Məlumdu ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandığına görə U-19 komandası da Yeniyetmələr Liqasında öz yaşıdları ilə oynayacaq.
Bəs komanda Yeniyetmələr Liqasına necə hazırlaşacaq? Mətbuat konfransında Qurban Qurbanov “U-19 komandasının bizlə məşq etməyə ehtiyacı olsa, hazırıq” demişdi. Bu ola bilərmi?
Bütün suallara “Qarabağ” Futbol Akademiyasının əlaqələndiricisi Aftandil Hacıyev cavab verdi:
“Artıq hazırlıqlarımız başlayıb. Amma əsas komanda ilə birgə hazırlıq keçməyi düşünmürəm. Bu gündəmdə deyil. Əslində bu dolayı yolla baş verir. Hər həftə Qurban müəllim 10 nəfərə yaxın - bəzən beş, bəzən üç nəfəri məşqə çağırır. Bu şəkildə hər həftə hazırlıq olur. Yeniyetmələr Liqası ilə bağlı komandamız yığışıb. Amma milli fasilə var. U-19 komandamızdan beş nəfər milliyə çağrılıb. Bu da hazırlığımıza təsir edə bilər. Çünki tam komanda ilə hazırlaşa bilməyəcəyik. Bir neçə əcnəbi futbolçunu da komandaya cəlb etmək istəyirik. UEFA-nın qaydalarına görə komanda heyətə 6 legioner cəlb edə bilər. Tam komanda şəklində birinci oyuna hazır olmaq çətin olacaq. Amma buna çalışacağıq”.
MÜZƏFFƏR QULUZADƏ