Aşağı yaş qrupu liqalarında hakimləri təhqir edən məşqçilər cəzalandırılıb. Bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
U-15 liqasının “Zirə” - “Kəpəz” oyununda qonaq komandanın məşqçisi İlqar Hüseynov 76-cı dəqiqədə köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə gördüyünə görə 5 oyun cəzalandırılıb.
İlqar Hüseynovdan sərt reaksiya verməsinin səbəbini soruşduq:
“Hakim oyunun sonlarında qərəzli qərarlar verirdi. 4-cü hakimin qarşısında cərimə zərbəsi təyin edildi. Halbuki orda qayda pozuntusundan söhbət belə gedə bilməzdi. Referi oyunu davam etdirsə də, yan xətt hakimi bayrağı qaldırdı və qayda pozuntusu olduğunu söylədi. Həmin vəziyyətdən sonra topu qapımızdan keçirdilər. Əsəblərimi cilovlaya bilmədim. Aqressiv olmuşdum, etirazımı bildirdim və qırmızı vərəqə gördüm. Etirazımı sərt şəkildə bildirdim. Təhqir etdiyim yadımda deyil. Oyundan sonra yan xətt hakimindən soruşdum ki, mən səni təhqir etmişəm? O da cavabında “yox” dedi. Amma referi yan xətt hakimini təhqir etdiyimi söyləyib”.
ƏSƏD SEYİDOV