"Zirə" Misli premyer-liqasının 25-ci turu çərçivəsində keçirilən matçda "Turan Tovuz"un meydanından qalib ayrıldı - 2:0.
"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konftansında jurnalistlərin suallarını cavablayıb.
- İlk növbədə futbolçularıma təşəkkür edirəm. Ağır səfər matçında əzmkar oyun sərgilədik. "Turan Tovuz" çox güclü komandadı. Futbolçularla bu barədə geniş müzakirə aparmışdıq. Bu komandaya qarşı oynamaq çətindi. Olduqca vacib 3 xal qazandıq. Sıx qrafikdəyik. Bəlkə də ən çətin təqvim bizdədi. Növbəti matçda "Səbail"lə qarşılaşacağıq. Bu komandanın son oyunlarda göstərdiyi performans göz qabağındadı.
- Sizcə, nəyin hesabına qalib gəldiz?
- Futbolçularım əzmkar oyun göstərdi. Xüsusilə son dəqiqələrdə rəqib irəli atıldı və bizə çətin anlar yaşatdı. Təhlükəli hücumlar reallaşdırdılar. Belə komandalara qarşı hazırlaşmaq həmişə çətin olur. Futbolçularım əllərindən gələni etdilər.
- İssa Cibrilanın müntəzəm start heyətində oynamasına nə mane olur?
- Həm Məqsəd, həm də İsa aparıcı oyunçularımızdandı. Həm limitə, həm də rəqibə uyğun qərar veririk. Bəlkə başqa komandaya qarşı oynasaq, heç birinə şans verməyəcəkdim. Bütün futbolçulara bu cür yanaşırıq və faydasını görürük. Sıx qrafikə görə bəzi hallarda rotasiyalar edirik.
- Bəs Tyaqo Silvanın şans qazanmaması nə ilə bağlıdı?
- Tyaqo bir nömrəli qapıçımızdı. Onun durumu məhz limitlə bağlıdı. Aparıcı legionerlərimizdən biridi.
- Hazırda "Sabah" - "Araz-Naxçıvan" matçı keçirilir. Orda hansı nəticənin qeydə alınması sizi qane edəcək?
- Həmişə yalnız komandamın matçına köklənirəm. Xeyirli nədisə, o da olsun.
- Salifu Sumaya həqiqətən "Fənərbaxça"dan təklif gəlib? Sizə elə gəlmir ki, futbolçunun meneceri belə xəbərlərin çıxmasında maraqlıdı?
- Bizə "Fənərbaxça"dan rəsmi təklif gəlməyib. Mən də səhifələri izləyirəm. Salifu barədə xəbərlər çoxdu. Amma bunların əksəriyyəti həqiqəti əks etdirmir. Kiyev "Dinamo"sundan təklif almışdıq. Sumanın yaxın zamanda "Zirə"dən ayrılması gözlənilmir. Ən yaxşı halda yayda ola bilər. Onun agenti ilə Bakıda görüşmüşəm. O da Salifunun bizdəki çıxışından məmnundu. Hamısı işin içində olan məqamlardı. Vacib olan odu ki, futbolçu bu şəraitdə özünü yaxşı idarə etsin, oyunlara yaxşı köklənsin.
KƏNAN BAHADIR