Növbəti mövsümdə ölkəmizi Avroliqada təmsil edəcək “Keşlə” iyunun 19-da hazırlığa start verib. Klubun mətbuat xidmətindən aldığımız bilgiyə görə, Yuri Maksimov ölkəsində olduğundan “İnter Arena”da bir araya gələn komandanı ilk, eləcə də dünən səhərki məşqə köməkçisi Zaur İsmayılov çıxarıb. Ukraynalı mütəxəssis dünən Bakıya təşrif buyurub və axşama nəzərdə tutulan hazırlıq prosesində komandanın başında olub. Baş məşqçi ilə yeni müqavilə isə bu həftə ərzində imzalanacaq. “Keşlə” hazırlığa start versə də, tam heyətlə məşq edə bilmir. Belə ki, Kamran Ağayev, Slavik Alxasov və Sərtan Taşkın əsas, eləcə də U-21 millisinin oyunlarında iştirak etdiklərindən icazəlidilər. Onlara əlavə bir neçə gün istirahət imkanı verilib və bu üzdən toplanışa bir qədər gec qoşulacaqlar. Qeyd edək ki, “Keşlə” 4 günlük Bakı toplanışını başa vurduqdan sonra hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq. Ancaq komandanın hazırlıq planı hələ tam bilinmir. Rəhbərlik Maksimovun püşkü də nəzərə aldıqdan sonra təqdim edəcəyi hazırlıq planına əsasən bu istiqamətdə fəaliyyəti gücləndirəcək.
MİRAĞA