UEFA-nın qapıçı məşqçiləri üçün təşkil etdiyi A kateqoriya kursları başa çatıb. Sportlife.az saytının məlumatına görə, kurslara qatılan 12 məşqçidən 9-u kateqoriya ala bilməyib. Yalnız üç məşqçi - Elxan Həsənov, Vitali Kovalyov və Kamil Qafarov kursu uğurla başa vurub. Maraqlısı odu ki, imtahandan kəsilən qapıçı məşqçiləri aşağı yaş qrupları üzrə millilərdə və premyer-liqada çalışanlardı. Söhbət Üzeyir İbrahimov (U-19), Rauf Mehdiyev (U-17), Emil Babayev (Sumqayıt), Etibar Tarıverdiyev (Neftçi), Nadir Şükürov (Kəpəz), Elşad Tahirov ( "Qarabağ", U-19), Ramiz Əhmədov ("Neftçi", U-16), Ruslan Quliyev (U-19, qızlar) və Ruslan Əliyevdən (U-17, qızlar) gedir.
Məsələylə bağlı seminarlarda dərs deyən Faiq Əzizovla əlaqə saxladıq: “Orda yazılıb ki, Rauf Mehdiyevlə Ruslan Quliyev də kəsilib, amma bu doğru deyil. Çünki adı çəkilənlər, ümumiyyətlə, imtahan verməyibsə, necə kəsilə bilərlər? Mehdiyevlə Quliyev yığmadakı işi ilə bağlı imtahan verməyib. Qarşıdakı günlərdə hər ikisindən imtahan götürüləcək. Qalanları ilə bağlı onu deyə bilərəm ki, UEFA-nın tələbi var. Belə ki, onlardan yenidən imtahan götürüləcək. Avqustun sonuna qədər gün seçib, imtahan verəcəklər. Qapıçılar üçün A kateqoriyasının proqramı eynilə PRO kateqoriyasına uyğundu. Təsəvvür edin, qapıçı-məşqçilər ilyarım oxudular, 6 modul oldu. Bu modullarda məşqçilərimiz çox yaxşı iştirak etdilər. UEFA nümayəndəsi Mart Poom hər modulda Bakıda olurdu, özü izləyirdi. Dərsləri mən, Ramiz Kərimov və Cahangir Həsənzadə keçirdik. Qitə futbol qurumunun nümayəndəsi qeyd etdi ki, istəmərik məşqçilərə “balta vuraq”. Başa salırıq, hazırlaşırlar və imtahan verirlər. UEFA modulların təşkilindən çox razıdı. Kursların təşkili MDB ölkələrindən 4-nə verilib ki, biri də Azərbaycandı. Balkan ölkələri ilə bağlı hələ indi qərar veriblər. Məşqçilər dərslərdə iştirak edirdi. Yalnız “Qarabağ”ın ÇL-dəki oyunları zamanı Elxan Həsənova icazə verilirdi. Ondan başqa, hamı müntəzəm kursa qatılırdı. Ümumiyyətlə, avqustun sonuna qədər proses yekunlaşacaq. Məncə, hamısı ala biləcək. Şifahidə hamı yaxşı idi, ancaq taktikada bəzi səhvlər oldu. Buna da hər bir məşqçidə rast gəlinir. PRO-da və A, B, sadə məşqçi kurslarında kəsildinsə, təkrar imtahan yoxdu. Lakin qapıçı-məşqçilər üçün UEFA buna icazə verir. Qitə futbol qurumunun təlimatı belədi ki, qapıçılarla işləyən məşqçilərin rolu böyük olmalıdı. O, baş məşqçiyə kömək etməlidi. Müdafiə qurulanda qapıçı-məşqçinin də fikri əsas götürülməlidi. Çünki müdafiəçilərlə “çərçivə qoruyucuları” bir-birini başa düşməlidi, taktikada anlaşılmazlıq yaranmamalıdı. Bir sözlə, maraqlı dərslər idi. Müasir futbolla ayaqlaşmaq baxımından önəmli informasiyalar vardı. Halbuki əvvəllər belə şeylər yox idi”.
FARİZ