Son iki mövsümə qədər Azərbaycanın ən güclü yerli futbolçularından sayılan Qara Qarayev karyerasının qara zolağını yaşayır.
2023-cü ilin yayında gözlənilmədən “Qarabağ”dan “Neftçi”yə keçən yarımmüdafiəçi paytaxt klubunda heç cür özünü göstərə bilmədi. Nə əvvəlki oyun səviyyəsinə qalxdı, nə də çətin durumda olan “ağ-qaralar”a liderlik keyfiyyətləri ilə fayda verdi. İndi də aydın olur ki, Qara Roman Qriqorçukun planlarına daxil deyil. Ukraynalı mütəxəssis ona özünə yeni komanda axtarmağı məsləhət görüb.
İlk turda ehtiyat oyunçular skamyasında əyləşən Qaranın adı sonrakı turlarda heç iştirak ərizəsinə də salınmadı. “Sabah”la oyundan sonra Qriqorçuk onunla bağlı sualı belə cavabladı:
“Qara həm yaxşı insan, həm də yaxşı futbolçudu. Uzun illər Azərbaycan millisinin şərəfini qoruyub, Azərbaycanın ən böyük klublarından birində çıxış edib. Onunla səmimi söhbət etmişəm. Qaraya dəfələrlə demişəm ki, onu əsas heyət oyunçusu kimi görmürəm. Əvəzedici heyətdə olması klubla futbolçu arasında olan məsələdi. Mən bu haqda şərh verə bilmərəm”.
Qara ilə “Neftçi” rəhbərliyi arasında görüş keçirildiyi də deyilir. İdarəçilər də ukraynalı çalışdırıcının onun xidmətində maraqlı olmadığını yarımmüdafiəçinin diqqətinə çatdırıblar. Bildiriblər ki, baş məşqçi onun hazırlıq səviyyəsindən narazıdı.
Yığmanın sabiq üzvünə təklif olunub ki, müqavilənin qarşılıqlı anlaşma əsasında pozulmasına razılıq versin. Belədə ona görə başqa klubdan dəvət gələrsə, heç bir kompensasiya istənilməyəcək. Hətta ona fikirləşmək üçün vaxt da verilib. Hazırda Qaraya iki klubdan təklif var, yox, “Neftçi”dən ayrılmasa, mövsümü əvəzedici heyətdə keçirə bilər.
Uzun illər “Qarabağ”da əsas heyət üzvü olan, sabit oyun göstərən futbolçunun indi belə münasibətlə üzləşməsinə haqq qazandıranlar da var, qazandırmayanlar da. Qara ilə çiyin-çiyinə “Qarabağ”ın uğurları üçün çalışmış Əfran İsmayılovun fikirlərini öyrənməyi lazım bildik:
“Qara ilə uzun müddət birgə oynamışam. İnsani keyfiyyətlərinə və futbolçu xarakterinə də yaxından bələdəm. Hazırda çox komanda istər ki, Qara kimi futbolçusu olsun. Belə qərar verilib ki, əvəzedicilərə göndərilsin. Mən orda baş məşqçi olsam, Qaraya şans tanıyaram. Çünki onun kimi oyunçu, üstəlik də azərbaycanlı futbolçu qıtlığı var. Qara kimi futbolçunun kənarda qalması üzücüdü. Amma futbolda belə hallar olur, bəzən futbolçular bu kimi hallarla rastlaşa bilir. İnanıram ki, o, boş qalmayacaq. Qarayevin nə qədər təklifləri var. Mən "Araz-Naxçıvan"da məşqçi işləyirəm, istərdim ki, bizim də Qara kimi futbolçumuz olsun. Amma o özü hansı seçimi edəcəksə, hörmətlə yanaşmaq lazımdı. Qara Çempionlar Liqasında, Avropa Liqasında oynayıb, "Qarabağ"da əsas heyətin üzvü olub. Sonra "Neftçi"yə - Azərbaycanın böyük klublarından birinə keçdi. Yaxşı seçim etdi, ancaq orda da belə vəziyyətə düşməsi məyusedicidi. Həqiqətən futbolun elə bir tərəfi var ki, heç bir futbolçu bilmir sonra başına nə gələcək. "Qarabağ" Qaranın ailəsiydi, ordan çıxıb başqa bir ailəyə keçdi. Ora öyrəşə, toparlana bilmədi. Belə şeylər olur. Fəlakət baş verməyib ki, futbolçunu adı pis çıxsın, yaxud nəsə böyük səhvi olsun. Bir dəfə azarkeşlərlə xoşagəlməz hal baş verdi. Bunu da başa düşə bilməmişdim. Bir oyunçu bu gün burda, sabah başqa klubda ola bilər. Qara Azərbaycanın hər klubuna lazım olan futbolçudu. Yaşlandıqca futbolçuda əvvəlki göstəricilər qalmır. Heç kim deyə bilməz ki, Qara 20-25 yaşında oynadığını sonradan meydanda göstərib. Bu, danılmaz faktdı. Amma bu o demək deyil ki, Qara ehtiyyatda qaldısa, futbolçu deyil. Qaranın elədiklərini "Qarabağ"dakıların heç biri etməyib. İndi açıq danışsaq, Romao, Benzya, Andrade, Yankoviç daha keyfiyyətli oyunçulardı. Qara da onlardan bir az geri qaldığına görə ehtiyyatda oturdu, yəni qeyri-adi şey olmadı. Oyunçu buna razı olmadı və başqa kluba getdi. Burdakı mühiti də götürə bilmədi. Onun kimi orta xətt oyunçusu, mən deyərdim ki, Azərbaycana gəlməyib. Baxmayaraq ki, sürəti zəif idi, meydanda top almaq, ara ötürmələri və s. Sürəti zəif olsa belə, elə ağılla oynayırdı ki... Ortada oynayan futbolçularda top almaq və top vermək xüsusiyyətləri vacibdi. Qarada bu keyfiyyətlər var. Bundan sonra inanmıram ki, Qara əvvəlki potensialını qaytara. Çünkü o yaş deyil. Amma Qara azərbaycanlı futbolçu kimi hər kluba lazımdı. Əvəzedici heyətdə qalmaq yerinə başqa klubda oynasa, daha yaxşı olar. Amma burda müqavilə məsələsi də var. Bildiyimə görə, Qara yaxşı məbləğ qarşılığında müqavilə bağlayıb. Fikirləşə bilər ki, 2 il də burda davam edib, sonra qərarlaşdıraram. Qaranın istənilən qərarına hörmətlə yanaşmalıyıq”.
RÖYANƏ OĞUZ