Avropa Liqasının əsas mərhələsinin son turu Türkiyə təmsilçiləri üçün uğursuz keçdi.
İstanbul nəhənglərinin hər üçü səfərdə oynadı və hər üçü də qələbəyə həsrət qaldı.
Niderland – Türkiyə duelinin bir ayağı Amsterdamda, o biri ayağı Enshededə baş tutdu. İlk baxışdan “Qalatasaray”ın işi nisbətən asan olmalıydı. Çünki AL-də keçirdiyi son üç oyunda məğlub olan “Ayaks” artıq “8-liy”ə düşmək şansını itirmişdi.
Türkiyə çempionuna isə digər oyunların nəticələrində asılı olaraq “8-liy”ə düşmək üçün heç-heçə də kifayət edə bilərdi. Amma Okan Burukun komandası ümidləri doğrultmadı. Topa nəzarət edən, qol imkanları yaxalayan tərəf “Qalatasaray” olsa da, qolları “Ayaks” vurdu. İlk yarının ortalarında və 2-ci hissənin əvvəllərində buraxılan qollar qonaqları çətin vəziyyətə saldı.
“Sarı-qırmızılar” son yarım saatda Amsterdam nəhənginin qapısını mühasirəyə alsalar da, bu təzyiq yalnız bir qol üçün kifayət etdi. Osimhen 41 yaşlı Pasveerə “quru” oyun keçirməyə imkan verməyərək yekun nəticəni müəyyənləşdirdi. Beləliklə, “Ayaks”la “Qalatasaray” arasında tarixdəki ilk oyun niderlandlıların qələbəsi ilə yekunlaşdı. Məğlubiyyətsiz seriyası qırılan “sarı-qırmızılar” əsas mərhələni 14-cü pillədə tamamladılar. Amsterdamdan 163 km məsafədə yerləşən Enshede şəhərində isə “Beşiktaş” “canını tapşırdı”. Pley-offa vəsiqə üçün qələbəyə ehtiyac duyan “Qartal”da Sulşerin sehri gücünü çox tez gücünü itirdi. “Atletik” üzərindəki parlaq qələbədən sonra “Antalyaspor”la heç-heçə edən “Beşiktaş” bu dəfə çox mühüm qarşılaşmada zəif təsir bağışlayaraq həm qola, həm də xala həsrət qaldı. “Tvente”nin öz yetirməsi olan 23 yaşlı Daan Rotsun 76-cı dəqiqədə vurduğu qol oyunda yeganə oldu. Sulşerin komandası əsas mərhələni 9 xalla 28-ci pillədə tamamladı və avrokuboklarla vidalaşdı.
“Fənərbaxça” son turda Danimarkaya yollanmışdı. Joze Mourinyo cəzası üzündən oyunu tribunadan izləmək məcburiyyətində idi. Heç-heçə meydan sahiblərini artıqlamasıyla qane edəcəkdi. “Fənər” isə hadisələrin belə axarında digər oyunların nəticələrindən asılı olacaqdı. “Midtüllann” ilk yarının ortalarında hesabı açsa da, İstanbul nəhəngi 2-ci hissənin əvvəllərində artıq öndə idi. Ceko əvvəlcə Ən-Nəsiriyə fərqlənmək üçün şans yaratdısa, çox keçmədən özü də fərqləndi. Oyuna ciddi itkilərlə çıxan Joze Mourinyonun komandası uzun müddət qələbə hesabını qorusa da, sonluğu gətirə bilmədi. Məğlubiyyətlə barışmaq istəməyən “Midtüllann”ın təzyiqi sonda bəhrə verdi. Final fitindən sonra “Fənər”də diqqətlər Portuqaliyadakı oyuna yönəldi. Çünki “Braqa” “Latsio”nu 2 top fərqi ilə yensəydi, pley-offa məhz portuqaliyalılar yüksələcəkdi. Amma “Braqa” 6-cı dəqiqədə vurduğu qolun davamını gətirə bilmədi. Üstəlik bu komandanın 90-cı dəqiqədə vurduğu qol isə ofsayd üzündən sayılmadı!
Beləliklə, Mourinyonun komandası bir qədər bəxtin də köməyi ilə pley-offda iştiraka imkan verən sonuncu – 24-cü yeri tutdu.
Avropa Liqası, əsas mərhələ, 8-ci tur
Ayaks (Niderland) – Qalatasaray 2:1
Traore, 23. Fits-Cim, 58 – Osimhen, 90+4.
Qalatasaray: Muslera, Kaan Ayhan, Əbdülkərim Bardakcı, Sançes (Nelsson, 90), Berkan Kutlu (Batşuayi, 61), Torreyra, Sara, Yunus Akgün (Yelert, 61), Mertens (Yusuf Dəmir, 69), Barış Alpər Yılmaz (Efe Akman, 90), Osimhen.
Midtüllann (Danimarka) - Fənərbaxça 2:2
Diao, 27. Andreasen, 86 – Ən-Nəsiri, 39. Ceko, 47.
Fənərbaxça: İrfan Can Eğribayat, İsmayıl Yüksək, Ciku, Çağlar Söyüncü, Yusuf Akçiçək, Şimanski, Fred, Mərt Hakan Yandaş (İrfan Can Kahveci, 79), Tadiç (Cengiz Ündər, 90+4), Ən-Nəsiri (Cenk Tosun, 90+5), Ceko.
Tvente (Beşiktaş) – Beşiktaş 1:0
Rots, 76.
Beşiktaş: Mərt Günok, Svensson (Onur Bulut, 81), Əmirhan Topçu, Uduoxay, Masuaku, Əl Musrati, Fernandeş, Raşitsa (Mustafa Həkimoğlu, 81), Rafa Silva (Salih Uçan, 60), Muçi (Mario, 69), İmmobile (Semih Kılıçsoy, 46).
Faktlar
* “Qalatasaray” avrokuboklarda 326-cı oyundan 122-ci məğlubiyyətlə ayrıldı (116 qələbə, 88 heç-heçə, top fərqi – 448:492)
* “Qalatasaray”ın rəsmi matçlarda 26 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı (18 qələbə, 8 heç-heçə). Komanda sonuncu dəfə avqustun 28-də ÇL-in təsnifatında evdə “Yanq Boyz”la oyunda uduzmuşdu (0:1).
* “Qalatasaray” bu mövsüm 32-ci rəsmi oyunda 27-ci dəfə qapısını toxunulmaz saxlaya bilmədi!
* “Qalatasaray” AL-in əsas mərhələsində 8 oyuna 16 qol buraxdı və ilk “24-lük”də ən çox top buraxan komanda oldu! Amma digər tərəfdən “Cim-Bom” 19 qolla əsas mərhələnin ən məhsuldar komandası oldu.
* “Ayaks” Türkiyə klublarına qarşı keçirdiyi 14-cü oyunda 12-ci qələbəsini qazandı (1 heç-heçə, 1 məğlubiyyət). Avrokuboklar tarixində Türkiyə təmsilçilərinə qarşı bundan daha çox (13) qələbə qazanan yeganə komanda Kiyev “Dinamo”sudu!
* “Qalatasaray” səfərdə Niderland klublarına qarşı keçirdiyi 6-cı oyunda da qalib gələ bilmədi (1 heç-heçə, 5 məğlubiyyət). Ümumilikdə İstanbul nəhəngi Niderland təmsilçilərinə qarşı keçirdiyi 10 oyundan 2 qələbə, 1 heç-heçə, 7 məğlubiyyətlə ayrılıb.
* “Qalatasaray” AL tarixində səfərdə “Ayaks”a qarşı oyunda qapıya ən çox (28) zərbə endirən komanda oldu.
* “Qalatasaray”ın avrokuboklarda keçirdiyi son 12 səfər oyununda yalnız bir qələbəsi var (8 heç-heçə, 3 məğlubiyyət).
* “Fənərbaxça” avrokuboklarda 282-ci oyundan 60-cı bərabərliklə ayrıldı (111 qələbə, 111 məğlubiyyət, top fərqi - 383:402).
* “Fənərbaxça” Danimarkaya son səfərində - 2023-ün noyabrında “Norşellann”a 1:6 hesabıyla uduzmuşdu. Həmin oyuna qədər isə “Fənər” Danimarka təmsilçilərinə qarşı keçirdiyi hər 3 qarşılaşmadan qələbə ilə ayrılmışdı.
* “Midtüllann” ilk dəfə bir Türkiyə təmsilçisinə qarşı oyunda qol vurdu və məğlub olmadı. Bu komanda Türkiyə klublarından daha öncə 2016/17-də AL-in təsnifatında “Ankaraspor”la qarşılaşmış və hər iki oyunda qol vurmadan uduzmuşdu.
* “Beşiktaş” avrokuboklarda 252-ci oyundan 108-ci məğlubiyyətlə ayrıldı (95 qələbə, 49 heç-heçə, top fərqi – 338:384).
* “Beşiktaş” Niderland təmsilçilərinə qarşı səfərdə keçirdiyi 7-ci oyundan 6-cı məğlubiyyətlə ayrıldı. “Qartal” indiyə qədər Niderlandda yeganə qələbəsini 2014/15-də ÇL-in təsnifatında “Feyenoord”la oyunda əldə edib (2:1).
* “Beşiktaş” avrokuboklarda keçirdiyi son 10 səfər oyununun cəmi 2-də qola həsrət qalıb. Maraqlıdı ki, hər iki oyun Niderland təmsilçilərinə (“Ayaks” 0:4, “Tvente” 0:1) qarşı olub.
* “Tvente” Türkiyə klublarına qarşı keçirdiyi 10-cu oyunda 4-cü qələbəsini qazandı (1 heç-heçə, 5 məğlubiyyət) və ilk dəfə qapısını toxunulmaz saxladı.
Oyundan sonra
Françesko Farioli, “Ayaks”ın baş məşqçisi: