Avqustun 17-də A seriyasının 2024/25 mövsümünə start verildi. İlk oyun günündə qeydə alınan 4 heç-heçədən ikisinə Milan klublarının razılaşması diqqəti daha çox cəlb etdi.
Yazda finişə 5 tur qalmış tarixində 20-ci skudettonu rəsmiləşdirən “İnter” üçün Genuyaya növbəti səfər də çətin keçdi. Milanlılar yeni mövsümün ilk oyununda topa daha çox sahib olub hücuma meyl etsələr də, hesabı standart vəziyyətdən sonra ev sahibləri açdılar. Amma ölkə çempionu 10 dəqiqə sonra Türam ilə cavab qolunu vurdu. Simone İnzaqinin komandası fasiləyə qədər daha iki qol vura bilərdi.
Türamın zərbəsinin qarşısını Qollini aldı, Dimarkonun zərbəsindən sonra isə Badel topun boş qapıdan keçməsinə mane oldu. İkinci hissəyə də hücumlarla başlayan qonaqların müdafiəçisi Dimarkonun vurduğu qol ofsayd üzündən hesaba alınmadı. Uzun müddət genuyalıların sıx müdafiəsini yarmaqda çətinlik çəkən milanlılar Türamın sayəsində hesabda önə keçdilər. “Cenoa” dərhal hücuma atılaraq məğlubiyyətdən qurtulmaq üçün əlindən gələni etdi və finiş ərəfəsində istəyinə çatdı: Bissekin əllə oynamasına görə təyin olunan penaltini Zommer dəf etsə də, Messiasın növbəti zərbəsi uğurlu alındı – 2:2.
Milan şəhərinin eyniadlı təmsilçisi də mövsümü məhsuldar “sülh”lə açdı. Halbuki vitse-çempiondan “Torino” ilə ev oyununda yalnız qələbə gözlənilirdi. Paulo Fonsekanın “Milan”ın baş məşqçisi kimi rəsmi debütü az qala uğursuz nəticələnəcəkdi. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk yarısı Tiavın topu öz qapısına yönəltməsinə görə qonaqların minimal üstünlüyü ilə nəticələndi.
Fasilədən sonra ev sahiblərinin qurduğu hücumlar “dişsizliyi” ilə yadda qaldı. Vəziyyət yalnız Morata meydana çıxandan sonra dəyişdi. İspaniyalı hücumçu yeni komandasında debütünü 89-cu dəqiqədə qolla qeyd etdi. Fərqin azalmasından ruhlanan milanlıların əzmkarlığı son saniyələrdə bəhrə verdi: Okafor komandasını məğlubiyyətdən, Fonsekanı isə daha böyük tənqidlərdən xilas etdi.
Son mövsümü 5-ci yerdə başa vurmaqla Çempionlar Liqasına vəsiqə qazanan “Bolonya”nın yeni baş məşqçi Vinçentso İtalyano ilə keçirdiyi ilk matçda da qalib gələn olmadı. “Udineze” ilə ev oyununun ikinci yarısında vurulan qarşılıqlı qollar 1:1 hesablı “sülh”ü rəsmiləşdirdi.
Paytaxt klubları yeni mövsümə fərqli nəticələrlə başladılar. “Roma”nın Kalyariyə səfəri çətin alındı. Qeyd edək ki, indi meydan sahiblərini artıq məşqçi karyerasını başa vuran Klaudio Ranyerinin yerini tutan Davide Nikola çalışdırır. Onun yeni komandası romalılara qarşı cəsarətlə mübarizə apardı. Tərəflər sonda qolsuz heç-heçəyə razılaşdılar. Paytaxtın digər təmsilçisi isə startda qələbə qazandı. “Latsio”dan ayrılan İqor Tudora xələf olan Marko Baroni ilk rəsmi sınağını “Venetsiya”ya qarşı verdi. A seriyasına qayıdan qonaqlar erkən qolla hesabı açsalar da, romalılar fasiləyə qədər məğlub durumdan qalibə çevrilməyi bacardılar. Sona yaxın daha bir qol vuran “Latsio” ilk iki oyun günündə qalib gələn iki komandadan biri oldu.
Azarkeşlərini bazar günü qələbə ilə sevindirən digər komanda isə “Verona”dı. Sözün düzü, “Napoli”nin eyniadlı şəhərə səfərdən əliboş dönəcəyi o qədər də gözlənilmirdi. 2022/23 mövsümündə İtaliya çempionu olan komanda yeni “futbol ili”nə Antonio Kontenin başçılığı ilə başlayıb. Amma müxtəlif klublarla 4 dəfə skudettonu qazanan 55 yaşlı mütəxəssisin üç ildən sonra vətəninə dönüşü uğursuz alındı. Neapolluların oyuna ikili münasibəti ilə yadda qaldığını qeyd edək. İlk hissədə yaxşı görünən Kontenin komandası nədənsə fasilədən sonra rəqibə və matça bir qədər etinasız, saymazyana yanaşdı. Veronalılar isə istəkli oyunu ilə cənubluları üç cavabsız qolla darmadağın etdilər. Beləlklə, Kontenin avrokubokların cari mövsümündə iştirak etməyən “Napoli”dəki debütü fiasko ilə nəticələndi.
1-ci tur
Cenoa - İnter 2:2
Volyaçço, 20. Messias, 90+5 – Türam, 30; 85. (33300)
İnter: Zommer, Dimarko (Auqusto, 75), Bastoni, Açerbi, Bissek, Darmian (Dyumfris, 66), Barella, Mxitaryan (Frattezi, 66), Çalhanoğlu (Taremi, 75), Lautaro Martines (Asllani, 85), Türam.
Milan - Torino 2:2
Morata, 89. Okafor, 90+5 – Tiav, 30-öz qapısına. Sapata, 68. (70742)
Milan: Menyan, Salemakers, Tiav, Tomori, Kalabriya (Okafor, 83), Bennaser (Reynders, 59), Loftus-Çik, Leao, Pulişiç (Musa, 73), Çukvueze (Ernandes, 60), Yoviç (Morata, 60).
Parma - Fiorentina 1:1
Man, 22 – Biraqi, 75. (21384)
Fiorentina: P.Terraçano, Komutso (Kayode, 73), Lukas Martines (Parizi, 60), Ponqraçiç, Biraqi, Amrabat, Mandraqora (Byanko, 73), Dodo, Kuame (Sottil, 80), Kolpani (İkone, 60), Ken.
Bolonya - Udineze 1:1
Orsolini, 57 – Canetti, 68. (26418)
Bolonya: Skorupski, Likoyannis (Miranda, 84), Erliç, Beukema, Poş, Fröyler, Moro (Kambyaqi, 76), Ndoy (Odqor, 89), Fabbian, Orsolini (Ebişer, 76), Kastro (Dallinqa, 84).
Kalyari - Roma 0:0
(16261)
Roma: Svilar, Anxelinyo, Ndika, Mançini, Çelik, Kristante, Le Fe (Baldantsi, 61), Zalevski (Dibala, 69), Lorentso Pelleqrini, Sule (Əl-Şaaravi, 90), Dovbik (Abraham, 90).
Latsio – Venetsiya 3:1
Kastelyanos, 11. Zakkanyi, 44-p. Altare, 81-öz qapısına – Andersen, 3.
Latsio: Provedel, Maruşiç, Romanyoli, Kazale, Latsari, Dele-Başiru, Rovella (Vesino, 65), Genduzi (Kastrovilli, 87), Zakkanyi (Çauna, 77), Noslin (İsaksen, 77), Kastelyanos (Pedro, 87).
Verona – Napoli 3:0
Roşa Livramento, 50. Moskera, 75; 90+4.
Napoli: Meret, Juan Jezus (Nqonq, 79), Rrahmani, Di Lorentso, Spinatsola (Olivera, 52), Matsokki, Zambo Angissa, Lobotka, Kvaratsxeliya (Raspadori, 45+4), Politano, Simeone (Şeddira, 79).
Empoli – Montsa 0:0
(7746)
Leççe – Atalanta 0:4
Breşianini, 35; 66. Reteqi, 45; 57-p.
Yuventus – Komo 3:0
Mbanqula, 23. Vea, 41. Kambyaso, 90+1.
Növbəti turun oyunları avqustun 24-26-sı aralığında keçiriləcək: Parma – Milan, Udineze – Latsio, İnter – Leççe, Montsa – Cenoa, Fiorentina – Venetsiya, Torino – Atalanta, Napoli – Bolonya, Roma – Empoli, Kalyari – Komo, Verona – Yuventus.
Turun rəqəmi
5 – nəhayət, startda “İnter”i büdrədən tapıldı. Əvvəlki 5 mövsümə qələbə ilə başlayan milanlıların seriyası Genuyada qırıldı. Maraqlıdı ki, İtaliya çempionu “Cenoa” ilə ardıcıl üçüncü səfər oyununda heç-heçəyə razılaşdı.
Turun ulduzu
Daniel Moskera (Verona) – A seriyasında bundan yaxşı debütü arzulamaq olmazdı. “Verona”ya bu yay “Atletiko Bukaramanqa”dan transfer edilən Moskera “Napoli”yə qarşı nəticəyə çox təsir edən oyun sərgilədi. O, meydana çıxarkən komandası minimal hesabla öndə idi. Qazona ayaq basandan bir neçə saniyə sonra İtaliya çempionatında qol hesabını açan kolumbiyalı hesabı bərabərləşdirməyə çalışan rəqibə psixoloji zərbə vurdu. Bu, azmış kimi 24 yaşlı hücumçu final fiti ərəfəsində neapolluların darmadağınını da rəsmiləşdirdi.
Turun sitatı
Antonio Konte, “Napoli”nin baş məşqçisi: