“Keşlə” Avroliqaya hazırlığa iyunun 20-də başlayacaq. Hələlik klub “köhnə qvardiya”nın üzvləri ilə müqavilələri yeniləyir. Slavik Alxasovla 2, Fuad Bayramovla 1 illik anlaşmaya imza atan paytaxt təmsilçisi Tərlan Quliyev, Orxan Sadıqlı və Sərtan Taşkının da müqaviləsinin müddətini uzadıb. Rəhbərlik hazırda Sezar Meza Kolli ilə danışıq aparır. Komandanın aparıcı üzvünün bir neçə müştərisi var ki, onlardan biri “Qəbələ”di. Ancaq baş məşqçi Yuri Maksimovun israrla qalmasını istədiyi futbolçulardan biri məhz Sezardı.
“Keşlə”nin hazırlıq planı da böyük ölçüdə müəyyənləşib. Paytaxt təmsilçisi iyunun 20-də bir araya gəlməyi planlaşdırıb. Hazırda vətənində istirahətdə olan Maksimov da həmin günədək Bakıda olmalıdı. İki gün ərzində komanda üzvləri tibbi müayinədən keçiriləcək. Təlim-məşq toplanışı isə Türkiyədə - çox güman, adəti üzrə Boluda olacaq. Bakılıların iyunun 23-dən iyulun 6-dək qardaş ölkədə qalması nəzərdə tutulub. Sonrakı proseslər püşkün nəticəsindən asılı olacaq.
MİRAĞA