“Zirə” avrokuboklara “əlvida” dedi. İki oyunun nəticəsinə görə “Omoniya” mərhələ adladı.
İdarəçiliklə bağlı AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədovun fikirlərini öyrəndik:
“Matçı Latviyadan olan hakimlər briqadası idarə edirdi. Vitali Spasyonnikovun qərarlarında böyük problem olmadı. Komandalar necə oynayırdısa, hakim də elə idarə edirdi. Bu cütün taleyi artıq ilk oyundan sonra məlum idi. Buna görə də "Omoniya"nın oyunçuları sanki özlərini qoruyurdular, yəni elə bir canfəşanlıq etmirdilər. Buna görə kobud oyun tərzi də görmədim. "Zirə"nin futbolçuları “qapını möhkəm çırpmaq” istəyirdi. Hər halda, qələbə qazanmaq üçün çox çalışırdılar və buna da nail oldular. Hakimin oyunun axarında mənfi bir rolu olmadı. Çox vərəqə verməməyə çalışırdı. O da başa düşürdü ki, cütün taleyi birinci oyunda həll olunub, "Zirə" ölkə çempionatına köklənib. Vərəqə verməklə oyundakı atmosferi korlamaq istəmirdi”.
RÖYANƏ OĞUZ