İstanbul nəhəngləri həftəni Avropada qələbəsiz tamamladı. Amma ''Fənərbaxça'' qalib gəlməsə belə, Belçikada istəyinə çatdısa, ''Qalatasaray'' bu mövsüm 3-cü dəfə ''Alkmaar''la bacara bilmədi və avrokuboklarla vidalaşdı.
"Football-plus.az" xəbər verir ki, Okan Burukun əsas sürprizi qapıda Günay Güvənçə şans verməsi oldu. Fernando Muslera 14 illik ''Qalatasaray'' karyerası ərzində ilk dəfə zədəsi olmadığı halda, ehtiyatda qaldı!
''Alkmaar'' oyuna daha fəal başladı. Sanki qələbə Türkiyə çempionuna yox, qonaqlara lazım idi. Təkcə bir faktı vurğulayaq ki, ''Alkmaar'' ilk yarıda qapıya 16 (!) zərbə vurdu. Bunların 6-sı ''çərçivə''yə düşdü və biri qolla nəticələndi. ''Cim-Bom'' bütün diqqətini qol vurmağa yönəltdiyindən müdafiədə çox ciddi boşluqlar buraxırdı. İkinci hissə ''Alkmaar''ın daha bir şok qolu ilə başladı və bundan sonra faktiki cütün taleyi barədə suallar bitdi. ''Sarı-qırmızılar''ın gücü yalnız məğlubiyyətdən qurtulmağa yetdi. Amma ''Alkmaar''ın matçboyu 7 real fürsət yaratdığını, Günay Güvənçin oyunu 9 seyvlə tamamladığını nəzərə alsaq, uduzmamağın özü belə meydan sahibləri üçün kiçik bir uğur oldu. Ötən mövsüm olduğu kimi ''Qalatasaray'' yenə AL-də pley-off səddini adlaya bilmədi.
İlk görüşdəki böyükhesablı qələbəyə və bir neçə gündən sonra prinsipial derbi matçının olmasına baxmayaraq, Mourinyo rotasiyaya əl atmamışdı. O, demək olar ki, ən güclü heyəti meydana buraxmışdı. Oyunun əvvəli qarşılıqlı kobud səhvlərlə başladı. 4-cü dəqiqədə ''Anderlext''in müdafiəçisi Lukas Hey ''Fənər''ə qol “bağışladısa”, 18-ci dəqiqədə bu dəfə Şkrinyarla qapıçı İrfan Can birləşərək belçikalılara bərabərlik qolunu “hədiyyə etdilər”. Bu iki qolun arasında oyunda təxminən 20 dəqiqəlik fasilə yarandı. Tribunalarda Osayi-Samuelə qarşı irqçilik edildiyindən hakim oyunçuları paltardəyişmə otağına göndərdi. İkinci hissənin əvvəllərində yerli fanatlar ayağa qalxdı. Vaskes dubl etməklə onları ümidləndirdi. Amma bu ümid çox uzun çəkmədi. Künc zərbəsi zamanı mərkəz müdafiəçiləri ön plana çıxdılar. Şkrinyarın başla ötürməsindən sonra Yusuf Akçiçək başla qol vurdu. 19 yaşlı futbolçunun ''Fənər''də ilk qolu belə bir vacib məqama təsadüf etdi. Beləliklə, ''sarı-lacivərdlilər'' ardıcıl 3-cü mövsümdə avrokuboklarda 1/8 finalda oynamaq haqqı qazandı. Komanda 2022/23-də AL-in 1/8 finalında ''Sevilya''ya, ötən mövsüm isə KL-in 1/4 finalında ''Olimpiakos''a oyunsonrası penalti seriyasında uduzaraq mübarizəni dayandırmışdı.
Avropa Liqası, pley-off, cavab oyunları
Qalatasaray - Alkmaar (Niderland) 2:2 (ilk oyun - 1:4)[/b]
Osimhen, 56. Şallai, 70 - Vaikuma, 42. Kasius, 55.
Qalatasaray: Günay Güvənç, Yelert, Sançes (Metehan Baltacı, 46), Kuesta, Əbdülkərim Bardakcı, Şallai, Torreyra (Berkan Kutlu, 61), Sara (Yusuf Dəmir, 73), Mertens (Kərəm Dəmirbay, 46), Barış Alpər Yılmaz, Osimhen (Berat Luş, 80).
[b]Anderlext (Belçika) - Fənərbaxça 2:2 (0:3)
Vaskes, 19; 55 - Ən-Nəsiri, 4. Yusuf Akçiçək, 63.
Fənərbaxça: İrfan Can Eğribayat, Osayi-Samuel (Mərt Müldür, 68), Şkrinyar, Amrabat, Yusuf Akçiçək, Kostiç, Fred, Şimanski (Mərt Hakan Yandaş, 84), Tadiç (İrfan Can Kahveci, 78), Ceko (Cenk Tosun, 84), Ən-Nəsiri (Talişka, 67).
Faktlar
* ''Qalatasaray'' 328-ci avrokubok matçından 89-cu dəfə bərabərliklə ayrıldı (116 qələbə, 123 məğlubiyyət, top fərqi - 451:498).
* ''Qalatasaray''ın avrokuboklarda qələbə həsrəti 6 oyuna çatdı (4 heç-heçə, 2 məğlubiyyət).
* ''Qalatasaray''ın Niderland klublarına qarşı qələbəsiz seriyası 8 oyuna yüksəldi (2 heç-heçə, 6 məğlubiyyət). İstanbul nəhənginin ümumilikdə Niderland klublarına qarşı keçirdiyi 12 oyunda yalnız 2 qələbəsi var (2 heç-heçə, 8 məğlubiyyət). Son qələbə 2001-də ÇL-in qrupunda PSV ilə ev oyununda əldə olunub (2:0).
* ''Alkmaar'' tarixi ərzində Türkiyə təmsilçilərinə qarşı keçirdiyi 10-cu oyunda da məğlub olmadı (5 qələbə, 5 heç-heçə)!
* ''Qalatasaray'' 9 dəfə avrokubokların pley-offuna səfərdə ən azı 3 top fərqi ilə uduzmaqla başlayıb və bunların 8-də mərhələni keçə bilməyib. Yeganə istisna 1988/89-da ÇK-nın 1/4 finalında İsveçrə təmsilçisi “Ksamaks”la dueldə yaşanıb (səfərdə 0:3, evdə 5:0).
* ''Qalatasaray''ın rəsmi matçlarda qol vurmaq seriyası 33 oyuna yüksəldi.
* ''Qalatasaray'' bu mövsüm 2-si ÇL-də, 10-u AL-də olmaqla avrokuboklarda keçirdiyi 12 oyunun heç birində qapısını toxunulmaz saxlaya bilmədi və bu qarşılaşmalarda ümumilikdə 22 qol buraxdı!
* ''Qalatasaray'' ötən mövsüm 56 rəsmi oyunda 55 qol buraxmışdısa, komanda bu mövsüm keçirdiyi 37 rəsmi oyunda artıq 57 qol buraxıb!
* Osimhen ''Qalatasaray''da keçirdiyi 25-ci rəsmi oyunda vurduğu qolların sayını 20-yə çatdırdı.
* ''Fənərbaxça'' avrokuboklarda 284-cü oyundan 61-ci dəfə bərabərliklə ayrıldı (112 qələbə, 111 məğlubiyyət, top fərqi - 388:404).
* ''Fənərbaxça'' avrokuboklarda Belçika klublarına qarşı keçirdiyi 13 oyunun yalnız 2-də uduzub (7 qələbə, 4 heç-heçə).
* ''Fənərbaxça''nın AL-də keçirdiyi son 30 qarşılaşmada cəmi 5 məğlubiyyəti var (14 qələbə, 11 heç-heçə).
* Ən-Nəsiri ''Fənərbaxça''da 36-cı rəsmi oyunda 24-cü qolunu vurmaqla şəxsi rekordunu təkrarladı. Merakeşli forvard buna qədər peşəkar karyerasının ən məhsuldar mövsümünü 2020/21-də ''Sevilya''da keçirmiş, 52 rəsmi oyunda 24 qol vurmuşdu.
* Ən-Nəsiri iştirak etdiyi son 8 rəsmi oyunun hamısında fərqlənməyi bacarıb və bu müddətdə 12 qol vurub.
* Mourinyo məşqçi karyerasında avrokuboklarda (ÇL, AL, KL) 31-ci dəfə pley-offda mərhələ adlamağı bacardı. O, bu göstəricidə Karlo Ançelotti ilə birlikdə Avropa futbolunun rekordçusudu!
Oyundan sonra
Okan Buruk, ''Qalatasaray''ın baş məşqçisi: