Tura Kayseri və Trabzonda start verildi.
“Qaziantep”lə oyunda iki dəfə hesabda geri düşməsinə baxmayaraq, 1 xal qazanan “Kayserispor” Sinan Kaloğlunun rəhbərliyi altında keçirdiyi 2-ci görüşdə də məğlub olmadı. “İstanbul BŞ”ni qəbul edən “Trabzonspor”un budəfəki oyununda da hər şey heç-heçəyə doğru gedirdi. Amma ilk 7 oyunun 6-dan bərabərliklə ayrılan Şenol Günəşin komandası bu dəfə son anlarda da olsa, qələbə qolunu vura bildi. Visça sabiq klubunu məyus edərək qəhrəmana çevrildi. Debütantların duelində “Eyüpspor” “Göztəpə”ni minimal hesabla yendi. Arda Turanın komandası bu qələbə sayəsində 5-ci pilləyə yüksəldi.
“Qalatasaray” Okan Burukun 51 yaşını qeyd etdiyi oktyabrın 19-da Aleks de Souzanın çalışdırdığı “Antalyaspor”un qonağı oldu. Son çempion əla qələbə və mükəmməl qollar ilə baş məşqçisinə gözəl doğum günü hədiyyəsi vermiş oldu. İkardi hər hissənin əvvəlində vurduğu qollarla komandasını rahatlatdı. Son saniyələrdə isə Osimhen ilin qoluna namizəd olacaq gözəllikdə möhtəşəm bir qol vurdu. Nigeriyalı ulduz başı üzərindən vurduğu akrobatik zərbə ilə topu tora göndərdi. Türkiyə mətbuatına inansaq, Osimhenin ayağı topa dəyərkən yerdən 232 sm hündürlükdə idi! 9 tura 25 xal və 27 qol “Qalatasaray” üçün 9-cu turlar etibarilə şəxsi rekordun təkrarlanması deməkdi. Okan Buruk məşqçi karyerasında bu rəqibə qarşı keçirdiyi 13-cü superliqa oyununda da məğlub olmadı (10 qələbə, 3 heç-heçə). Antalyalı fanatların isə matçın sonlarına yaxın Aleksi və rəhbərliyi istefaya səsləməsi gözdən qaçmadı.
Bazar gününün ilk matçlarında meydan sahibləri sevindi. “Sivasspor” “Hatayspor”la ev oyununda 73-cü dəqiqəyə hesabda geridə daxil olsa da, inanılmaz əzmkarlıq nümayiş etdirərək hesabına 3 xal yazdı. Son 2 rəsmi oyunda qalib gələ bilməyən “Beşiktaş” bu seriyaya “Konyaspor”la oyunda son qoydu. İstanbul nəhəngi əvvəldən sona qədər üstün oynadığı qarşılaşmada qolları ilk yarıda vurdu. 7 rəsmi oyundan sonra ilk dəfə start heyətində meydana çıxan Semih Kılıçsoya qarşı kobudluğa görə təyin olunan penaltini İmmobile dəqiq yerinə yetirdi. İtaliyalı forvard “ağ-qaralar”ın heyətində 13-cü rəsmi oyunda 12-ci qolunu vurdu. Fasilə ərəfəsində isə Rafa Silva komandasının üstünlüyünü möhkəmlətdi. Muçinin ötürməsini qola çevirən portuqaliyalı ulduz 2-ci turdan bəri davam edən susqunluğa son qoydu. 2-ci pilləyə yüksələn “Beşiktaş” bu mövsüm superliqada keçirdiyi 4-cü ev oyunundan da qələbə ilə ayrıldı. Komanda sonuncu dəfə 2003/04-ə belə seriya ilə başlamışdı. Van Bronkhorstdan öncə “Beşiktaş”ın başında çempionatda çıxdığı ilk 4 ev oyunundan qələbə ilə ayrılan son əcnəbi mütəxəssis isə 1997-ci ildə Con Toşak olmuşdu.
Turun mərkəzi oyunu Samsunda keçirildi. Yığma fasiləsindən öncəki tur oyunu olmayan “Fənərbaxça” “Qalatasaray”la fərqi azaltmaq üçün mütləq qalib gəlməliydi. Amma “Samsunspor” tura 2-ci pillədə daxil olmuşdu və oyunun asan keçməyəcəyi bəlli idi. İlk 20 dəqiqədə müdafiədə çox etibarlı təsir bağışlayan meydan sahibləri 24-cü dəqiqədə kobud səhvə yol verdilər və Tadiç sağ ayağı ilə hesabı açdı. Samsun təmsilçisi ikinci hissə başlayan kimi fanatlarını ayağa qaldırdı. Sol cinahdan gözəl qurulan hücum zamanı Əmrə Kılıncın ötürməsini Holse dəyərləndirdi. Düzdü, samsunluların sevinci uzun çəkmədi. 62-ci dəqiqədə yenicə oyuna qoşulan Sen-Maksimen rəqiblərindən sıyrılaraq topu yaxın küncə göndərdi. Qol lazım olan anlarda topa nəzarəti ələ keçirən, amma özünə lazım olan qolu vuran kimi müdafiəyə çəkilən “Fənər” qalan dəqiqələrdə yenə ənənəsinə sadiq qaldı. Ümumiyyətlə, “Fənərbaxça” 2014-dən bəri topa ən az (49,9 faiz) nəzarət etdiyi mövsümünü keçirir! 2-ci turda “Göztəpə” ilə oyunda olduğu kimi, “sarı-lacivərdlilər” yenə qələbə hesabını qoruya bilmədilər. Əsas vaxtın bitməsinə 2 dəqiqə qalmış təcrübəli Sonər Aydoğdu qüvvətli olmayan, amma dəqiq zərbə ilə topu yaxın küncə göndərdi. Qoldan öncə “Fənər”lilər Mərt Müldürə qarşı kobudluq olduğunu israrla iddia etsələr də, hakim mərkəzi göstərdi. “Samsunspor” ötən mövsüm Kadıköydə güclü rəqibini qızıla bərabər xallardan məhrum etmişdisə (1:1), bu dəfə evdə eyni uğuru təkrarladı. 9 tura 19 xal “Samsunspor” tarixinin ən uğurlu startıdı! “Fənər” üçün isə mövsüm uğursuz məcrada keçməkdə davam edir. Komanda ilk 8 oyunda artıq 7 xal itirib və 1 oyun az keçirməklə “Qalatasaray”dan 8 xal geri düşüb. Xatırladaq ki, ötən mövsüm İsmayıl Kartalın “Fənər”i ilk xallarını yalnız 11-ci turda itirmişdi...
9-cu tur
Antalyaspor – Qalatasaray 0:3
İkardi, 10; 52. Osimhen, 90+2.
Qalatasaray: Muslera, Kaan Ayhan (Barış Alpər Yılmaz, 71), Sançes, Əbdülkərim Bardakcı, Yakobs (Berkan Kutlu, 23), Torreyra, Sara, Yunus Akgün (Osimhen, 78), Mertens (Ziyeş, 71), Şallai, İkardi (Batşuayi, 78).
Samsunspor - Fənərbaxça 2:2
Holse, 49. Sonər Aydoğdu, 88 – Tadiç, 24. Sen-Maksimen, 62.
Fənərbaxça: Livakoviç, Mərt Müldür, Bekao (Çağlar Söyüncü, 58), Ciku, Oostervolde (Samet Akaydın, 76), Fred (Sen-Maksimen), Amrabat, Tadiç, Şimanski, Kostiç (İrfan Can Kahveci, 58), Ceko (Ən-Nəsiri, 81).
Beşiktaş – Konyaspor 2:0
İmmobile, 30-p. Rafa Silva, 45+2.
Beşiktaş: Mərt Günok, Svensson, Əmirhan Topçu, Uduoxay, Masuaku, Ndur, Fernandeş (Mario, 86), Muçi, Rafa Silva (Onur Bulut, 86), Semih Kılıçsoy (Əl Musrati, 68), İmmobile.
Trabzonspor – İstanbul BŞ 1:0
Visça, 90+1.
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Mendi, Lundstram, Ərən Elmalı, Okay Yokuşlu (Sərdar Saatçı, 74), Ozan Tufan, Visça (Barışiç, 90+4), Çam (Bardi, 74), Draquş (Cihan Çanak, 82), Banza.
İstanbul BŞ: Muhammed Şengezər, Duarte, Ba, Opoku, Ömər Əli Şahinər, Berat Özdəmir, Kemen (Fiqeyredo, 75), Krespo (Onur Ərgün, 90), Dəniz Türüc (Berkay Özcan, 75), Sərdar Gürlər (Davidson, 31), Pyontek (Keni, 89).
Eyüpspor - Göztəpə 1:0
Ahmed Kutucu, 19.
Alanyaspor – Kasımpaşa 1:2
Kordova, 66 – Ben Uannes, 2. Brekalo, 34.
Kayserispor – Qaziantep 2:2
Boa Morte, 24. Kardoso, 57 – Okereke, 22. Kozlovski, 45+1.
Sivasspor – Hatayspor 3:2
Manay, 43; 73-p. Kamara, 79 – Rivas, 45+2. Kalvo, 61.
Bodrum – Çaykur Rizəspor 0:1
Sou, 83.
1. Qalatasaray 9 8 1 0 27-8 25
2. Beşiktaş 8 6 2 0 17-5 20
3. Samsunspor 9 6 1 2 16-9 19
4. Fənərbaxça 8 5 2 1 18-7 17
5. Eyüpspor 9 4 3 2 14-10 15
6. İstanbul BŞ 8 4 2 2 14-10 14
7. Göztəpə 8 3 3 2 14-10 12
8. Trabzonspor 8 2 6 0 8-6 12
9. Kasımpaşa 9 2 5 2 11-12 11
10. Sivasspor 9 3 2 4 11-13 11
11. Konyaspor 9 3 2 4 10-13 11
12. Bodrum 9 3 1 5 8-11 10
13. Çaykur Rizəspor 9 3 1 5 6-16 10
14. Alanyaspor 9 2 3 4 8-12 9
15. Antalyaspor 9 2 2 5 10-19 8
16. Qaziantep 8 1 3 4 9-13 6
17. Kayserispor 8 0 5 3 8-15 5
18. Hatayspor 8 0 3 5 7-14 3
19. Adana Dəmirspor 8 0 1 7 7-20 1
Bombardirlər: İmmobile (Beşiktaş) – 8, Ceko, Tadiç (hər ikisi “Fənərbaxça”), Pyontek, Fiqeyredo (hər ikisi “İstanbul BŞ”) – 5.
Növbəti turun oyunları oktyabrın 25-28-i aralığında keçiriləcək: Hatayspor – Kayserispor, İstanbul BŞ – Eyüpspor, Kasımpaşa – Samsunspor, Adana Dəmirspor – Sivasspor, Alanyaspor – Antalyaspor, Fənərbaxça – Bodrum, Qalatasaray – Beşiktaş, Qaziantep – Konyaspor, Göztəpə - Trabzonspor.
Turun rəqəmi
13 – Okan Burukun dönəmində rekordların komandasına çevrilən “Qalatasaray” növbəti dəfə adını Türkiyə futbolu tarixinə yazdırdı. İstanbul nəhəngi Antalyada qalib gəlməklə superliqada ardıcıl 13-cü səfər qələbəsini qazandı və bu göstəricidə yeni rekordun sahibi oldu. Əvvəlki rekord 2011-ci ildə ardıcıl 12 səfər oyununda qalib gələn “Fənərbaxça”ya məxsus idi. “Qalatasaray”ın bu möhtəşəm seriyası bu ilin yanvarında Trabzon səfərindəki 5:1-lik qələbə ilə başlayıb. Yəni bu 13 qələbədən 9-u ötən, 4-ü cari mövsümə təsadüf edir.
Turun ulduzu
Mauro İkardi (Qalatasaray) – zədələr üzündən mövsümə inamsız başlayan və az qol vurduğu üçün tənqid olunan argentinalı ulduz, nəhayət, ondan gözlənilən qolları vurdu. İkardi bu mövsüm ilk dəfə dubl etməklə qələbədə mühüm rol oynadı. Ünlü futbolçu superliqada 64-cü oyununda vurduğu qolların sayını 51-ə çatdırdı. O, George Hacidən (132 oyun, 59 qol) sonra “Cim-Bom”un heyətində Türkiyə çempionatında 50 qol həddinə çatan 2-ci əcnəbi futbolçudu. Ümumilikdə isə İkardi İstanbul nəhəngindəki qollarının sayını 60-a çatdırdı. Onun Hacinin (72) rekordunu yeniləyərək klub tarixinin ən məhsuldar oyunçusuna çevrilmək üçün cəmi 13 qola ehtiyacı var.
Turun sitatı
Viktor Osimhen, “Qalatasaray”ın forvardı