Tur “Samsunspor”un ev qələbəsi ilə start götürdü. “Qaziantep”i evə əliboş yola salan və öz meydanında ardıcıl 3-cü oyunda büdrəməyən Samsun təmsilçisi 3-cü pillədəki mövqeyini möhkəmləndirdi.
Şənbə günü keçirilən qarşılaşmalar da meydan sahibləri üçün uğurlu alındı. “Kayserispor”u 5:2 darmadağın edən “Sivasspor” Ömər Ərdoğanın başçılığı altında 5-ci oyunda ilk qələbəsini qazandı. Matçın ən yaddaqalan epizodu 23-cü dəqiqədə qonaqların heyətində Bahokenin komanda yoldaşı (!) Kardosoya yumruq ataraq qırmızı vərəqə alması oldu.
Alanyada futbolsevərlər əsl “qol yağışı” izlədi. 80-ci dəqiqəyə qədər hesabda öndə olan “İstanbul BŞ” sonda nəinki 3, heç 1 xal da qazana bilmədi. 2022-nin noyabrında baş tutan “Fənərbaxça” – “Fatih Karagümrük” matçından (5:4) bəri ilk dəfə superliqada bir oyuna 9 qol vuruldu. Son iki rəsmi oyunda qələbəyə həsrət qalan və son 11 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilməyən “Qalatasaray” hər iki seriyaya “Konyaspor”la görüşdə son qoydu. Osimhen ilk yarının ortalarında özü qazandığı penaltini qola çevirməklə komandasına mühüm qələbə qazandırdı. Nigeriyalı forvard “Cim-Bom”un heyətində 20-ci rəsmi oyunda 16-cı qolunu vurdu. Muslera rekord qıraraq tarixə düşdüyü oyunu qol buraxmadan başa vursa da, əslində ona çox da iş düşmədi. Çünki “Konyaspor” oyunu “çərçivə”yə zərbə vurmadan tamamladı. “Qalatasaray” bu rəqibə qarşı evdə keçirdiyi 24-cü superliqa oyununda da məğlub olmadı (20 qələbə, 4 heç-heçə). Bu, turnirin yeni rekordudu. Buna qədər Türkiyə çempionatında bir komandanın bir rəqibə qarşı ilk 24 ev oyununda uduzmaması faktına rast gəlinməmişdi.
“Çaykur Rizəspor”un “Adana Dəmirspor”u 3:2 yendiyi qarşılaşmada 17-ci dəqiqədəki epizod böyük müzakirələrə səbəb oldu. Qonaqların vurduğu qol zamanı yan xətt hakimi bayrağını qaldırdı. VAR incələməsindən sonra əvvəlcə qol qeydə alındı. Amma hakim oyunu başlatmaq üçün fitini səsləndirməmiş VAR yenə işə qarışdı. Məlum oldu ki, xətt yanlış çəkilibmiş. Nəticədə 4 dəqiqə çəkən VAR incələmsindən sonra ofsayd qeydə alındı! Ole Qunnar Sulşerin debüt oyununda “Atletik”i darmadağın edəndən sonra Antalyaya böyük ruh yüksəkliyi ilə yollanan “Beşiktaş” belə desək, göydən yerə enməli oldu. Çünki qələbənin davamı gəlmədi. Əmrə Belözoğlunun başçılığı altında ilk ev oyununa çıxan “Antalyaspor” güclü rəqibə layiqincə müqavimət göstərdi. Rafa Silvanın 79-cu dəqiqədə “ağ-qaralar”ı önə keçirməsinə baxmayaraq, qonaqlar qələbə hesabını qoruya bilmədilər.
Antalya təmsilçisi ardıcıl 7-ci mövsümdü “Beşiktaş”ı iki oyunun ən azı birində büdrədir! “Qartal”ın bu rəqibi mövsümün hər iki oyununda məğb etməsinə sonuncu dəfə 2017/18-də rast gəlinib. Oyun hər baxımdan qonaqlar üçün uğursuz alındı. İstanbul nəhəngi 2 xalla yanaşı, cəza üzündən Rafa Silva ilə Əl Musratini, zədə üzündən Svensson ilə Əmirhan Topçunu da itirdi. Debütantların duelində isə “Bodrum”u səfərdə minimal hesabla yenən “Eyüpspor” 4-cü pilləyə yüksəldi.
Günün və turun mərkəzi oyununda “Fənərbaxça” “Göztəpə”ni qəbul etdi. Oyun günü 62-ci doğum gününü qeyd edən Joze Mourinyo cəza üzündən komandanın başında yer ala bilmədi. Çempionluq intriqasının ölməməsi üçün xal itirmək limiti qalmayan “Fənərbaxça” fanatlarını intizarda saxladı. Tura 4-cü pillədə daxil olan “Göztəpə” Kadıköydə fasiləyə minimal üstünlüklə yollandı. Amma “Fənər” 2-ci hissənin ilk 10 dəqiqəsində rəqibi meydandan silib-süpürdü. Qısa müddət ərzində əvvəlcə Ən-Nəsiri dublunu rəsmiləşdirdisə, çox keçmədən Oğuz Aydın möhtəşəm zərbə ilə mövsümün ən gözəl qollarından birini vurdu. İzmir təmsilçisi qalan vaxtda fərqi minimuma endirsə də, ilk dövrədəki qəhrəmanlığını təkrarlaya bilmədi. İlk dövrədəki görüşdə Stonimir Stoylovun komandası 0:2-ni 2:2-yə çevirməyi bacarmışdı.
Beləliklə, superliqada evdəki qələbə seriyasını 6 oyuna yüksəldən “Fənər” “Qalatasaray”la 6 xallıq fərqin artmasına imkan vermədi.
21-ci tur
Qalatasaray – Konyaspor 1:0
Osimhen, 22-p.
Qalatasaray: Muslera, Şallai, Sançes, Abdulkadir Bardakcı, Yakobs (Berkan Kutlu, 70), Torreyra (Nelsson, 90), Kaan Ayhan, Yunus Akgün (Sara, 80), Mertens (Ahmed Kutucu, 71), Barış Alpər Yılmaz (Yelert, 90), Osimhen.
Fənərbaxça - Göztəpə 3:2
Ən-Nəsiri, 46; 53. Oğuz Aydın, 55 – Juan, 25. Miroşi, 82.
Fənərbaxça: İrfan Can Eğribayat, Oğuz Aydın (Osayi-Samuel, 90+3), Ciku, Çağlar Söyüncü, Yusuf Akçiçək (Kostiç, 46), Fred, Amrabat, Şimanski (Mərt Hakan Yandaş, 90+2), Tadiç (Sen-Maksimen, 46), Ən-Nəsiri (Karlos, 88), Ceko.
Antalyaspor – Beşiktaş 1:1
Ərdal Rakip, 85 – Rafa Silva, 79.
Beşiktaş: Mərt Günok, Svensson (Onur Bulut, 46), Əmirhan Topçu (Zaynutdinov, 71), Uduoxay, Masuaku, Əl Musrati, Fernandeş, Raşitsa (Mario, 68), Rafa Silva, Oksleyd-Çemberleyn (Muçi, 57), Semih Kılıçsoy (İmmobile, 57).
Alanyaspor – İstanbul BŞ 5:4
Kordova, 13. Yusuf Özdəmir, 23. Riçard, 80. Auqusto, 82. Hadergonay, 90+1-p. – Dəniz Türüc, 20. Pyontek, 29; 90+7-p. Krespo, 57.
İstanbul BŞ: Muhammed Şengezər, Həmzə Gürələr, Ba, Opoku, Berat Özdəmir (Ömər Əli Şahinər, 87), Krespo, Kemen, Dəniz Türüc (Yusuf Sarı, 75), Davidson (Fiqeyredo, 75), Keni (Calo, 87), Pyontek.
Samsunspor – Qaziantep 2:1
Muandilmaci, 44. Sonər Aydoğdu, 83 – Kodro, 47.
Bodrum – Eyüpspor 0:1
Tayfur Bingöl, 12.
Çaykur Rizəspor – Adana Dəmirspor 3:2
Olavoyin, 30. Sou, 47. Gezzal, 69-p. – Bünyamin Balat, 52. Maestro, 83.
Sivasspor – Kayserispor 5:2
Manay, 5; 90+2. Onurcan Piri, 10-öz qapısına. Rodriges, 45+1. Əmrah Başsan, 77 – Nazon, 46. Boa Morte, 90+1.
Kasımpaşa – Hatayspor 5:4
Hayradinoviç, 30. Kilama, 39-öz qapısına. Kara, 54. Fall, 69. Vink, 76 – Butobba, 15. Sertel, 20. Abubakar, 45+11-p.; 58.
1. Qalatasaray 20 17 3 0 53-22 54
2. Fənərbaxça 20 15 3 2 52-20 48
3. Samsunspor 20 12 4 4 34-19 40
4. Eyüpspor 20 10 6 4 33-19 36
5. Göztəpə 20 10 4 6 40-26 34
6. Beşiktaş 20 8 8 4 29-21 32
7. İstanbul BŞ 20 8 5 7 35-30 29
8. Çaykur Rizəspor 20 8 3 9 22-31 27
9. Qaziantep 20 7 5 8 26-28 26
10. Trabzonspor 19 6 7 6 34-24 25
11. Alanyaspor 20 6 7 7 24-28 25
12. Kasımpaşa 20 5 10 5 32-37 25
13. Sivasspor 20 6 5 9 26-32 23
14. Antalyaspor 20 6 4 10 22-39 22
15. Konyaspor 20 5 6 9 24-32 21
16. Bodrum 20 4 4 12 14-26 16
17. Kayserispor 19 3 7 9 19-39 16
18. Hatayspor 20 1 7 12 21-37 10
19. Adana Dəmirspor (-3) 20 2 2 16 17-45 5
Bombardirlər: Pyontek (İstanbul BŞ) – 15, Banza (Trabzonspor) – 13, Ən-Nəsiri (Fənərbaxça), Osimhen (Qalatasaray) – 12, Tiam (Eyüpspor) – 11.
Turun rəqəmi
429 – Muslera 2011-ci ildə “Qalatasaray”a gələndə onun saysız-hesabsız rekordların müəllifi olacağını, hətta Bülənt Korkmaz kimi əfsanəni belə geridə qoyacağını az adam proqnozlaşdırardı. Çünki Muslera Türkiyəyə heç ulduz statusunda da gəlməmişdi. O, sadəcə, potensiallı qapıçılardan biri idi. Amma bu həftə Muslera 429-cu oyuna çıxdı və məhz Korkmazı (428) geridə qoyaraq klub tarixinin superliqada ən çox forma geyən futbolçusuna çevrildi! Maraq üçün bildirək ki, Türkiyə çempionatı tarixində ən çox oyun keçirən futbolçu 515 qarşılaşma ilə Umut Bulutdu.
Turun ulduzu
Yussef Ən-Nəsiri (Fənərbaxça) – mərakeşli forvard, nəhayət, Türkiyə çempionatı tarixinin ən bahalı transferi olduğunu xatırlayaraq bu statusa uyğun məhsuldarlıq sərgiləməyə başlayıb. Ardıcıl ikinci həftə onu turun ulduzu seçirik. Çünki “Fənər” ardıcıl 2-ci turda məhz onun sayəsində çətin keçən oyunda dönüş yarada bildi. 27 yaşlı futbolçu İstanbul nəhənginin 2025-ci ildə çempionatda vurduğu 12 qolun 7-də yaxından iştirak edib (6 qol, 1 məhsuldar ötürmə). Bu təqvim ilində superliqada heç bir futbolçu belə göstərici ilə öyünə bilməz. Bundan başqa, Ən-Nəsiri superliqada artıq başla 7 qol vurub və bu mövsüm Avropanın ən güclü 10 çempionatında başla ən çox qol vuran futbolçudu!
Turun sitatı
Acun Ilıcalı, “Fənərbaxça”nın vitse-prezidenti: