmayıb – 0:8. Həmyerlimiz sabah təsəlliverici görüşə çıxacaq.