Türkiyə çempionatında yığma fasiləsi ərəfəsində son tura cümə günü start verildi.
“Fənərbaxça”nın həm “Alanyaspor”la, həm də Fatih Təkkə ilə öz haqq-hesabı var idi. Ötən mövsüm “Alanyaspor” Kadıköydən xalla dönmüş (2:2) və çempionluq yolunda İstanbul nəhənginə zərbə vuran nadir komandalardan biri olmuşdu. Eləcə də buna qədər Fatih Təkkənin komandaları superliqada “Fənər”ə qarşı 3 səfər matçının heç birində uduzmamışdılar. Amma Antalya təmsilçisi bu dəfə Təkkənin rəhbərliyi altında meydanda heç bir varlıq göstərə bilmədi. Joze Mourinyonun komandası Tadiçin dublu və bu mövsüm 8-ci rəsmi oyunda 8-ci dəfə fərqlənən Cekonun sayəsində inamlı qələbə qazandı. Ötən mövsümü də nəzər alsaq, “Fənər” superliqada ardıcıl 4-cü ev oyununda qol buraxmadan qələbə qazandı. Bu, komandanın 2011-dən bəri ən yaxşı seriyasıdı.
Şənbə günü “Konyaspor”la “Kayserispor”un dueli qolsuz başa çatdısa, “Kasımpaşa” Rizədə qalib gəlməklə mövsümdə ilk qələbəsini qazandı. Debütantların duelində “Göztəpə” “Bodrum”dan üstün oldu. İzmir təmsilçisi bununla da elitada 18 oyunluq qələbəsiz seriyaya son qoydu! “Yanq Boyz”a qarşı uğursuzluqdan sonra ciddi tənqid atəşinə tutulan “Qalatasaray” bu tur Adanaya səfər etmişdi. Okan Burukun Nelssonu ehtiyatda saxlayaraq müdafiənin mərkəzində 19 yaşlı Metehan Baltacıya debüt fürsəti yaratması gözlənilməz oldu. Amma onun bu addımı özünü doğrultdu. 9-cu dəqiqədə məhz Metehanın uzun ötürməsindən sonra təcrübəsiz qapıçı Dəniz Dönməzər topun istiqamətini düzgün müəyyənləşdirə bilmədi və Kərəm hesabı açdı. Həvəsdən düşən meydan sahibləri sonrakı 28 dəqiqə ərzində daha 3 top buraxdılar və ikinci hissəyə intriqa qalmadı. 3-cü qolda da çıxışda səhvə yol verən 15 yaşlı qapıçı Dənizin zəif performansı böyük müzakirələrə səbəb oldu. “Adana Dəmirspor” məhz bu qapıçı ilə 1-ci turda səfərdə “Fənərbaxça”dan cəmi bir qol buraxdığı halda, bu dəfə pərən-pərən düşdü. İkinci hissə də hadisələrlə zəngin oldu. Komandalar hərəyə bir qol vurdular və qapıçılar hərəyə bir penalti dəf etdilər. Batşuayinin sevinməsinə mane olan Dəniz 15 yaş 345 günlüyündə superliqa tarixində penalti dəf edən ən gənc qapıçı oldu! “Cim-Bom” üçün yeganə qanqaraldıcı məqam İkardinin artıq ilk yarıda əzələsini dartaraq əvəzlənməsi oldu. Adana klubu superliqada ardıcıl 5-ci ev oyunundan məğlubiyyətlə ayrılaraq tarixinin ən pis göstəricisini təkrarladı. “Qalatasaray” isə superliqada ardıcıl 11-ci səfər oyununda qalib gəlməklə şəxsi rekordunu yenilədi! Bu göstəricidə çempionatın rekordu (12) “Fənərbaxça”ya aiddi. Onu da bildirək ki, “Qalatasaray” 2018-dən bəri ilk dəfə superliqada mövsümə ardıcıl 3 qələbə ilə başlayıb.
Tura bazar günü keçirilən 4 qarşılaşma ilə yekun vuruldu. “İstanbul BŞ” Aleksin çalışdırdığı “Antalyaspor”la oyunda 2 top geriyə düşsə də, mükəmməl geridönüşə imza atdı. “Hatayspor”u darmadağın edən “Samsunspor” ardıcıl 2-ci səfər oyununda qol buraxmadan qalib gəldi. Abdulla Avcı ilə yollarını ayıran və bu tur meydana İhsan Dərəlioğlunun rəhbərliyi altında çıxan “Trabzonspor” səfərdə debütant “Eyüpspor”un müqavimətini qıra bilmədi. Trabzon təmsilçisi 2014-dən bəri ilk dəfə mövsümün ilk iki oyununda qola həsrət qaldı. Komanda ilk turda Sivas səfərindən də qolsuz bərabərliklə dönmüşdü. “Eyüpspor” isə son 10 ildə ilk 4 turu məğlubiyyətsiz başa vuran birinci debütant oldu. Sonuncu dəfə bunu 2014/15-də “İstanbul BŞ” bacarmışdı. Mövsümə fırtına kimi başlayan “Beşiktaş” oyunu və nəticələri ilə fanatlarını sevindirməkdə davam edir. “Qartal”ın budəfəki qurbanı “Sivasspor” oldu. Fernandeş ardıcıl 3-cü rəsmi oyunda fərqlənərək bu mövsüm vurduğu qolların sayını 4-ə çatdırdı. Halbuki onun indiyə qədər 4-dən çox qol vurduğu mövsüm olmayıb. “Beşiktaş” 2013/14-dən bəri ilk dəfə superliqada mövsümə ardıcıl 3 qələbə ilə başladı.
4-cü tur
Adana Dəmirspor – Qalatasaray 1:5
Qravilyon, 79-p. – Kərəm Aktürkoğlu, 9. Semih Gülər, 18-öz qapısına. Barış Alpər Yılmaz, 31. Mertens, 37. Əbdülkərim Bardakcı, 60.
Qalatasaray: Muslera, Kaan Ayhan (Efe Akman, 82), Əbdülkərim Bardakcı, Metehan Baltacı, Yelert, Torreyra (Bərkan Kutlu, 71), Kərəm Dəmirbay, Barış Alpər Yılmaz (Yusuf Dəmir, 82), Mertens, Kərəm Aktürkoğlu (Yunus Akgün, 70), İkardi (Batşuayi, 25).
Fənərbaxça – Alanyaspor 3:0
Tadiç, 43; 65. Ceko, 67.
Fənərbaxça: Livakoviç, Mərt Müldür, Çağlar Söyüncü, Ciku (Bekao, 61), Oostervolde, İsmayıl Yüksək, Fred, Tadiç (Cenk Tosun, 83), Şimanski (Mərt Hakan Yandaş, 83), Sen-Maksimen (İrfan Can Kahveci, 61), Ceko (Ən-Nəsiri, 73).
Beşiktaş – Sivasspor 2:0
İmmobile, 27-p. Fernandeş, 89.
Beşiktaş: Mərt Günok, Svensson, Paulista, Uduoxay, Masuaku, Əl-Musrati (Ndur, 73), Fernandeş, Raşitsa (Onur Bulut, 90+2), Rafa Silva (Əmirhan Topçu, 90+2), Muçi (Semih Kılıçsoy, 62), İmmobile (Mustafa Həkimoğlu, 73).
Eyüpspor – Trabzonspor 0:0
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Mendi, Densvil, Ərən Elmalı, Lundstram, Okay Yokuşlu, Draquş, Cihan Çanak (Bardi, 76), Orşiç (Poyraz Yıldırım, 87), Enis Destan (Çam, 90).
İstanbul BŞ – Antalyaspor 5:2
Fiqeyredo, 43. Dəniz Türüc, 62. Pyontek, 64; 72; 80 – Larsson, 2; 41.
İstanbul BŞ: Muhammed Şengəzər, Kemen, Həmzə Gürələr, Opoku, Lima, Berat Özdəmir (Onur Ərgün, 87), Dəniz Türüc, Pelkas (Berkay Özcan, 46), Fiqeyredo (Krespo, 83), Sərdar Gürlər (Davidson, 83), Keni (Pyontek, 46).
Çaykur Rizespor – Kasımpaşa 0:1
Ben Uanes, 6.
Göztəpə - Bodrum 2:0
Romulo, 16. Calma, 41.
Hatayspor – Samsunspor 0:3
Muya, 37. Muandilmaci, 51. Ntçam, 75.
Konyaspor – Kayserispor 0:0
1. Fənərbaxça 4 3 1 0 11-2 10
4. Qalatasaray 3 3 0 0 9-3 9
3. Beşiktaş 3 3 0 0 8-2 9
4. Eyüpspor 4 2 2 0 6-2 8
5. İstanbul BŞ 3 2 1 0 10-5 7
6. Göztəpə 4 1 3 0 5-3 6
7. Samsunspor 3 2 0 1 4-2 6
8. Kasımpaşa 4 1 2 1 6-6 5
9. Konyaspor 4 1 1 2 5-7 4
10. Sivasspor 4 1 1 2 2-4 4
11. Antalyaspor 4 1 1 1 7-11 4
12. Çaykur Rizəspor 4 1 1 2 3-8 4
13. Qaziantep 2 1 0 1 1-1 3
14. Bodrum 4 1 0 3 4-8 3
15. Trabzonspor 2 0 2 0 0-0 2
16. Alanyaspor 4 0 2 2 4-9 2
17. Kayserispor 2 0 1 1 1-2 1
18. Hatayspor 4 0 1 3 4-9 1
19. Adana Dəmirspor 4 0 1 3 4-10 1
Bombardirlər: Ceko (Fənərbaxça), Pyontek (İstanbul BŞ) – 4.
Növbəti turun oyunları sentyabrın 14-16-sı aralığında keçiriləcək: Alanyaspor – Hatayspor, Antalyaspor – Adana Dəmirspor, Bodrum – İstanbul BŞ, Qalatasaray – Çaykur Rizəspor, Kasımpaşa - Fənərbaxça, Kayserispor – Eyüpspor, Samsunspor – Konyaspor, Sivasspor – Qaziantep, Trabzonspor – Beşiktaş.
Turun rəqəmi
31 – “Fənərbaxça” Türkiyə çempionatında bir ilə yaxındı uduzmur. Ona görə müxtəlif göstəricilərdə tarixi rəqəmlər ortaya çıxır. Ötən tur səfərdəki məğlubiyyətsiz seriyanı 21 oyuna çatdırmaqla şəxsi rekordunu təkrarlayan İstanbul nəhəngi bu dəfə başqa göstəricidə rekordunu təkrarladı. Belə ki, “Fənər”in superliqada məğlubiyyətsiz seriyası 31 oyuna çatdı (24 qələbə, 7 heç-heçə). “Sarı-lacivərdlilər”in daha öncə belə seriyası mart 1964 – fevral 1965 aralığında olmuşdu. Komanda çempionatda son məğlubiyyətini ötən mövsümün 10-cu turunda “Trabzonspor”la oyunda yaşayıb (2:3).
Turun ulduzu
Kşiştof Pyontek (İstanbul BŞ) – 2-ci hissədə meydana çıxaraq het-trik edən təcrübəli polşalı forvard “Antalyaspor”un hətta 1 xal qazanmaq ümidini də “dəfn etdi”. Buna qədər “İstanbul BŞ”nin heyətində sonradan meydana çıxaraq het-trik edən futbolçu olmamışdı. Türkiyə çempionatında sonuncu dəfə bunu 2022-nin martında “Trabzonspor”la oyunda “Çaykur Rizəspor”un heyətində finlandiyalı Yoel Pohyanpalo bacarmışdı. Bu, Pyontekin Türkiyə karyerasındakı ikinci het-trikdi. O ötən mövsüm Konya səfərində də 3 qol vurmuşdu. Maraqlıdı ki, 29 yaşlı hücumçunun həmin vaxt da hər üç qolu ikinci hissəyə təsadüf etmişdi.
Turun sitatı
Öndər Dönməzər, “Adana Dəmirspor”un 15 yaşlı qapıçısı Dəniz Dönməzərin atası: