A seriyasında 10-cu turun Milanda və Neapoldakı matçlarını izləməyə dəyərdi.
Məhz bu oyunlar liderlik uğrunda mübarizəyə böyük təsir gücünə malik idi. Nəticə daha çox “İnter”in istədiyi kimi oldu. Simone İnzaqinin komandası çətin qələbə ilə liderliyini qorudu.
“Qara-göylər” doğma arenada “Roma”nın müdafiə xəttini yarmaq üçün heç də enerji sərf etmədilər. Qeyd edək ki, paytaxt komandası zədəli oyunçuların çoxluğuna görə Milandakı matça qeyri-optimal heyətlə çıxmışdılar. “Canavarlar” cəzalı olduğu üçün Joze Mourinyodan oyunun gedişində heç bir göstəriş ala bilmədilər. Bu çətinliklərin fonunda qonaqların yalnız top buraxmamaq haqda düşünməsi təbiidi. “Roma” ilk hissədə rəqib qapısına bir zərbə belə endirmədi. Ev sahibləri isə hesabı erkən aça bilərdilər. Həmin epizodda Çalhanoğlunun zərbəsindən sonra top tirə dəydi. Türamın zərbəsinə isə Patrisio əla reaksiya verdi. Milanllılar bir neçə məqamda qapıya dəqiq zərbə endirməkdə çətinlik çəksələr də, Türam 81-ci dəqiqədə tilsimi qırdı. Dimarkonun ötürməsini qola çevirən fransalı hücumçu “İnter”in 1-ciyerdə qalmasını təmin etdi.
Turun Neapolda baş tutan mərkəzi oyunu daha baxımlı alındı. “Napoli” topa daha çox nəzarət etsə də, Rudi Qarsiyanın komandasında zədə üzündən uzun müddətə sıradan çıxan aparıcı hücumçu Osimhenin yoxluğu aşkar görünürdü. Bunun fonunda“Milan” hücum xəttində konkret addımları ilə əhəmiyyətli üstünlük qazandı. Jiru Pulişiç ilə Kalabriyanın asmasına əla reaksiya verməklə komadasını 2:0 hesabıyla önə keçirdi. Fasilə ərəfəsində Reynders ilə Leaonun da qol vurmaq imkanı oldu.
Qarsiya ikinci hissəyə üç yeni oyunçu ilə başlamağı lazım bildi. Belə gediş onun komandasına matçda dönüş yaratmaq imkanı verdi. Son çempion Politano ilə Raspadorinin qolları ilə hesabı bərabərləşdirməyə nail oldu. Neapollular bununla kifayətlənməyib hücumları bir qədər aşağı templə də olsa davam etdirdilər. Amma rəqiblərin qalan vaxtda müdafiədə daha diqqətli oynamağa çalışdıqları da hiss olunurdu. Azarkeşlər bi də son dəqiqələrdə böyük həyəcan yaşadılar. Kalabriya 7 metrdən hədəfə düşə bilmədi, Kvaratsxeliya isə Menyanla dueli uduzdu. Beləliklə, əvvəlki turda “Yuventus”a uduzmaqla liderliyi əldən verən “Milan” turnir cədvəlində daha bir pillə gerilədi.
Çünki “Yuventus” evdə “Verona”dan gözlənilən 3 xalı alaraq 2-ci yerə yüksəldi. Massimiliano Alleqrinin komandası oyunboyu rəqibin təşkilatlanmış müdafiəsini yarmaqda çətinlik çəkdi. Doğrudu, Kenin vurduğu iki qol müxtəlif səbəblərdən hesaba alınmadı. Nəhayət, son saniyələrdə Kambyaso “Alyants Stedium”a sanki bomba saldı.
10-cu tur
Yuventus – Verona 1:0
Kambyaso, 90+7.
Yuventus: Şçensnı, Qatti, Bremer, Ruqani (Yıldız, 87), Kostiç (Kambyaso, 62), Lokatelli, Rabyo, Makkenni, Vea (Miretti, 46), Ken (Kyeza, 62), Vlahoviç (Milik, 82).
İnter – Roma 1:0
Türam, 81.
İnter: Zommer, Açerbi, A.Bastoni, Pavar (Darmian, 46), Dimarko (Auqusto, 83), Dyumfris (De Vrey, 85), Barella, Çalhanoğlu (Frattezi, 75), Mxitaryan (Asllani, 75), Lautaro Martines, Türam.
Roma: Patrisio, Ndika, Lyorente, Mançini, Zalevski (Çelik, 75), Bove (Auar, 84), Kristante, Kristensen, Paredes (Azmun, 89), Əl-Şaaravi (Belotti, 84), Lukaku.
Napoli – Milan 2:2
Politano, 50. Raspadori, 63 – Jiru, 22; 31.
Napoli: Meret, Ruy (Olivera, 46), Natan, Rrahmani (Estiqor, 46), Di Lorentso, Zyelinski (Zambo Angissa, 77), Lobotka, Elmas (Simeone, 46), Kvaratsxeliya, Politano (Zanoli, 83), Raspadori.
Milan: Menyan, Ernandes, Tomori, Kalulu (Marko Pelleqrino, 19/Florentsi, 86), Kalabriya, Reynders, Kruniç, Musa, Leao (Yoviç, 81), Pulişiç (Romero, 46), Jiru (Okafor, 81).
Cenoa – Salernitana 1:0
Qudmundsson, 35.
Sassuolo – Bolonya 1:1
Boloka, 44 – Zirkzee, 3.
Leççe – Torino 0:1
Buoncorno, 41.
Kalyari – Frozinone 4:3
Oristanio, 72. Makumbu, 76. Pavoletti, 90+4; 90+6 – Sule, 23; 37. Breşianini, 49.
Montsa – Udineze 1:1
Kolpani, 27 – Lukka, 67.
Empoli – Atalanta 0:3
Latsio – Fiorentina 1:0
1. İnter 10 8 1 1 25-5 25
2. Yuventus 10 7 2 1 16-6 23
3. Milan 10 7 1 2 18-11 22
4. Atalanta 10 6 1 3 18-8 19
5. Napoli 10 5 3 2 22-12 18
6. Fiorentina 10 5 2 3 18-14 17
7. Latsio 10 5 1 4 13-12 16
8. Bolonya 10 3 6 1 11-8 15
9. Roma 10 4 2 4 20-13 14
10. Montsa 10 3 4 3 9-9 13
11. Leççe 10 3 4 3 10-12 13
12. Frozinone 10 3 3 4 15-17 12
13. Torino 10 3 3 4 7-12 12
14. Cenoa 10 3 2 5 11-14 11
15. Sassuolo 10 3 2 5 13-17 11
16. Verona 10 2 2 6 6-12 8
17. Udineze 10 0 7 3 6-14 7
18. Empoli 10 2 1 7 3-19 7
19. Kalyari 10 1 3 6 9-21 6
20. Salernitana 10 0 4 6 6-20 4
Bombardirlər: Lautaro Martines (İnter) - 11, Jiru (Milan), Osimhen (Napoli) - 6.
Növbəti turun oyunları noyabrın 3-6-sı aralığında keçiriləcək: Bolonya - Latsio, Salernitana - Napoli, Atalanta – İnter, Milan - Udineze, Verona - Montsa, Kalyari – Cenoa, Roma - Leççe, Fiorentina – Yuventus, Frozinone – Empoli, Torino - Sassuolo.
Turun rəqəmi
1 – Kalyaridə əsl futbol trilleri yaşandı. Eyniadlı komanda ilk 50 dəqiqə ərzində “Frozinone”dən 3 qol buraxarkən çoxları növbəti məğlubiyyətin qaçılmaz olacağı haqda düşünməyə başlamışdı. Lakin sardiniyalılar 72-ci dəqiqədə qollardan birinin əvəzini çıxandan sonra qarşısıalınmaz komandaya çevrildilər. Hakimin final fitinə qədər dayanmaq bilməyən ev sahibləri daha 3 qol vuraraq bu mövsüm ilk qələbəsini qazandılar. Superəzmkarlığı Klaudio Ranyerinin komandasını sonuncu yerdən qurtardı.
Turun ulduzu
Olivye Jiru (Milan) – fransız futbolçu turun mərkəzi oyununda, xüsusilə ilk hissədə əla çıxış etdi. Jiru ilk hissədə ardıcıl iki qol vurdu. Məhz onun dəqiq baş zərbələri çətin Neapol səfərində “Milan”a xal qazandırdı. Maraq üçün qeyd edək ki, 37 yaşlı hücumçu bunadək klubda və Fransa yığmasında keçirdiyi ardıcıl 11 oyunda rəqib qapılarına yol tapa bilməmişdi.
Turun sitatı
Joze Mourinyo, “Roma”nın baş məşqçisi: “Həlledici məqamda yorğunluq komandamıza mənfi təsirini göstərdi. “İnter”lə matça hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Bununla belə, futbolçularımız əllərindən gələni etdilər. Təəssüf ki, uduzduq. Fikrimcə, stadiona gələnlərin böyük əksəriyyəti matçın heç-heçə sona çatacağını düşünürdü. “Roma” bütün çətinliklərinin öhdəsindən sakitcə gəlməyə çalışırdı. Qol epizodunda daha diqqətli oynaya bilərdik. Təəssüf ki, oyunçulara hörmət edilmir. Hakim Fabio Mareskanın Ndika ilə Mançiniyə qarşı münasibəti çox şeydən xəbər verir. Biz Milana heyətimizin yarısı ilə gəlmişdik. Liqanın rəhbərliyi belə vəziyyətdə bizə “hədiyyə” etməyi lazım bilmişdi: Avropa Liqasının oyunundan sonra bazar ertəsi yox, bazar günü meydana çıxmalı olduq...”
Oyundan sonra
Stefano Pyoli, “Milan”ın baş məşqçisi: “Buraxdığımız ilk qol bizim böyük səhvimizin nəticəsi idi. Ona görə ki, rəqibə oyuna dönmək imkanı vermişdik. Oyun ərzində yaratdığımız çox sayda epizodların fonunda yalnız iki qol vurmağımız azdı. Evə bir xalla dönmək bizim üçün məyusluq deməkdi. Hesabda 2:0 önə keçirsənsə, qələbə qazanmaq lazımdı. Yox, matçın gedişində heç də fəallığı azaltmadıq. Sadəcə, ilk hissə ilə müqayisədə fasilədən sonra meydanda az dominantlıq etdik. Bizim qələbə qazanmaqla bağlı ambisiyalarımız var. Onu da yaxşı bilirik ki, titulu qazanmağa qadir daha 3-4 komanda var”.
Simone İnzaqi, “İnter”in baş məşqçisi: “Roma” çox yaxşı müdafiə olundu. Bu tip oyunlarda uzun müddət hesabı aça bilməyəndə problemlər ortaya çıxa bilər. Lakin komandamız şəraitə uyğun hərəkət etdi: səbirli və dəqiq oyun nümayiş etdirdik. Lukakuya görə stadionda bir qədər fərqli atmosfer vardı? Fanatlarımız həmişə ev oyunlarında xüsusi ab-hava yaradırlar. Bu gün belə atmosferi daha çox hiss etdik. Ümumiyyətlə, rəqibin kimliyindən asılı olmayaraq, stadionumuzda həmişə sehirli mühit formalaşır”.
Massimiliano Alleqri, “Yuventus”un baş məşqçisi: “Futbol amansızdı, qələbə qazanmaq üçün 97 dəqiqə əziyyət şəkməli olduq. Qolu topun dirəyə dəyib geri qayıtmasından sonra vura bildik. Komandamız təşkilatlanmış oyunu ilə bu qələbəyə layiq idi. Əsas olan da nəticədi. Əslində Ken əvəzlənməyə layiq deyildi. Amma vurduğu iki qolun hesaba alınmamasından və sarı vərəqə almasından sonra onun gecəsinin olmadığını düşündüm. Moyze bu mövsüm fiziki və mənəvi cəhətdən çox dəyişib”.