Sentyabrın 6-da Cənubi Amerikada DÇ-2026-nın seçmə turnirinin qrup mərhələsinin 7-ci turuna yekun vuruldu. Son üç oyundan biri ev sahibinin qələbəsi, ikisi isə heç-heçə nəticələndi.
Tura 2-ci yerdə başlayan Uruqvay evdə Paraqvaya qarşı keçirdiyi matça ciddi itkilərlə çıxdı. Belə ki, Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) yığmanın bir neçə oyunçusunu cəzalandırmışdı.
Xatırladaq ki, bu il ABŞ-də təşkil edilən Amerika Kubokunda futbolçularla fanatlar arasında dava düşmüşdü. İnsident yarımfinalın iyulun 11-də keçirilən Uruqvay – Kolumbiya oyununda (0:1) baş vermişdi. Sərxoş kolumbiyalı azarkeşlərin uruqvaylı futbolçuların ailə üzvlərinin olduğu sektora yaxınlaşması, qadın və uşaqların ünvanına təhqiramiz söz və ifadələr işlətməsi ciddi qarşıdurmaya səbəb olmuşdu. Matçdan sonra uruqvaylı hücumçu Darvin Nunyes ilə onun bəzi oyundaşları yaxınlarının müdafiəsinə qalxaraq birbaşa tribunaya çıxmış və fanatlarla əlbəyaxa olmuşdular.
KONMEBOL-un Nizam-İntizam Komitəsi Nunyes, Bentankur, Matias Olivera, Ronaldo Arauxo və Xose Ximenesə biroyunluq cəza kəsdiyi üçün uruqvaylı futbolçular Paraqvay ilə seçmə oyunda meydana çıxa bilmədilər. Ciddi itkilər rəqibin işinə yaradı və qolsuz “sülh” Marselo Byelsanın komandasının 3 oyunluq qələbəsinin qırılmasını rəsmiləşdirdi. Buna baxmayaraq, Uruqvay mövqeyini qorudu. Montevideodakı matçın Suares üçün əlamətdar olduğunu da qeyd edək. Məşhur hücumçu 37 yaşında Uruqvay yığmasında sonuncu – 143-cü dəfə meydana çıxdı. Milli formada 69 qol vuran və 39 məhsuldar ötürmə edən Luisin “selesta”nı göz yaşları içində tərk etməsinə tribunalar emosional və gurultulu alqışlarla reaksiya verdi.
Nəhayət, Braziliya yığması seçmə turnirdə 3 oyunluq məğlubiyyət və 4 oyunluq qələbəsiz seriyalara son qoya bildi. Beşqat dünya çempionu 6 turdan sonra 6-cı yerdə idi... Dorival Juniorun komandası öz meydanında Ekvadora minimal hesabla qalib gəldi. Rodriqonun vurduğu yeganə qol Braziliyanı 4-cü yerə çıxardı.
Seçmə turniri çox yaxşı keçirən Kolumbiya Peru ilə səfər matçında cari tsikldə az qala ilk dəfə uduzacaqdı. 68-ci dəqiqədə hesabı açan ev sahibləri ilk qələbəyə yaxın olsalar da, Luis Diasın sona yaxın vurduğu qol komandasını məğlubiyyətdən xilas etdi. Mövsümün əvvəlində əla formada olan “Liverpul”un hücumçusunun premyer-liqanın “Mançester Yunayted” (3:0) və “Brentford” ilə (2:0) oyunlarını da nəzərə almaqla ardıcıl 3-cü matçda qapıya yol tapdığını da qeyd edək. Luisin məhsuldar oyunu milli komandasının 3-cü yerdə möhkəmlənməsini təmin etdi.
Cənubi Amerika
qrup mərhələsi, 7-ci tur
Uruqvay – Paraqvay 0:0
Uruqvay: Roçet, Olasa (Sarakki, 77), S.Kaseres, Mariçal (Bueno, 46), Nandes, Valverde, Uqarte (E.Martines, 79), B.Rodriges (F.Torres, 83), M.Arauxo, Pelyistri (C.Olivera, 59), Suares.
Paraqvay: Q.Fernandes, Q.Qomes, Velaskes, Alonso, Alderete, Almiron (K.Romero, 82), Kubas (Vilyasanti, 56), Enkiso, Bobadilya (Viera, 82), D.Qomes (R.Sosa, 82), Pitta (Arse, 61).
Vərəqələr: Q.Qomes, 20. Kubas, 34. Valverde, 37. Bueno, 79. Nandes, 84. Suares, 85 - sarı.
Hakim: Dario Errera (Argentina).
6 sentyabr. Montevideo.
Braziliya – Ekvador 1:0 (1:0)
Braziliya: Alisson, Danilo, Markinyos, Gilyerme Arana (Vendell, 74), Qabriel Maqalyans, Bruno Gimaraynş (Jerson, 62), Lukas Paketa (Lukas Moura, 74), Andre (Joao Qomes, 85), Vinisius Junior, Rodriqo, Luis Enrike (Estevao, 62).
Ekvador: Qalindes, Estupinyan (Medina, 85), Feliks Torres, Paço, İnkapye, X.Mendes (Qrueso, 46), Franko, M.Kaysedo, Valensiya (Yeboa, 68), Sarmyento (Paes, 46), K.Rodriges (Merkado, 68).
Qol: Rodriqo, 30.
Vərəqə: Lukas Moura, 78 - sarı.
Hakim: Fakundo Telyo (Argentina).
6 sentyabr. Kuritiba.
Peru – Kolumbiya 1:1 (0:0)
Peru: Qalyese, Sambrano, Advinkula, Kalyens (Abram, 82), Arauxo, M.Lopes, Tapya, Kartaxena (Polo, 90+4), Penya (Arçimbaund, 82), Lapadula (Reyna, 81), Valera (Ormenyo, 88).
Kolumbiya: K.Varqas, Moxika, Lusumi, Kuesta (Mina, 46), Munyos, Lerma, Aryas (Asprilya, 72), Rios, Kordoba (Duran, 72), Sinisterra (Xames Rodriges, 46), L.Dias.
Qollar: Kalyens, 68 (1:0). L.Dias, 82 (1:1).
Vərəqələr: Sinisterra, 27. Mina, 89 - sarı.
Hakim: Esteban Ostoyiç (Uruqvay).
6 sentyabr. Lima.
Turun digər oyunlarının nəticələri: Boliviya – Venesuela 4:0 (R.Vaka, 13. Alqaranyas, 45+5-p. Terseros, 46. Monteyro, 89), Argentina – Çili 3:0 (Makallister, 48. Alvares, 84. Dibala, 90+1).
1. Argentina 7 6 0 1 11-2 18
2. Uruqvay 7 4 2 1 13-5 14
3. Kolumbiya 7 3 4 0 7-4 13
4. Braziliya 7 3 1 3 9-7 10
5. Venesuela 7 2 3 2 6-7 9
6. Ekvador (-3) 7 3 2 2 5-4 8
7. Paraqvay 7 1 3 3 1-3 6
8. Boliviya 7 2 0 5 8-14 6
9. Çili 7 1 2 4 3-10 5
10. Peru 7 0 3 4 2-9 3
Bombardirlər: D.Nunyes (Uruqvay) – 5, De la Krus (Uruqvay), L.Dias (Kolumbiya), Messi (Argentina), Rodriqo (Braziliya) - 3.